Afaq ŞIXLI
SƏNDƏN YADIGAR
Bu gün sənlə bağlı xatirələri
Gizlədim qəlbimin dərinliyinə.
Itirdim gözümdən bütün şeyləri,
Təkcə bu dördünə qıymadım yenə:
Məni gözləyərkən sənə yar olmuş,
Qış günü özlənən bir bahar olmuş,
İndi mənim təki yanıb qor olmuş
Bir çiçək saxladım, səndən yadigar.
O görüş gecəsi sənə verdiyim,
Şirin gülüşlərlə sevindirdiyim,
Əyninə əlimlə geyindirdiyim,
Bir köynək saxladım səndən yadigar.
Hər bir sətirini baş sayacağım,
Sinəmin üstündə daşıyacağım,
Təsəllisi ilə yaşayacağım
Bir məktub saxladım səndən yadigar.
Qəlbindən nur kimi axıb süzülmüş,
Misilsiz incitək sapa düzülmüş,
Sevgimiz naminə mənə yazılmış
Bir şeir saxladım səndən yadigar.
Budur... sənlə bağlı xatirələri
Gömmüşəm qəlbimin dərinliyinə.
Olən ümidlərin boş qalıb yeri...
Bu dördlük içində tənhayam yenə...
17.10.12.
|
Məmməd İSMAYI
SƏNDƏN YADİGAR (cavab)
Sənsiz qalan dünyam - gor əzabı, gor!
Nələr çəkdiyimi çəkməyənə sor!
Ölüm gününəcən açılması zor...
Gizli sirr saxlaram səndən yadigar.
Nədir varlığımı yandırıb yaxan,
Durub nə anlayar kənardan baxan?
Zəmzəm suyu kimi ruhuma axan
Bir şeir saxlaram səndən yadigar.
Yamanlar yanılsın peşələrində,
Qalsın devin canı şüşələrində!
Qəlbimin ən mübhəm köşələrində
Sənə yer saxlaram səndən yadigar.
De, ulu göylərin yer möcüzəsi!
Adammı tapmadın sevib küsəsi?!
Mən nəkarəyəm ki, Tanrının səsi
Nə deyir, saxlaram səndən yadigar.
Döndüsə gözlüyə gözündə pərdən,
Tutaş kipriyini sıx, hərdən-hərdən.
Bəlalar gəlsə də başıma şərdən
Mən xeyir saxlaram, səndən yadigar.
Baş-ayaq oldusa əyən, əyilən
Tək qalan, təsəlli tapsın nə ilən?!
Köksümün altında ürək deyilən
Bir qəbir saxlaram səndən yadigar.
Yaşın yetmişüçü sözün boyatı,
Dərd, əzab içində boydan boyadı!
Onsuz da pir idi ŞIXLI soyadı,
Piri pir saxlaram səndən yadigar.
Eşit, ey Kərəmin Əslisi tərsa,
Sən də yar olardın haqq mənə yarsa!
Mən sən deyiləm ki…, səndən nə varsa
Birbəbir saxlaram, səndən yadigar.
17.10.2012
|
Vüqar Bayramov
Səndən yadigar (cavab)
Vəfasız həyatdır qəddimi əyən,
Yadigar saxlaram kim idi deyən,
Ən gizli duyğuma, hissimə dəyən,
Sözünü saxladım səndən yadigar.
Xaraba könlümün talanlarından,
Hər küncdə - bucaqda qalanlarından,
Seçib dənə-dənə yalanlarından,
Düzünü saxladım səndən yadigar.
Mənəmmi bifəfa, sənmi vəfasız,
Bir sevgi gördünmü dərdsiz, cəfasız,
Alışdım, kül oldum, söndüm səfasız,
Közünü saxladım səndən yadigar.
Məni bədbəxt edib, evimi yıxan,
Sən oldun, qəlbimi yandıran, yaxan.
Son dəfə geriyə boylanan, baxan,
Gözünü saxladım səndən yadigar.
Dolandın yolları gendən, xəbərsiz,
Eh! getdin, saçımda dəndən xəbərsiz,
Mən də səndən gizli, səndən xəbərsiz,
Özünü saxladım səndən yadigar.
24.01.13.
|