Əbdül Hüseynov – 85: yubiley və təqdimat
Moskva şəhərində Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi və “Şəhriyar” Ədəbi-mədəni Cəmiyyəti görkəmli yazıçı və tarixçi alim, İkinci Dünya Müharibəsi veteranı Əbdül Ənbiya oğlu Hüseynovun 85 illik yubileyini birgə qeyd etdilər. Bu tədbir həm də yazıçının yenicə çapdan çıxmiş “Üsyankar Xaqani” tarixi romanının təqdimat mərasimi oldu.
Qeyd etmək lazımdır ki, bu əsər “Piliqrim iz Şirvana” (“Şirvanlı zəvvar”) adı ilə Rusiyada çoxdan yayılmışdır. Yeni nəşr isə azərbaycandilli oxucularla ilk görüşdür. Klassik azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin keşməkeşli həyat yolunu əks etdirən bu romanı rus dilindən tanınmış şair və yazıçı Sultan Mərzili sənətkarlıqla tərcümə etmişdir, redaktoru şair Nəsib Nəbioğludur.
Əbdül Hüseynov 30-dan artıq tarixi-bədii əsərin, türkologiya elminin sanballı nümunələri sayılan 10-a yaxın monoqrafiyanın, 400-dən çox elmi-publisistik məqalənin, yeddi filmin ccenari müəllifidir.Əsərləri ingilis, fransız, alman, ispan, ərəb dillərinə tərcümə olunmuşdur. Əsasən rus dilində yazmasına baxmayaraq, onun əsərlərinin mövzusu Azərbaycanın və müsəlman şərqinin tarixi keçmişindən alınmışdır.. Bu sıradan “Mustafa xanın xəzinəsi”, “Xocalı fəryadı”, “Napoleonun şəxsi qvardiyasının zabiti”, “Səlahəddin”(böyük müsəlman sərkərdəsinin həyat və mübarizəsindən bəhs edir), “XX əsrin yüz məşhur azərbaycanlısı” kitabları diqqətəlayiqdir. Əbdül müəllim özünü reklam etmək xəstəliyindən uzaq bir şəxsiyyət olaraq, artıq yarım əsrdən çoxdur ki, səssiz-səmirsiz Azərbaycanı öz əsərlərinin prizmasından nəhəng Rusiyaya tanıdan sənətkardır.
Tədbirdə Rusiya Federasiyasında fəaliyyət göstərən bütün azərbaycan diaspor qurumlarının nümayəndələri, Rusiya və Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvləri iştirak edirdilər. Çıxış edənlər – Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin sədri Tofiq Məlikli, “Şəhriyar” Ədəbi-mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov, Rusiya azərbaycan diasporunun tanınmış nümayəndələri Ramiz Abutalıbov, Hacı Mirəşrəf Fətiyev, Həsib Həbioğlu, Manaf Ağayev, Sultan Mərzili, Əliş Əvəz, İlham Bədəlbəyli, Əlipənah Abuşov, Rövşən Əliyev, Ənvər Qənbərov, Əşrəf Hüseynli, Qalib Ağayev yazıçının həyat və yaradıcılığından danışdılar, onun əsərlərinin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri və çəkisi olduğunu vurğuladılar.
Tədbirdə bu sətirlərin müəllifi və tarix elmləri namizədi Əşrəf Hüseynli yazıçı və alim Əbdül Hüseynova həsr etdikləri şeirlərini oxudular. Məclis ulu Aşıq Ələsgərin nəticəsi, texniki elmlər namizədi Nazim Qurbanovun və Moskva məktəblisi Elnur Qənbərovun çaldıqları saz sədaları altında keçdi.
Axırda gənc Elnur öz improvizasiysında sazda məharətlə ifa etdiyi Azərbaycanın və Rusiyanın Dövlət himnlərini Əbdül müəllimə ərməğan etdi. Tədbir xalqları dostluğa səsləyən belə bir beynəlxalq notla sona yetdi.
Əliş Əvəz,
Azərbaycan Yazıçılar Birliyinin və
Rusiya Jurnalistlər Birliyinin üzvü
- Yorum yapmak için giriş yapın