SULTAN MƏRZİLİ: İSİKAVA TAKUBOKU (20.02.1886 — 13.04.1912)
Isikava Takuboku yeni yapon şeirinin yaradıcısı sayılır. Yaponiyan ən sevimli şairlərindən biri olan İsikava Takuboku cəmi 27 ildən az ömür sürsə də onun şeirləri, romanları, məqalələri və gündəlikləri XX əsr yapon ədəbiyyatının qızıl fonduna daxil olmuşdur.
İsikava Takuboku Yaponiyanın uzaq şimalında yerləşən İvate əyalətində Sibutami kəndində doğulmuşdur. Atası buddist məbədində ruhani olmuşdur. Morioka qəsəbəsində məktəbdə oxuyarkən Yesano Xirosinin şeirlərinin təsiriylə özünü ədəbiyyata həsr etməyi qərara alır. Burda o “Yeni poeziya cəmiyyəti” (Sinsiya) üzvləriylə tanış olur. Bu cəmiyyətin rəhbəri Yesano Xirosi, ruhu isə onun arvadı, məşhur şair Yesano Akiko idi.
1902-ci ildə 16 yaşlı İsikava Tokioya yola düşür, amma o burdan İvateyə qayıtmalı olur. Bu vaxtlar o yeni formalı şeirlər (sintaysi) yazmağa başlayır. Bu şeirlər o zamann ən yaxşı ədəbi jurnallarından bütün Yaponiyanın oxuduğu “Yeni poeziya cəmiyyəti”nin orqanı olan “Medzö”da (“Dan ulduzu”) çap olunur. Bu yeniyetməlik ehtirasıyla yazılmış romantik şeirlər sonradan toplanaraq 1905-ci ildə “Canatma” adıyla nəşr olunur.
Bundan sonra İsikava yenə Tokioya yollanır, burda yeni bir ədəbi cərəyan olan naturalizmin nümayəndələri ilə tanış olur və o ruhda nəsr yazır. Bu zamanlarda Takuboku qəzet müxbiri kimi Xokkayado adasına gedir, lakin pulsuzluq və adada yayılan vərəm xəstəliyi onu Tokioya dönməyə məcbur edir. Romantik üslubda yazdığı şeirlərini jurnallara təklif edir, lakin onu çox az çap edirlər. “Subaru” jurnalında bir neçə dəfə çap olunur, lakin bu şeirləri sərt tənqidə məruz qalır.
Bundan sonra o yenə ənənəvi tanka janrında yazmağa başlayır. Köhnə formaya tamamilə yeni nəfəs gətirərək gündəlik həyatın kədər və iztirablı yaşantılarını qələmə alır. Bu dövrün şeirləri
1910-cu ildə “Bir ovuc qum” adıyla çap olunur. Nəhayət şairi “Asaxi Simbun” qəzetində korrektor kimi işə götürürlər və ilk dəfə olaraq maaşla işə düzəlir. 1909-cu ildə o poeziya haqqında öz təcrübəsinə əsaslanaraq yazdığı müasir poeziyanın prinsiplərini şərh edən “Yeməli şeirlər” adlı esse çap etdirir.
1912-ci ildə İsikava Takuboku dərin bir kasıbçılıq içində vərəm xəstəliyindən dünyanı tərk etmişdir. Şairin vəfatından sonra onun “Kədərli oyuncaq” adlı ikinci tanka kitabı çapdan çıxmış və yapon oxucularının sevimli kitabı olmuşdur. Orda müəllifin son illərdə və aylarda yazdığı şeirləri toplanmışdır.
İsikavanın 1909-dan başlayaraq yazdığı “Latın qrafiksında yazılmış gündəlik” Yaponiyada çox məşhurdur. Şairin ölümündən sonra bütün Yaponiyada İsikava Takubolunu sevənlər klubu yaranmış və hələ indi də fəaliyətdədir.
Beləcə sağlığında layiqli qiymətini almasa da, Takuboku İsikava ölümündən sonra nəinki Yaponiyanın, dünya poeziyasınını klassiklərindən biri kimi təsdiqini almışdır. Isikavanın şeirləri yapon minətürlərini xatırladır. Bu qısa, yığcam şeirlərdə sözə son dərəcə qənaət və ehtiyatla yanaşma var. Bir neçə cizgi ilə bitkin bir lövhə cızmaq, lirik qəhrəmanın duyğularını oxucuya ötürə bilmək poetik ustalıqdan irəli gəlir. Əksər şeirlərində həzin bir kədər süzülən şair sanki poetik duyğuları dərinlik və genişliklə zamanın damla tutumunu okean qədər genişləndirməyə can atır. Qısa ömründə əbədiyyətin yaşantısını duymağa cəhd edir. Isikavanın şeirlərində duyulan tragizm, səma əlçatmazlığıyla torpaq yaxınlığı kimidir.
