100 IL ÖNCƏNIN ŞEIRLƏRI...
Osip Mandelştam
Ruscadan çevirdi: Afaq ŞIXLI
***
Zərif bir axşamdır. Alaqaranlıq.
Çırpınan ləpələr yorur dənizi.
İslaq külək əsib, hərdən bir anlıq,
Duzlu bir örpəyə bürüyür bizi.
İşıqlar qaralır, qarışır aləm...
Dalğalar sahili meyxoş eyləyir.
Yersiz sevinc kimi səbəbsiz bu qəm
Ağır bir yük olub qəddimi əyir.
Gəzir qulağımda dəniz nəfəsi,
Hava da məst edir..., gecə də qara...
Mahnı sədaları, musiqi səsi
Sanki layla çalır yorulanlara...
***
Ay gecə, nəyinə gərəyəm ki, mən?..
Mən ki, həsrətlərə hədəf kimiyəm.
Bəyaz mirvarisi çıxmış əlindən,
Sahilə atılmış sədəf kimiyəm.
Sən ilham alırsan gur ləpələrdən,
Duymaq istəməzsən söz-söhbətimi.
Lakin salacaqsan yadına birdən,
Lazımsız bildiyin məhəbbətimi.
Uzanıb yanımda qumlar üstünə,
Əynimə nəvaziş geyindirərsən.
Bunca ayrılığın durub qəsdinə,
Könlümü doyunca sevindirərsən.
Atılmış sədəfin səni bağışlar,
Sevgi nəğməsini oxuyar sular.
Dənizlə, şəfəqlə, mehlə, yağışla
Kimsəsiz qəlb evim isinər, dolar.
***
Bu acı soyuqda titrəyirəm mən,
Dilim də tutulub, açılmır keyim.
Göylər hakimisə - qızıl şəhzadəm
Mənə hökm eləyir nəğmələr deyim.
Aşıq ol, həsrət çək, yazıq nəğməkar!
Ağla ki, bu aləm duysun səsini!
Tutub əllərində, özünlə apar
Bu tənha, atılmış yer kürəsini.
...Demək belə imiş həqiqi hisslər!
Sirli kainatla ürək sazişi!
Ruhunu göynədib bəlkə təmizlər...
Kimə bəllidir ki, talenin işi!
Görəsən nə olar sapıb yolundan
Alışan ulduz da üşüsə birdən,
Paslı bir iynətək batsa qoluma,
Duysam biganəlik təmasını mən?..
***
Neyləyim, ilahi, bu canı axı?
Bu qədər tənhadır, bu qədər yaxın...
Nəfəsim, sevincim, həyəcanım var,
Mənim həyatıma kimdi səbəbkar?
Özüm həm çiçəyəm, həm də ki, bağban,
Mənə bənzərlərə bu dünya - zindan.
Hənirim iz salıb - boylanmışam mən
Ömrün əbədiyyət pəncərəsindən.
Yollarım, izlərim bəlkə az olub?..
Hər şey vaxt ötdükcə tanınmaz olub...
Amma illər keçsə, unutsa hər kəs,
Vurduğum naxışlar silinə bilməz!
***
Duyuldu ahəstə, zərifcə bir səs,
Meşə sükutunu pozdu bu gecə;
Heç bir şey gözlərdən saxlana bilməz -
Bir meyvə qopardı kimsə gizlicə...
***
Mətbəxdə oturaq gözlərdən uzaq,
Neft ətri qoxuyan gecəyə baxaq.
Masanın üstündə bıçaq və çörək...
İstəsən ocağı yandır, isinək.
Ya da kəndir gətir, səbət toxuyaq,
Sübhədək gizlicə nəğmə oxuyaq.
Minək bir qatara, itirək izi,
Heç zaman heç kimsə tapmasın bizi...
***
Bənizin
incədən incədir sənin,
Əllərin
Bəyazdan bəyazdır!
Əfsus,
Övladı deyilsən
Sən bu aləmin,
Səndə hər nə varsa -
Göylərə məxsus!
Göylərə məxsusdur
Şux barmaqların,
Giley-güzarının
Şirinliyi də.
O asta,
Mehriban
Danışıqların,
Gözəl gözlərinin
Dərinliyi də...
***
Nağıl kitabları oxuyub yenə,
Məsum xəyalları yığıb başıma,
Son qoya biləydim qəm yaddaşıma,
Dərdimi yollayıb dünənki günə.
Bu həyat yamanca bezdirib məni...
Heç nə də ummuram daha ömürdən!
Lakin dönmür ürək doğduğu yerdən,
Sevməyə bilmirəm doğma vətəni!
Salıncaq qurduğum o hüzünlü bağ –
Qəm-qüssəm olmayan qayğısız yerim...
...Yəqin sayıqlayır düşüncələrim,
Küknarlar altında, hamıdan uzaq...
- Yorum yapmak için giriş yapın