“MƏNIM KƏNDIM” - “O KƏNDDƏ ADAM OĞURLAMIŞAM”: NƏSIB NƏBIOĞLU
Modern. az saytının “Mənim kəndim” layihəsində tanınmış şair, AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğludoğulub-boya-başa çatdığı Kəlbəcər rayonunun Çaykənd kəndindən, oradakı uşaqlıq illərindən,yeniyetmə çağlarından danışır:
Mənim kəndim
Mənim kəndim Tərtər çayının sahilində yerləşirdi, dağların arasında. Kəndimizi elə ona görə də Çaykənd adlandırıblar. Tərtər çayı kəndimizi iki yerə bölürdü. Bizim evimiz sağ sahildəydi. Kəndimiz Alxaslı zonasanın 10 kəndindən biridir. Kəlbəcərin müasir kəndlərindən hesab olunurdu, kənddə 120 ev var idi. Kəndimiz Kəlbəcərə çəkilən yeganə yolun üstündə olduğundan kənddə ət kombinatı, süd məhsulları zavodu, benzindoldurma məntəqəsi, tibb məntəqəsi, klub, məktəb var idi. Hələ stadion da tikmək istəyirdilər, mərdiməzarlar qoymadı. Kəndimizdə iki qəbristanlıq var idi. Birində daşdan yonulmuş at, qoç kimi qədim alban dövrlərinə aid qəbirüstü abidələr vardı. O daş atları o qədər minmişəm ki. Yayda günüm Tərtərdə çimmək olub. Tərtərdən qızılbalıqlar tutduğum vaxtlar da az olmayıb.
Kəndimin tarixçəsi
Kəndimizin yaranma tarixi çox qədimlərə gedib çıxsa da, burada müasir evlər 1930-cu ildən sonra tikilməyə başlayıb. 30-cu illərdə sahibkar kəndliləri bir sinif kimi ləğv etmək, qolçomaq təsərrüfatlarını dağıtmaq üçün xüsusi qərar var idi. Bu qərara görə hər yerdə “qolçomaq” adlandırılan varlı kəndliləri üç qrupa bölmüşdülər. Birinci qrupa kollektivləşmənin qatı düşmənləri aid edilirdilər. Onlar güllələnir, ailə üzvləri isə Sibirə, Orta Asiyaya sürgün edilirdi.
İkinci qrupa aid olan güllələnmir, ailələri ilə birlikdə Sibirə, Orta Asiyaya sürgün edilirdi. Üçüncü qrup isə kolxoz quruluşuna şübhə edənlərə aid edilir və onların mülkləri mal-qaraları əllərindən alınır, özlərini isə başqa kəndlərə köçürürdülər. Bizim kəndin camaatının əskəriyyəti 3-cü qrupa aid olunub. Amma sürgündə olan qohumlarımız da çox olub. Sibirdən yalnız atamın Salman adlı bir maması oğlu sağ - salamat gəlib çıxmışdı, əmisi oğlanlarından, xalası oğlanlarından bir xəbər olmadı. Həmin vaxtlar Kəlbəcər üsyanından sonra, əslən Şuşadan olan sovet dövrünün görkəmli dövlət xadimi Hüsü Hacıyev dağ camaatının mentalitetini bilən bir adam kimi bu kəndin salınmasında mühüm rol oynayıb. O bəzi dağətəyi kəndlərin Tərtərin sahilinə köçmələrini məsləhət görüb. Ondan sonra yaxın kəndlərdə qaradamlarda yaşayan bir sıra ailələri də Tərtərin sahilinə köçürüblər onlara torpaq sahələri ayrılıb, evlər tikilib. Elə buna görə də kəndimizdə ki, kolxoz Hüsü Hacıyevin adını daşıyırdı.
Adi bir ailə
Ailədə altı uşaq olmuşuq, üç qız, üç oğlan. Anam bizi çox çətinliklə böyüdüb. Gündüzlər kolxozda əvvəlcə sağıcı, sonralar isə tütünçü işləyib, gecələr isə 3 manat, 5 manat qazanmaq üçün ona-buna cəhrə əyirib, yun darayıb, corab, xalça toxuyub. Bizi ağır zəhmətlə boya-başa çatdırıb. Üç qardaş üçümüz də ali təhsil almışıq. Anam cəhrəsini işə salanda öz zümzümələrini də əskik eləməyib, bayatılarını da qoşub cəhrəsinin səsinə. Anamın səsindən, bayatısının cazibəsindən çıxa bilməmişəm.
