MAHIRƏ ƏLIYEVA
Mahirə Əliyeva Mirzəağa qızı 1964-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981-ci ildə “Bakı Neft Texnikomu”nun “ Neft və qaz emalı” fakultəsində təhsil alıb. İlk şeirini 9 yaşında qələmə alıb. Bir neçə qəzet və saytlarda şeirləri dərc olunub. Dörd şeirlər kitabının müəllifidir. “ Sevgi yarpaqları” -2009 “Sevgi yarpaqları 2” -2010 “Damla” -2011 “ Könlümə sən düşən kimi” -2014.
Uzun illər Moskvada yaşayıb. Ailəlidir, bir oğlu var.
1) Nə istəyir dünya görən
Bu dünyanın dərdi nədir,
Məqsədi nə, həddi nə?
Bilinməyən tərəfi var,
Sərhədi nə, səddi nə?
Nə istəyir dünya görən,
Qərib-qərib sirlər açır.
Mən gedirəm, o fırlanır,
Elə bil ki, məndən qaçır.
Ətəyindən sallanıram,
Salır məni ayağına.
Niyə səssiz layla çalır,
Yatanına, oyağına?
Bəlkə belə qurulubdur,
Həqiqəti, yalanı da.
Bizi, bizə qul eyləyib,
Qəmi, satın alanı da.
Örtək üstün bu dünyanın,
Sızlamasın dona-dona.
Yırğalayaq beşiyində,
Dərdlər qalsın yana-yana.
2) Boş
Qaranlıqlar zülmət olub,
Korluğumdan,
Səssizliklər qəmə batıb
Karlığımdan.
Tənhalığa sarılmışam,
Qollarım boş.
Ümidlərə qapılmışam
Sonu bomboş.
3) Bu yolun ünvanı yox
Bu yolun ünvanı yox
Ha boylandım, ha baxdım.
Məni hara aparır,
Məndən küsən bu bəxtim?
Kəsə-kəsə yolları,
Cığırlara doğradım.
Hər cığırın sonundan,
Bir az ümid oğradım.
4) Qul oldum
Dilindən şəkər axdı,
Qul oldum sözlərinə.
Baxışın elə kəsdi,
Vuruldum gözlərinə.
Asıldım kipriyindən,
Qırıldı, saldı məni.
Düşdüm dodaqlarına,
Nəfəsin aldı məni.
5) Qəlbim niyə sızlayır?
Tənhalığın qolunda dolaşıram, gəzirəm,
Cığırlara birəbir, xəyalları düzürəm.
Düşünürsən mən daşam, yoxluğuna dözürəm,
Qəlbim niyə sızlayır?
Məhəbbətim üşüyür, qızınmağa donu yox,
Hicranın da, qəmin də qılıncının qını yox.
Könlüm elə deyir ki, bu sevdanın sonu yox,
Qəlbim niyə sızlayır?
Keçmişə boylanıram, geriyə yol bağlanıb,
Ümid artıq fələyin, baltasıyla doğranıb.
Yumuram gözlərimi, xatirələr saxlanıb,
Qəlbim niyə sızlayır?
Linklər:
- Yorum yapmak için giriş yapın