HƏR ŞEYİ SƏNƏ YAZDIM...
Afaq ŞIXLI
Sevilib seçilən Türk yazarı SÜLEYMAN KARACABEYdən çevirmələr.
QALMADI
Yükləndi qatarım, köç gəldi çatdı,
Bu fani dünyada gözüm qalmadı.
Ömrümün günəşi üfüqdə batdı..
Tükəndi taqətim, dözüm qalmadı.
Mən də hamı kimi yuvamı qurdum,
Gah qəmə qərq oldum, gah səfa sürdüm.
Peşmanlıq yaşadım, başıma vurdum,
Haqqa yalvaracaq üzüm qalmadı.
Tükənməzdir sandım gənclik çağını,
Barı bitməz bildim dünya bağını.
Pərvazsız dirmandım həyat dağını,
Heyif ki, yollarda izim qalmadı.
Keçdi gözəl günlər, geri gələrmi?
Bir kimsə özümü suçlu bilərmi?
Sonrakı peşmanlıq fayda verərmi?
Dosta da deyəcək sözüm qalmadı.
Azabi gedərsə bir gün torpağa,
Sevənlər dərdindən dönər yarpağa.
Suçlu da, suşsuz da bükülər ağa...
Ölümdən savayı çözüm qalmadı.
GƏLƏR KEÇƏR
Yarpaq nə edər ki, rüzgar önündə,
Xəzələ dönüşər, güz gələr keçər.
Əllərin qırışar, belin bükülər,
Cavanlıq, yanından düz gələr keçər.
Çalış bu dünyada, tənbəllik etmə!
Həqiqət bağından kənarda bitmə.
Rəbbini unudub şeytanla getmə,
İman səndə qalar, söz gələr keçər.
Türk oğlu Türk üçün əzizdir Vətən!
Minlərcə şəhid var köksündə yatan.
Nə əldə edər ki, yurdunu atan?
Ocağı sönükər, köz gələr keçər.
Düşmənə dünyada verməyək aman,
Birlik olmalıyıq qəflət sarmadan.
Qərib Azabiyəm, eylərəm iman, -
Kədər də, hüzün də düz gələr keçər.
SELLƏR KİMİSƏN
Bağımda çiçəyim, şən bülbülümsən,
Günəşim, şəfəqim, tər sümbülümsən.
Yazılan fərmanım, son möhürümsən,
Vüsala aparan yollar kimisən.
Röyamda duyduğum sevda yelimsən,
Başımda tacımsan, incə telimsən.
Kimsənin deyilsən, axır mənimsən,
Baharda çağlayan sellər kimisən.
Aynada süslənən nazlı yarımsan,
Aya nur çiləyən bəyaz qarımsan,
Eşqiylə yandığım dadlı pərimsən,
Ətrinə doyulmaz güllər kimisən.
Ömrə ömür qatan ruhum, canımsan,
Sən fəsli-baharım, ən xoş anımsan.
Qara sevdalımsan, adım-sanımsan,
Dərdimi sovuran yellər kimisən.
Gördüm camalını – eşqinə yandım,
Özümü sən bilib kəndimi dandım.
Sevdan bir ilğımdı, yatdım, oyandım
Yolumdan eyləyən çöllər kimisən.
HƏR ŞEYİ SƏNƏ YAZDIM...
Bildiyim ən gözəl duyğuların dili ilə,
Tərtəmiz hisslərin əli ilə,
Sevgimi,
Həsrətimi,
Nisgilimi...
Qısacası, ürəyimi yazdım,
Bir gün oxuyarsan deyə!
Hər şeyi...
Hər şeyi sənə yazdım!
Səni də hər şeyə!
Yazdığım hər hərfin üstünə axıtdım
göz yaşlarımı...
Könül ətirli qələmlər tükətdim
bitməyən həsrətimlə...
Eşqimə olan sədaqətimi sənə həsr etdim, -
Bir gün anlarsan deyə!
İnamla,
çılğınlıqla
Hər şeyi sənə yazdım!
Səni də hər şeyə!
Mavi sözlər əzbərlədim,
Hər sözümdə
sabaha ümid bəslədim.
Tanrıdan bir tək səni istəyərək,
dualarıma heca-heca adını nəqş etdim.
Mehrinə möhtac qəlbimi
Bir gün duyarsan deyə!
Beləcə...
Ağlımdan keçən
Hər şeyi sənə yazdım.
Səni də hər şeyə!
ƏSLİNDƏ...
Əzizim, “çox sevməyəcəksən” fikrinin əsasında -
Bunu öyrəndim qırx illik həyatımda.
Can Yücəli dinləmək lazımdı əslində...
“Bağlanmayacaqsan” deyirdi bir şeirində.
“Çox sevməyəcəksən...” dediyində
Haqlıymış məgər!
Gerçəkmi bu? Düşünməyə dəyər!
Sevdiyin səndən qaçmayacaq,
Ayaq səsləri gəldiyində qorxmayacaq.
Ağaclar ardına saxlanmayacaq.
“Görən olarsa utanaram” da nə demək?!
Əllərini əlinə verib sevdiyini hiss etmək gərək!
Sevən eşqini gözlərinə baxaraq söylər!
Gərşəkmi bu? Düşünməyə dəyər!
Onun yaşadığı yeri özünə məskən etməyəcəksən!
Sevdiyi gülləri qoxlayıb
Keçdiyi yerlərdən keçməyəcəksən!
Sevdiyi rəngləri geyib yormayacaqsan gözünü.
Nə deyim...
Gözlərinin sel-sularına tutdurmayacaqsan özünü.
Kimsəsiz uşaqlar kimi, boğar səni o sellər.
Fəlakətmi bu! Düşünməyə dəyər!
...İnad etməyəcəksən əslində.
Görüşə gəlmədiyində qəhərlənib küsməyəcəksən,
Aramayıb öz-özünə zülüm etməyəcəksən!
Bütün hüceyrələrində bu sevgini duyacaqsan
Eşidincə səsini!
Gözləməyəcəksən - ilk öncə o arasın səni.
Toxun telefonun dəstəyinə!
Bu yaşdan sonra yorma ürəyini!
BİR YAĞMUR ZAMANI...
Nə zaman hıçqıraraq ağlamağa başlasam,
Hüzünlü bir sabahda
Başımı çevirib göy üzünə baxsam,
İtirilmiş həyatımı görər,
Ürəyimi boşaltmaq üçün yağmuru gözlərəm.
Göz yaşlarıma qarışar yağmur...
Utanmaram etirafdan,
Qoy göy üzü utansın!
Və... qəm yağar hər tərəfdən.
Daha bir dərdə qovuşar duyğularım,
İçimdə bir boşluğa yol alar...
Yalnızlığım düşər yadıma.
Dünyam qaralar...
Tərk edib getdiyini xatırlaram.
Bəlkə də...
Bəlkə də, bir yağmur zamanı sənin üçün də ağlaram...
- Yorum yapmak için giriş yapın