Kəndin zəhmətkeşi
Evimizin deyilənə görə bir az qoçağı, bacarıqlısı mən olmuşam, bir dəfə də olsun məni döyən olmayıb. Məni tuta bilirdilər ki, döysünlər də. Əslində mən özüm də heç kimin xətrinə dəyməmişəm. Hara gedirdimsə, əlimdə evimizə bir şey gətirərdim, evə əliboş qayıtmazdım. Anam həmişə deyirdi ki, Allah sənin çörəyini yetirəcək. Düz 18 yaşıma kimi kəndimizdə yaşamışam. Kənddə hər işi görmüşəm, ot biçməyi də, odun yarmağı da bacarırdım. Zəhmətə bizi anamız alışdırmışdı. Bizim işimizi görəcək başqa bir adam yox idi. Atamız 1958-ci ildə dünyasını dəyişmişdi.Yadımdadır yay olanda anam bizi hər səhər erkən yuxudan durğuzub tütün sahəsinə gətirirdi. Biz həvəssiz yerimizdən qalxırdıq, doyunca yatmaq istəyirdik. Anam səsini qaldırıb “kişi yerindən günəş qalxmamış durmalıdır, yaxşı kişinin üstünə gün düşməz” deyərdi.
Kəndin məktəbi
Bu məktəb Kəlbəcərin, məşhur, adlı-sanlı məktəblərindən olub. Məktəbə 1961-ci ildə getmişəm. Məktəbə getdiyim gün heç yadıma gəlmir. Məktəb ilə evimizin arası 300 metr olardı. Evimiz dağın ətəyindəydi bir az hündür yerdə olduğundan məktəb görünürdü, zəng çalınanda həyətimizdə eşidilirdi. Çox savadlı, dünyagörüşlü, uzaqgörən, unudulmaz, ən əsası isə qayğıkeş və tələbkar müəllimlərim olub bu kənddə. Müəllimlərdən çox çəkinərdik, onlarla təsadüfən qarşılaşanda papağımızı çıxarıb yerimizdə donardıq. Humanitar fənləri sevə-sevə oxumuşam, tarixi, ədəbiyyatı, coğrafiyanı oxuyub öyrənmişəm. Nüsrət Əhmədov, Əbülfəz Əhmədov, Binnət Quliyev, Məhəmməd Həmidov,Qələndər Məmişov kimi əvəzsiz müəllimlərim olub. Onları həmişə böyük hörmətlə, böyük minnətdarlıqla xatırlayıram, mənə çəkdikləri zəhməti unutmuram. Bu məktəbi qurtaran çoxsayda ziyalılarımız var.
Kəndin məşhur qonaqları
Danışırdılar ki, Aşıq Ələsgər bizim kəndimizdə çox olub, çox toylar eləyib, burada çox gözəllərə şeir qoşub, onun bizim alxaslı kəndlərindən Xanlar, Məmiş kimi dostları olub.Toy qurtarandan sonra onların evlərində qonaq qalarmış. Ədəbiyyatşünas alim, şair Qasım Qasımzadə də əmək fəaliyyətinə bizim kənddən başlayıb. O özü mənə danışırdı ki, müharıbədən sonra Çaykənddə müəllim işləyib. Bizim kənddən danışdığı vaxtlarda dəfələrlə onun duyğulandığını, kövrəldiyini görmüşəm. Bir dəfə “Azərnəşr”də yazıçı Bayram Bayramov mənim Kəlbəcərin Çaykənd kəndindən olduğumu bilib dedi ki, dünyada ən şirin gilası Çaykənddə yeyib. Doğrudanda çox adamlar deyirdilər ki, Çaykəndin gilasından olmaz, kəndimizi bir də gilasına görə tanıyırdılar.
