Abuşov Əlipənah Ağahəsən oğlu (XOCAVARLI)
ÖMRÜN NAXIŞLARI
Əlipənah Abuşovun özü dediyi kimi utana-yazdığı şeirlərdə ismətli-həyalı bir poeziya havası var. Bu şeirlərin kələkötürlüyü də, sığal-tumarsızlığı da başqa bir şairanə ab-hava yaradır, ürəyə yapışıqlı olmasını azaltmır.Əksinə, təbii minerallar kimi özünəməxsus maraq yaradır, zövq verir.
Onun qəmli notlar olan kiçik şeirndə də “Bir gün olar gülər vətən!” nikbinliyi var. Çünki elə hamımızın qəlbən gülməsi də harada olmağımızdan asılı olmayaraq Vətənin gülüşləri ilə bağlıdır. Qəriblik haqqında çox şeirlər yazılıb. Amma Əlipənahın kiçik bir şeirdə sığışdırdığı məna üçün uzun bir ömür keçmək gərəkmiş. O, qəribliyin sanki rəssam kimi portretini cızıb.
Bir şərqşünas kimi Ə.Abuşov İslam tarixini, şərq fəlsəfəsini yaxşı bilir və dünyanın qaynar nöqtələrini gəzib-görmüş bir adam kimi müdrik düşüncələri də onun qürbət nisgilli şeirlərində duyulur. İnsanları mələk kimi deyil, insan kimi qəbul etməyə çağıdır.
Əlipənah Abuşov dünyanı dünya eyləyənin də sevgi olduğunu düşünür, diqqəətimizi insanın Allah sevgisinin elə insanı yaradan Allahın da sevgi olması kimi maralı mənalara yönəldir. Dünya haqqında çox müdriklər, çox şairlər söz demiş, amma Ə.Xocavarlı da deməyə sözü qalmış:
Kərəmin eşqini alova qatdın,
Sənanın eşqinə sən haram qatdın,
Nəyi puç elədin, nəyi yaratdın,
Karigər eylədin nəqqaşı, dünya.
Bu bəndin hər bir misrası bir dastan mövzusudur. Və xalqımızın bitməz-tükənməz söz xəzinəsinə hər bir övladının damla kimi, inci kimi qanından-canından çıxarıb qatdığı sözlərin davamının da olacağını, yeni nəsillərdən ummaq və gözləməklə, şairn öz sözləri ilə desək, sabah üçün də oğullar böyüyəcəyinə inam duyulur.
İnsan ömrü yetkin və bitkin olanda bir xalıya bənzəyir. Hər ilmənin, hər naxışın öz yeri olur. Şeir sənəti də o ömrün əh zərif və kövrək duyğularını kristallaşdırır, zamanın fövqünə qaldırır,
başqalarını d duyğulandırır. Xalının özü solsa da naxışları qalır. Bu şeirlər də bir naxıışdır sanki, qürbətdə keçən bir ömrün naxışları.
Sultan MƏRZİLİ
Abuşov Əlipənah Ağahəsən oğlu
28 noyabr 1947-ci ildə Azərbaycanın Masallı rayonunun Böyük Xocavar kəndində dünyaya gəlib. 1965-ci ildə N.Nərimanov adına Masallı şəhər 2 nömrəli 11-lik orta məktəbini, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin şərqşqnaslıq fakültəsinin ərəb dili tərcümələri şöbəsini bitirib. Bundan sonra 1975-ci ilə qədər Suriya Ərəb respublikasında hərbi tərcüməçilik etmişdir. Bir müddət SSRİ Dövlət Xarici Turizm komitəsində və İraq Əərəb Respublikasında çalışmışdır. 1992-98-ci illərdə “MoskvaTranzit” özəl turizm firmasının təsisçisi və rəhbəri olmuşdur.
1975-ci ildən Moskvada yaşayır. Hal-hazırda əmək təqadçüsüdür.
“ŞƏHRİYAR” ədbi-ictimai cəmiyyəinin yaradıcılarından , təsisçilərindən biridir.
ÖZÜ ÖZ HAQQINDA:
Uşaqlıqdan ədəbiyyatı sevməmişəm.
Şeir yazardım, amma utanardım və gizlədərdim.
2000-ci ildə bəzi dostlarımla Rafiq Qurbanovun başçılığı ilə “Şəhriyar” məclisini yaratdıq və hal-hazırda da idarə heyətinin üzvüyəm. Bu mənim həyatıın rəsmi şəklidir.
Rəsmi olmayanı isə budur:
Araq iaçən və siqaret çəkən adamlara nifrət edirdim. Araq içdim, siqaret də çəkdim.
Zəhləm gedən sənət tərcüməçilik idi – tərcüməçi oldum.
Gəncliyimdə deyərdim: “rusla evlənməkdənsə, uşaqlıqda ölmək daha gözəldi”.
Rus xanımı ilə ailə qurdum.
Gəncliyimdə mənə elə gəlirdi ki, Azərbaycansız bir gün belə yaşaya bilmərəm.
Bütün ömrüm qəriblikdə keçdi.
Amma harada olmağımdan asılı olmayaraq Azərbaycan həmişə mənim qəlbimdə olmuş, Azərbaycan mənim daxili aləmimin ruhu, ətri və gözü olmuşdur.
28.04.2011.
ƏLİPƏNAH XOCAVARLI
MƏN
Mən eşqi, həsrəti bu dünya boyda,
Qıvrıla-qıvrıla oda yananam.
Dünəni Füzuli həzinli dünya,
Bu günü Babəkli Azərbaycanam.
Bakı, 1970.
AZADLIĞA GEDƏN YOL
Əziz dostum və müəllimim Əbülfəz Əliyevə məktub
Sən meydanda tək qalmısan,
Qara saçı ağartmısan.
