21 Azər yaddaşı
BU IL 21 AZƏR (1945-CI ILIN 12 DEKABRI) INQILABININ – XALQIMIZIN BU ŞANLI-QANLI TARIXI GÜNÜNÜN 67 ILLIYI TAMAM OLUR.
Unutqanlıq pis nəsnədir. İctimai həyatda isə o ikiqat pisdir. Çünki ən sonda cəmiyyətin manqurtlaşmasına gətirib çıxaran bir vasitə olar. Manqurt üçün vətən hissi yad olduğundan onun varlığı “ağzı otlu heyvan” səviyyəsindən aşağıdır.
Axı vətən hissi ata-ana, bacı-qardaş, əcdad-sələf, el-oba, qürur, qeyrət, məhəbbət, insanın mənliyi deməkdir.
Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: “vətənə məhəbbət – Allahdandır”. Vətən onun uğrunda can verən şəhidlərdən və canından keçməyə hazır olan fədailərdən başlayıb. Belə adamların sayı azalanda Vətən də kiçilir, tükənəndə isə Vətən də tükənir.
Vətən yolunda fəda və şəhid olanların adlarına və xatirələrinə sayğı isə vətəndaşlıq borcudur. Bu borcu unudanda “ana Vətənin qəlbinə toxunuruq”. Mənə elə gəlir ki, biz belə bir günah etmişik, bütöv Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan 21 Azər gününü layiqincə yada salmamışıq. Bu inqilabın günahsız şəhidlərinin, o cümlədən rəhbəri – xalqımızın böyük oğlu Seyid Cəfər Pişəvərinin ruhları bunu bizə bağışlamaz! Sanki bu tarix elə Güney (Cənubi) Azərbaycanlı soydaşlarımız üçünmüş!
21 Azər inqilabı bütöv vətənimizin keşməkeşli tarixində çox mühüm əhəmiyyətə malikdir.
Onun adı 1945-ci ilin 12 dekabrında (İran təqvimi ilə 21 Azər) inqilab nəticəsində Güney Azərbaycanda Milli Hökumət qurulduğu gündən götürülmüşdür. Cəmi bir il ömür sürən bu hökumət mühüm quruculuq işləri gördü.
Təəsüf ki, qələbə uzun sürmədi. O vaxtlar İkinci Dünya müharibəsi sona çatmış, Amerika Birləşvmiş Ştatları və Sovet İttifaqı dünyanı iki nüfuz dairəsinə bölmüşdülər. İran Amerikanın payına düşmüşdü. Güney Azərbaycanda yaranmış yeni vəziyyət həm Sovetləri, həm də Amerika və ingilisləri rahat buraxmırdı. Onlar, nəhayət, 21 Azər inqilabının boğulması qərarına gəldilər. İosif Stalinin əmrilə sovet qoşunları Təbrizə və Güney Azərbaycanin digər şəhərlərinə daxil olub Azərbaycan çeriklərinin (partizanlarının, milislərinin) silahlarını yığaraq şah idarəsinə təhvil verdilər. 1946-cı ildə şah ordusu Güney Azərbaycana daxil oldu və tarixdə görünməmiş bir vəhşiliklə azərbaycan türklərini qırmağa başladı. Təsadüfi deyil ki, hələ əvvəllər şahın Azərbaycana nəyin etdiyi müfəttiş Seyid Mehdi Fürhi 14-cü İran Məclisinin tribunasından çıxışında demişdi: “Mən Azərbaycana gedib Azərbaycanı azərbaycanlıların başına yıxacağam!”.
Həmin günlərdə Fransa mətbuatının verdiyi məlumata görə təkcə hökm ilə edam edilənlərin sayı 20000 nəfərdən çox idi. Azadlıq fədailəri dəstə-dəstə edam olunurdular. Yüz minlərlə ailə ab-havası ağır olan cənub bölgələrinə sürgün edildi. Bir illik xalq hakimiyyətinin əldə etdiyi bütün nailiyyətlər məhv edildi, dövlət dili elan edilmiş azərbaycan dili yenidən qadağan olundu, Milli hökumətin açdığı Təbriz Universiteti, Təbriz Filarmoniyası, Milli teatr bağlandı.
Güney Azərbaycanda yaradılmış Milli hökumətin 21 Mart 1945-ci ildə elan etdiyi Muxtar Azərbaycan Demokratik Cümhuriyəti əvvəlcə, adından da göründüyü kimi, İrandan ayrılmaq məqsədi güdmürdü. O, şovinist şah rejimindən yalnız Azərbaycan xalqının milli varlığını, dilini, mədəniyyətini qorumaq məqsədi daşıyırdı. Tale cənublu qardaş-bacılarımıza bunu da çox gördü!
Çox təəssüf ki, bugünkü İran rejimi 21 Azər inqilabına münasibətdə öz keçmiş sələfindən az geri qalır, fədailərin adlarının eşidilməsi onlar üçün də arzuolunmazdır. Mətbuatın verdiyi məlumata görə, Milli Hökumətin maarif naziri olmuş gözəl şair Məhəmməd Biriya kimi fədailərin qəbirləri indi onları ziyarət etmək istəyənlər üçün bir növ yasaqdır, çünki həmin vətəndaşlar təhlükəsizlik orqanlarının nəzarəti altına düşürlər.
Bu il 21 Azər inqilabının – xalqımızın bu şanlı-qanlı tarixi gününün 67 illiyi tamam olur. Ümidvaram ki, bu tarix bütün dünya azərbaycanlıları tərəfindən, diaspora birlikləri və cəmiyyətlərimiz tərəfindən layiqincə yad ediləcək, qeyd olunacaq. 21 Azər, adındakı təsadüfdən də göründüyü kimi, harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycaniıların qan yaddaşı günüdür!
Əliş Əvəz,
Rusiya yazıçılar və jurnalistlər birliklərinin üzvü
- Yorum yapmak için giriş yapın