Kəndin balaca çobanı
Kənddə camaat heyvandarlıqla məşğul olurdu. Hərənin bir-iki inəyi, camışı vardı. Qoyun-keçi saxlayanlar da çox idi. Uşaqlığımda quzuya da getmişəm, qoyun da otarmışam. Bir dəfə 5-6 yaşım olardı, kənddən bir az aralıda qoyun-quzularımızı otarırdım, əlimdə balaca gərmoşov çomağımla çönbəlib bir daşın üstündə oturmuşdum. Birdən qoyun-quzunun o tərəfə-bu tərəfə dağıldığını, səpələndiyini gördüm. İki canavar qoyun quzunu parçalamağa başladı. Mən də yerimdəcə donub qalmışdım. Əvvəlcə elə bildim itlər girib qoyunların arasına. Quzu otardığım yer kəndə yaxın olduğundan camaat duyuq düşdü. Hay-küy qaldırdılar. Bir canavarın qoyunun birinin boğazından tutub dalına ataraq apardığı indiyə kimi gözlərimin qabağındadır.
Ən sevimli dostlarım
Yeniyetmə çağlarımda inəklərimizi, qoyun-quzularımızı örüşə aparanda oxuyacağım kitabımı da özümlə götürərdim. Həm quzularımı otarar, həm də dərslərimi eləyərdim. Gözəl hafizəm vardı bir şeiri iki-üç dəfə oxuyardım, öz-özümə söyləyərdim, yaddaşıma həkk olunardı. Səməd Vurğunun “Vaqif” dramını başdan-ayağa əzbərləmişdim, yüzlərlə şeiri əzbər bilirdim. Ümumiyyətlə, saatlarla şeir demək qabiliyyətim vardı. Kitabları çox sevmişəm, çəmənliklərdə dərslərimi öyrənəndən sonra kitablarımı başımın altına qoyub, bəzən də qucağıma alıb üzüquylu yatdığım vaxtlar az olmayıb. Mənim sevimli dostlarım kitablar olub. İndi də böyük kitabxanam var kitablarımın sayı 3000-dən çoxdur.
Kəndimizin Moskvadakı nümayəndəsi
Orta məktəbi bitirdikdən sonra əsgərliyə getdim. Mən Baykonurda hərbi xitmətdə olmuşam. Rus dilini də əsgərlikdə öyrəndim və Azərbaycana gələn kimi Bakıda M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus dilli və Ədəbiyyatı institutuna daxil oldum. Beş il orda oxumuşam, 1985 – ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstituna bitirmişəm.Yaxşı oxuduğuma görə məni Moskvada saxladılar. O vaxtdan da Moskvadayam, SSRİ Dövlət Xarici Turizm Komitəsində və bir sıra nüfuzlu təşkilatlarda məsul vəzifələrdə çalışmışam. Rayonumuzdan, ümumiyyətlə Azərbaycandan SSRİ dönəmində də, ondan sonrakı vaxtlarda yanıma çox sayda həmyerlilərimiz gəlib. Onların çox işlərinə yaramışam. Kiminsə bir işinə yaradığımı özümə mənəvi borc bilmişəm.
Kənd və xatirələr
Kəndimizlə bağlı o qədər xatirələrim var ki... Danışmaqla qurtarası deyil. Bir dəfə 6-cı sinifdə oxuyurdum. Sentyabr ayıydı, kəndin qənşərində dağın ətəyində Sarıbaştap deyilən bir seyrək meşəlikdə alma ağacına rast gəldim. Ağacın üstü aşırdı. Ağacı kimsə meşədə peyvənd eləmişdi, yəni calamışdı. Bu almalar kəndin bağlarındakı almalara bənzəmirdi 3-4-ü bir kilo gələrdi. Dadı da başqaydı. Almalara heyifim gəldi. Onlardan xeyli seçib köynəyimin arasına yığdım. Əynimdə maykam da yox idi. Kənddə məni bədəni açıq görməsinlər deyə, şər qarışana qədər gözlədim, qaranlıq düşən kimi almaları evimizə gətirdim.