“Ağ” üzlərə ağ olmusan,
Bir gün olar, gülər Vətən,
Dönmə, dönmə bu yoldan sən!
Qalax ayağa, ayıq ol!
Unutma ki, şəhidlərin
Cənazəsi üstündən keçir
Azadlığa gedən yol!
1974. Suriya Ərəb Respublikası
SEVGİ HAQQINDA
İlkinlik də sevgi,
Sonluq da sevgi.
Başlanğıc da sevgi,
Axır da sevgi.
Sevgi faciədir,
Sevgi səadət,
Sevgi ilahiyə məxsus
Bir hikmət.
İblis olub facilər törədər,
Göz yaşına dönər,
Nəğməyə dönər.
Ulduztək parlayar
Kül kimi sönər.
Onun nə əvvəli,
Nə axırı var,
Onun zaman adlı
Bir axarı var.
Bəlkə də anladın
Ey bəni adəm,
Sevgidir dünaynı
Dünya eyləyən.
İraq, Nəcəf şəhəri, 1990.
QƏRİBLİK HAQQINDA
Qəribliyin gülər üzü,
Sarı saçları,
mavi gözləri,
Şirin sözləri
Olur
Cavanlıqda.
Qəribliyin qara
Uzun əlləri,
Vətən həsrətinə
Ata yurduna,
Baba qəbrinə
dönüb
Səni boğacaq
Qocalıqda.
Moskva. 2000.
DÜNYA
Fırlanır, dolanır çərxi fələyin,
Həm dolunu görmüş, həm boşu dünya.
Öyrənə bilmədin insan dilini,
Qalmısan, qalırsan sən naşı, dünya.
Kərəmin eşqini alova qatdın,
Sənanın eşqinə sən haram qatdın,
Nəyi puç elədin, nəyi yaratdın,
Karigər eylədin nəqqaşı, dünya.
Mərdi qova-qova namərd edənsən,
Haradan gələnsən, hara gedənsən?
Kişiyə nakişi, mərdə namərdsən,
Bilinməz nə ilin, nə yaşın dünya.
Xocavarlıyam, eşq evimi taladın,
Oda atıb, məni oda qaladın.
Kimdən sorum unutduğum yar adın,
Qoymadın daş üstə sən daşı, dünya.
Moskva, 2001.
ATLILAR
Türk əcdadlarımın ruhuna ithaf
Uca dağlar zirvəsiylə öyünər,
Xalq tarixi dünəniylə öyünər,
Sabah üçün oğulların böyüdər,
Atlılar, atlılar, aman atlılar,
Dağları dumanlı, duman atlılar.
Atlarını Səmərqənddə nalladı,
Avropada cilov çəkib saxladı.
Yerdən qüvvə, göydən hikmət alardı,
Atlılar, atlılar, aman atlılar,
Dağları dumanlı, duman atlılar.
Mən bir türkəm, ulu Tanrı köməyim,
Sənə bu gün nə anladım, nə deyim.
Bu günüm, sabahım və ulu soyum
Başın üstə sanki deyib duracaq,
Düşmənlərin al qanına batacaq.
Atlılar, atlılar, aman atlılar,
Dağları dumanlı, duman atlılar.
BUNLAR ADAMDIRLAR,
MƏLƏK DEYILLƏR
Şair dostum Əliş Əvəzə
Gözəldən sevgi um, igiddən kərəm,
Gözəl vəfasızsa, igidsə namərd.
Onların suçu yox bu işdə, lələ,
Onlar adamdırlar, mələk deyillər.
Sən gedən yolları mən də getmişəm,
Nadanlar dilindən zəhər içmişəm.
Baxmışam, susmuşamn, ötüb keçmişəm,
Onların suçu yox bu işdə lələ,
Onlar adamdırlar, mələk deyillər.
Haqqın qulağı kar, qapısı bağlı,
Nadan üçün açıq, aqilçün bağlı.
Tale hər insana bir yol ayırıb,
Onunçün bağışla onları sən də,
Onların suçu yox bu işdə lələ,
Onlar adamdırlar, mələk deyillər.
Moskva, 2003.
OXU, QARDAŞIM OXU!
Kəlbəcər dağlarının harayı –
Aşıq Qardaşxana həsr olunur.
Aşıq, yenə alıb məni apradın,
Bir gün olar o yerlərə dönərəm.
Dönməsəm o dağlar qarğayar mənə,
Yana-yana külə dönüb sönərəm.
Saz çalan əlinə qurban,
Oxuyan dilinə qurban.
Sevdiyin elinə qurban,
Oxu, qardaşım oxu,
Oxu, sirdaşım, oxu!
O dağlarda Koroğlunun nərəsi,
Qayaya dönübdür, daşa dönübdür.
O dağlar Boz atı, Qaçaq Nəbini,
İgid Həcəriylə qoşa görübdür.
Kərəmin lələsi var,
Misrinin naləsai var,
Kim itirər, kim tapar,
Oxu, qardaşım oxu,
Oxu, sirdaşım, oxu!
Çaldın, Murovdağdan meh əsdi gəldi,
Çaldın, İsti suyun istisi gəldi.
Yağılar əlində qalmış elimdən,
Yanmış obaların tüstüsü gəldi.
Yanar dağda yanaram,
Alışaram, donaram,
Həsrətdən yaralıyam,
Oxu, qardaşım oxu,
Oxu, sirdaşım, oxu!
Aşıq, yenə məni alıb apardın,
Bir gün olar o yerlərə dönərəm.
Dönməsəm, o dağlar qarğayar mənə,
Yana-yana külə dönüb sönərəm.
Moskva, 2003.
- Yorum yapmak için giriş yapın