Onun şeirlərinindən nümunələri Sultan Mərzilinin tərcüməsində oxuculara təqdim edirik.
YENİ PAYTAXT
Tezliklə dünyada hərb olacaq, hərb!
Səməndər quşutək odlar içindən
Qanadlanıb dərd
Dəstə-dəstə uçan gəmilər ilə
Silib şəhərləri döndərər külə!
Çox uzun sürəcək, o hərb çox uzun!
Yanıb məhv olacaq yarıdan çoxu
İnsanlardan kül və sümük qalacaq.
Sonda amma,
Sonra amma,
Eh, harda bəs sonda
Biz salarıq nə vaxt
Yeni şəhər, ya paytaxt?
Tarixin xarabalığında,
Uydurmada,
Bəlkə sevgi sorağında?
Yox-yox! Yerdə,
Yalnız burda, bu yerdə!
Bu sərhədsiz fəzaların havasında,
Bu hüdudsuz maviliyn səmasında!
AEROPLAN
Bax orda
Uca mavi səmada
Bu gün yenə uçur aeroplan.
İşdən yalvar-yaxarla
Bir gün qalan bir uşaq
Dincəlmədən çalışır
Ingilis dilini kitabdan
Öyrənmək üçün
Vərəmli anasıyla
Yaşadığı daxmada...
Çoxdandır yapışır
Ağırlaşan göz qapaqları
Yorğun gözlərinin üstündə...
Bir bax yenə, orda
Uca mavi səmada bu gün
Uçur yenə aeroplan.
Adsız şeir
***
Ey alov kimi al rəng!
Dünyamız necə şevinclidir
Al rəngə boyananda!
Çiçək, qadın və bayraq
Bir də tökülən al qan!
Intəhasız geniş çöllərədəki qürub,
Döyüşdən sonrakı dəniz dalğası!
TANKA (BEŞLİKLƏR)
*
"Yalnız bunun üçünmü
Ölmək?"
"Yalnız bunun üçünmü
Yaşamaq?"
Burax, burax bu boş söhbəti...
*
Qəlbim rahat olsun deyə!
Düşündüm gümanımda -
Elə bir iş tapasan
"Fərəhindən öləsən
Onu bitirən anda"...
*
Bir yaş damlası
Düşdü
Nəm çəkdi qumlar.
Damla yaşda
Nə boyda ağırlıq var!
*
Elə bil hardasa
Ahəstə ağlaşırlar
Cırcıramalar...
Ruhumda mənim
O cürə kədər var.
*
Ah, necə qəmlisiniz siz,
Ey cansız qumlar!
Ovcumdan qaçaraq
Astadan pıçıldaşaraq
Axırsız barmaqlarımın arasından...
*
Yüz dəfə
Sahilin qumlarına
"Böyüklük" heroqlifini yazdım
Və ölüm fikrini başımdan atıb
Yenidən evə döndüm.
*
Qumlu təpədə
Uzandım uzun zaman
Üzüm üstə,
Uzaq ağrsını xatırlayaraq
İlk məhəbbətin.
*
Göz yaşları, göz yaşları...
Sizdə nə möcüzə vardır!
Göz yaşıyla yuyulan
Qəlb,
Yenə sevincə hazırdı.
*
Ey vətən göyləri,
Sən nə uzaqsan!
Tək tənha
Ən uca dama qalxdım,
Və kədərlə endim, aşağı.
*
Uzun bir
Öpüşlə
Ayrıldıq biz.
Bayırda geçə yarıdır
Dan yeri işıqlanır.
*
Payız səması,
Bu başdam o başa bomboş...
Kölgə də görünmür heç.
Sən necə tənhasan, səma!
Kaş bir qarğa uçaydı!
*
Şimal sahilində
Dəniz qoxulu küləklər
Dəstələnib uçan yerdə
Sən yenə gül açdınmı bu il
Həmərsin kolu?!
*
Yerilə göyün arasını
Doldurub daşır
Ay işığıyla
Kədərim
Bu payız gecəsi.
*
«Demək, daha siz
Yaşamaq istəmirsiz?!» -
Soruşdu ciddi həkim.
Susdu ona,
Cavab vermədi qəlbim.
*
Yad ellərdə
Dağlar oğlu necəki
Xatırlar öz dağlarını
Eləcə qəmli-qəmli
Düşünürəm səni.
- Yorum yapmak için giriş yapın