Tarixi yaşadan və tarixlə yaşayan yazıçı
Oktyabr ayının 25-də Moskvada yaşayaraq yazıb-yaradan həmyerlimiz-yazıçı, kinodramaturq, tarix elmləri namizədi, şərqşünas alim Əbdül Hüseynovun 85 yaşı tamam olur.
Əbdül Ənbiyə oğlu Hüseynov 1925 – ci ilin oktyabr ayının 25-də Bakının Əmircan kəndində anadan olub.Hələ orta məktəbi bitirməmiş, könüllü olaraq müharibəyə gedib. Müharibədən qayıtdıqdan sonra bir müddət Ukraynada, Türkmənistanda işləyib, Krasnovodsk şəhərində rus dilində nəşr olunan “Krasnovodsk fəhləsi” qəzetinin baş redaktor müavini vəzifəsində çalışıb, bir jurnalist, mətbuat işçisi kimi öz qələmini sınağa çəkib.
1956-cı ildə Aşqabad dövlət universitetinin hüquq-tarix fakültəsini bitirib.1958-ci ilə qədər Türkmənistan mədəniyyət nazirinin müavini olub.1960-cı ildə Moskvaya köçüb və 1971-ci ildən diplomatik sahədə fəaliyyət göstərib. Harada olursa olsun,harada yaşayırsa yaşasın, bir gün belə bədii yaradıcılığından aralanmayıb.
Ə.Hüseynov bir tarixçi alim kimi uzun illər Türkiyədə, İranda, Monqolustanda işləyib. Bu ölkələrdə işlədiyi illərdə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı böyük axtarışlar aparıb bütünlüklə vaxtını tariximizi öyrənməyə sərf edib. Sonralar çoxsaylı tarixi qeydlərinə əsaslanan yazıçının qələmindən bir-birinin ardınca ”Mustafaxanın xəzinəsi”, “Arzamaslı qadın”, ”İslam dünyasının cəngavəri”, ”Taxta çıxan əkinçi”, ”Qan qardaşları”, ,”Cənuba yürüş”, ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Müdrik adamın arzuları”, ”Məhəbbət haqqında üç dastan”, ”Üsyankar Xaqani”, ”Xocalı fəryadı”, ”Müharibənin sədası” kimi tarixi romanlar, ümumilikdə isə otuzdan çox roman və povest, digər əsərlər çıxıb.
Hələ Sovetlər dönəmində bir sıra məşhur azərbaycanlılarla, o cümlədən, TofiqTağızadə, Eldar Quliyev, Hüseyn Seyidzadə kimi rejissorlarımızla sıx əlaqə saxlayıb, ”Sönmüş ocaqların işığı”, “Babək”, ”Koroğlu”, ”Qaynana” kimi filmlərin beynəlxalq arenaya çıxmasında müstəsna xidmətləri olub.
Rasim Ocaqovun ”Tütək səsi” filmi haqqında Amerikada nəşr olunan ”Sinema” jurnalında samballı məqaləylə çıxış edib. Uzun illər Şıxəli Qurbanov, Azad Şərif, Xaliq Koroğlu, Əjdər İbrahimov, Andrey Tarkovski, Sergey Bondarçuk, Stanislav Rostotski, Roman Karmen, Larisa Şepitko, Vladimir Motıl, Nazım Hikmət, Əziz Nesin, Fevzi Tuna, Lütvü Əhəd,Yılmaz Güney,Türkan Şoray, Qanı Turanlı və başqa sənət adamlarıyla dostluq edib.
Onun əsərləri ingilis, ispan, alman, fransız, ərəb dillərinə tərcümə edilərək Almaniyada, İranda, Monqolustanda, Türkiyədə, Bolqarıstanda nəşr edilib. Əbdül Hüseynov 400 çox elmi- publisist məqalənin, ”Türkiyədə həmkarlar hərəkatı”, ”Yılmaz Qüney-həyat və qəhrəmanlıq”, ”Türkiyənin ictimai-siyasi həyatında kütləvi informasiya vasitələrinin rolu” kimi monoqrafiyaların müəllifidir. Yazıçının yazdığı ssenarilər əsasında 7 film çəkilib.
Əbdül Hüseynov doğma vətəndən kənarda yaşasa da, ədəbiyyatımızı və mədəniyyətimizi layiqincə təmsil edib. O, XX əsr Azərbaycan nəsrində, ələlxüsus çoxsaylı tarixi romanlar müəllifi kimi özünəməxsus yer tutur. Əziz dostumuzu, qocaman yazıçımızı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və tükənməz enerji, bol-bol yaradıcılıq uğurları arzulayırıq.
Dərin hörmətlə: Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri: Tofiq Məlikli Katiblər: Nəsib Nəbioğlu, İlham Bədəlbəyli
- Yorum yapmak için giriş yapın