A A A Yazıçılar Birliyinin Moskva bölməsində QALMAQAL - Sədrdən narazılıq yaranıb
Yanvarın 27 -də Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin yığıncağı keçirilib. Bu, AYB-nin qurultayından sonra Moskva bölməsinin keçirdiyi ilk iclas olub.
AYB-nin Moskva bölməsindən Modern.az-a verilən məlumata görə, iclasda bölmənin rəhbəri Tofiq Məlikli, katiblər Nəsib Nəbioğlu, İlham Bədəlbəyli və üzvlərdən Sutan Mərzili, Rafiq Qafarov və quruma üzvlüyə yeni qəbul olunmuş Afaq Şıxlı iştirak edib.
Tofik Məlikli qurultayın işi və qurultaydan sonra seçilən AYB rəhbərliyinin fəaliyyəti haqqında məlumat verib.
Qurultayın alternativ seçki ilə olmasa da, demokratik ruhlu olduğunu qeyd edib, Məmməd İsmayılın çıxışını da buna misal çəkib.
AYB katibliyində dəyişikliklərdən, birliyin orqanı olan jurnal və qəzet rəhbərliyinə olan yeni təyinatlardan söz açıb.
1500 dən çox üzvü olan birliyə bir çox təsadüfi adamların qəbul olduğunu, onlar arasında “ölü canların”, ədəbiyyata aidiyyatı olmayan təsadüfi şəxslərin kifayət qədər olduğunu qeyd edib.
Bunun qarşısını almaq üşün AYB Moskva bölməsində qəbul komissiyası yardıldığını və üzvlüyə qəbul olunanların nəzarətinin ciddi olacağını söyləyib.
T.Məliklinin məlumatından sonra qurultayın nəticələri ətrafında çıxışlar olub.
S.Mərzili AYB-nin yeni idarə heyətinə üzv seçilmiş T.Məliklidən üzvlüyün hansı imtiyazlarına görə bu qədər ora can atanların olduğunu soruşub. Şəxsən özünün ədəbi mətbuatda iyirmi ildən artıq müntəzəm çıxışlarından, kitabı nəşr olunduqdan sonra AYB üzvlüyünə Bəxtiyar Vahabzadə və Məmməd Araz kimi tanınmış şairlərin zəmanətiylə qəbul olunduğunu söyləyib.
Onun sözlərinə görə, indiki AYB üzvlüyünə gənclərin kütləvi qəbulu da ədəbi qayğıdan daha çox, başqa məqsədlidir. S.Mərzili 46 ildir mətbuatda olduğunu, ədəbi tənqiddə, şeir və nəsr sahəsində müntəzəm fəaliyyət göstərdiyini və neçə-neçə kitabları nəzərə alınmadan qurultaya dəvət almadığını ədalətsiz sayıb.
S.Mərzili Moskva bölməsinə cəmi iki yer verildiyini söyləyən T.Məlikliyə bunun uyğun olmadığını deyərək, narazılığını bildirib. "Çünki Moskva bölməsi adından qurultaya 3-dən artıq adam getdiyi məlumdur",-deyə o, bildirib.
O, T.Məliklidən haqqında Moskva mühitində ziyalı adına, bütövlükdə diaspor adına, AYB Moskva bölməsinin adına ləkə gətirən şaiyələr gəzdiyini və uzun müddət Bakıda qalmasında əsl həqiqətin nə olduğunu açıqlanmasını istəyib.
T.Məlikli şayiələri təkzib edərək, işdən çıxıb Bakıya getməsini yorğunluğu, səhhəti və yaradıcılıq planları ilə əlaqələndirib, iş yerindən məzuniyyət götürdüyünü söyləyib.
Gah Moskvada, gah Bakıda olacağını deyən T.Məlilki, Azərbaycanda olarkən İ.Bədəlbəylinin onu əvəz edəcəyini söyləyib. S.Mərzili buna qəti etiraz edib. Onu da deyib ki, İ.Bədəlbəyli keçiruilən tədbirlərə AYB-nın cəmi 2-3 üzvünə də xəbər verməyə ərinir və ya dəvət etmir. Ona görə Moskvada yaşayan AYB üzvlərinin iştirakı ilə demokratik hesabat-seçki iclasının keçirilməsini tələb etdi.
Bu tələbdən sonra iclasda AYB Moskva bölməsində yeni idarə heyətinin seçilməsi qərara alınıb.
İclasda AYB-nin yeni üzvü Afaq Şıxllı T.Məliklinin təklifi ilə Moskva bölməsinə məsul katib təyin olunub.
Şair Nəsib Nəbioğlu çıxışında Tofiq Məliklinin fəaliyyətinə etiraz edib, ondan AYB sədri Anara söylənilən şikayət və narazılıqların haqlı olduğunu vurğulayıb. O, AYB-nin Moskva bölməsində gördüyü işə rəhbərlik tərəfindən, şəxsən T.Məliklinin heç bir qiymət vermədiyini, özünə qarşı bu münasibəti təhqir kimi qəbul etdiyini söyləyib.
Nəsib Nəbioğlu M.İbrahimov, R.Rza, Əbdül Hüseynov. T.Məlikli və İ.Bədəlbəyli haqqında məqalələr yazığını, onların şeirlərini, hekayələrini almanaxlarda, qəzet və jurnallarda çap elətdirdiyini, amma buna qarşılıq görmədiyindən incidiyini açıq söyləyib.
N.Nəbioğlu T.Məliklinin AYB-nin Moskva bölməsinin sədrliyindən yalnız özünə karyera qurmaq üçün istifadə etdiyini, onu ad və mükafatlar almaqda, ancaq başqaları üçün heç nə etməməkdə günahlandırıb.
Onun sözlərinə görə, ixtisasca türkoloq, əslində Nazimşünas olan T.Məlikli Azərbaycanın əməkdar elm xadimi adını qazanıb. Hesabat seçki yığıncağı olmayan “Ocaq” cəmiyyətinin ömürlük prezidentidir və AYB-nin Moskva bölməsinin sədridir. Qeyd edilib ki, T.Məlikli Alla Axundova, Çingiz Hüseynov, Ramiz Abutalıbov, Maya Bədəlbəyli, Abuzər Bağırov, Zümrüd Quluzadə kimi şəxsiyyətlərdən özünü üstün tutur və onları bölmədən uzaqlaşdırır. Bununla yığıncaq başa çatıb.
- Yorum yapmak için giriş yapın