Həsrətimi çəkən vəfalı heyvan
Bir itimiz vardı. Həyətdə bir az aralıda ona təbii daşlardan bir dam tikmişdim. Onu həmişə zəncirdə saxlayardım. Yalnız gecələr açıb buraxardım. İtimiz məni fit səsimdən tanıyırdı. Bir-iki kilometrlikdə fitimin səsini eşitsəydi zəncirini qırıb yanıma qaçardı. İt də yanımda olanda heç kimdən qorxmurdum, dönüb olurdum kəndin əjdahası, bilirdilər ki, itə kıs versəm adamı parçalayar. Ona görə də kənddə heç kəs cürət edib mənə sataşmazdı. Adı Bozdar idi. Mən əsgərlkdən qayıdanda itimizi görmədim, anam dedi ki, “sən gedəndən sonra itə yal verdik, it bir yala baxdı, bir üzümüzə, sonra üzünü yana çevirdi, ət də verdik yemədi, sümük də atdıq, heç gözünün ucuyla da baxmadı. 2-3 gündən sonra baxdıq ki, it yoxdur. Bir neçə gündən sonra kəndin uşaqları xəbər verdilər ki, Güllü xala, Nəsibin iti Ağ qayanın yaxınlığında qayaların arasında ölüb. Biri dedi ilan vurub, o biri dedi canavarlar boğub, bir də dedilər ki, sahibini itirən it xiffətdən ölüb. Kim bilir...”.
Kəndin ən böyük oğrusu
Kəlbəcərdə həmişə oğrular olub. Bizim kəndə də oğrular var idi. Bağ-bostan oğruları, qoyun, keçi, at, hələ qatır, eşşək oğurlayanlar da var idi. Mən isə adam oğurlamışam, qonşumuzun qızını oğurlayıb, qaçırıb gətirmişəm Moskvaya. Bakıya kimi “Niva”yla Bakıdan isə təyyarəylə. Elə bilirəm ki, Kəlbəcərdən təyyarəylə qız qaçıran təkcə mənəm. Sonra illət keçəcək, mən də yanıqlı-yanıqlı deyəcəyəm ki:
Səni Qürbətə gətirdim
Axı niyə gördüm səni,
Niyə gözlərimə dəydin?
Bəlkə nahaq eşqə düşüb,
Bu sevgiyə boyun əydin?
Nahaqdan vuruldun mənə,
Gərək məni sevməyəydin,
Səni Qürbətə gətirdim!
Sevinmədin gözün dolu,
Qəmlə, dərdlə sözün dolu,
Tənhalığa öyrəşmişdim,
Tək gedəsiydim bu yolu,
Səni Qürbətə gətirdim!
Əsir etdi bu məhəbbət,
Qəribliyin yükü zillət,
Sənə bir gün ağlamadım,
Səni qoydum yurda həsrət,
Səni Qürbətə gətirdim!
Dağların sünbül-süsəni,
Baxışından duydum səni,
Yurd həsrəti gözlərində,
Dərd içində qoydum səni,
Səni Qürbətə gətirdim!
O doğma yurd elə uzaq,
Yolumuzu alıb sazaq,
O aylara, o illərə,
Pərən-pərən o ellərə,
Hey baxırıq gendən belə,
Qonşu qızı, bağışlama,
Bağışlama innən belə,
Səni Qürbətə gətirdim!
Hər gecə kəndini yuxuda görən adam
Kəndimizi unuda bilmirəm, bu mümkün olan deyil. 35 ildir ki,Moskvada yaşayıram, 30-dan çox dövlətdə ezamiyyətlərdə olmuşam. Nə olduğum ölkələr, nə də Moskva bir dəfə də olsun yuxuma girməyib. Kəndimiz yuxularımdan əl çəkmir. Kəndimizin həsrətiylə yaşayıram. Hansı ki indi 21 bir ildir ki, düşmənlərin tapdağı altındadır. Bu kənddə çox şeylərim qalıb. Anamın laylası, acılı-şirinli xatirələrim, yeniyetmə çağlarım, gəncliyim. Bütün varlığım borcumu verə bilmədiyim o kəndlə bağlıdır. Onsuz yaşamaq isə çox çətindir. “Hələ ki borcumu verə bilmirəm” şeirimdə dediyim kimi.
Orda layla deyən bir guşəm qalıb,
Orda göy çəmənim,göy meşəm qalıb,
Orda boynubükük bənövşəm qalıb,
O məyus,o küskün gülə borcluyam,
Hələ ki borcumu verə bilmirəm!
Ulduz İBRAHİMOVA
Elmin NURİ
- Yorum yapmak için giriş yapın