ŞƏFƏQ NASIR: QÜRBƏTDƏN GƏLƏN SƏSLƏR
Bu günlərdə Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin nəşri olan bir Almanaxla tanış oldum. Üzqabığında Əməkdar rəssam Fəxrəddin Əlinin çəkdiyi portret yaddaşımızda izi-sözü qalan şairə munis duyğular oyadır. Görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şərəfinə nəşr olunmuş bu kitabda ölkəmizdən kənarda yaşayıb fəaliyyət göstərən, ürəklərində vətən məhəbbəti ilə ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edən soydaşlarımızın fəaliyyəti diqqətəlayiqdir.
Cəmiyyətin sədri, publisist Vasif Məmmədov qurumun yaranması, təşəkkül tapması ilə bağlı yığcam məlumatında belə bir fakta diqqət yetirir. “Bu gün Rusiyada, o cümlədən onun paytaxtı Moskva şəhərində minlərlə azərbaycanlı soydaşlarımız yaşayır və çalışırlar. Təbii ki, burada yaşayan və müxtəlif sahələrdə çalışan qardaş və bacılarımız Rusiya dövlətinin ictimai-siyasi həyatından kənarda qalmırlar. Əksinə, millətimizin ziyalı zümrələri, həmçinin yaradıcılıqla məşğul olan adamlar Rusiyanın ədəbi mühitində yaxından iştirak etməklə böyük ədəbi inteqrasiyaya nail olurlar”. Bu halda onların bir cəmiyyətdə birləşərək fəaliyyətlərini sistemli və davamlı şəkildə qurması ürəkaçandır.
Vasif müəllimin qeyd etdiyi kimi, illər öncə cəmiyyətin bünövrə daşını qoymuş, onun yaradıcılıq yığıncaqlarına rəhbərlik etmiş qurumun sədri, fəlsəfə elmləri doktoru, mərhum professor Rəfiq Sarıvəlli oğlu Qurbanov bu ədəbi birliyi yaratmaqla ədəbiyyatımıza böyük xidmət etmişdir. Soydaşlarımz Moskva kimi nəhəng şəhərdə bir çox millətlərin yaşadığı və hər sahədə rəqabət apardığı zamanda Şəhriyarın adını daşıyan bir cəmiyyət açmaqla diaspor həyatlarında böyük ədəbi-mədəni uğurlara nail olurlar. Bu müqəddimə həm də ona görə bizə maraqlı göründü ki, uzun illər fəaliyyətləri çərçivəsində keçirdikləri tədbirləri yada salmaqla diasporumuzun vətəndən uzaqda milli təəssübkeşlik hissi, ziyalı qeyrətilə və xüsusi canfəşanlıqla ədəbiyyatımız qarşısında xidmətlərindən xəbərdar olduq.
Tarix elmləri doktoru Əşrəf Hüseynli kitaba yazdığı “Sözün qüdrəti” adlı giriş sözündə Şəhriyarın sənət dünyasna, ictimai taleyinə bir pəncərə açaraq özünün tədqiqat araşdırmaları ilə işıq salmışdır. Oxucuda belə bir fikir yarana bilər ki, şairin həyatı, tərcümeyi-halı haqqında kifayət qədər məlumatlar ictimaiyyətə, ədəbiyyat tariximizə məlum olduğu halda belə bir məzmunda giriş sözünə ehtiyac vardımı? Əlbəttə vardır. Çünki ölkəmizdə, eləcə də vətəndən uzaqlarda zaman-zaman dəyişən, yeniləşən gəncliyin, başqa xalqların da Azərbaycanın qüdrətli şairi Məhəmmədhüseyn Şəhriyarı tanıması, həyat yolundan xəbərdar olması vacibdir. Başqa bir tərəfdən, hər bir araşdırmaçının qələmə aldığı mövzunu işləməsi prosesində öz fikir və qənaətini onun ömürlüyü fonunda yeni bir aspektdən işləməsi yazının özəlliyini, müəllifin özünəmənsubluğunu ortaya qoyur. Bu mənada Ə.Hüseynlinin “Sözün qüdrəti” məqaləsində Şəhriyarın şəxsi, ictimai ağrıları, əsərlərinin daşıdığı məna yükü, klassik şeirimizin müxtəlif janrlarında sənət inciləri yaratması haqqındakı fikirlər böyük maraq doğurur. Və bu araşdırma-məqalədə müəllif Arazın ikiyə böldüyü Azərbaycanımızın cənubunda, Təbrizdə tarixi hadisələrin yaddaşda qövr edən ağrılarını xatırladır. Əlbəttə ki, bu ağrıları ustad Şəhriyar ömür-günündə qovrula-qovrula yaşamışdır. Əşrəf müəllim Şəhriyarın şəxsiyyətini ədəbi irsinin timsalında xarakterizə etməyə, şeirlərinin təhlil-təqdimi ilə açmağa səy etmiş və məqsədinə nail olmuşdur.
Aydındır ki, xalqlar arasında ədəbiyyatın, mədəniyyətin yaratdığı ünsiyyəti, yaxınlığı heç nə əvəz edə bilməz və bu dostluğun dəyəri misilsizdir. Ə.Hüseynli bu bağlılığı belə ifadə edir: “Mənə elə gəlir ki, bəşəriyyətin sözlə yaratdığı mədəniyyət güclü olub, insanların qəlbinə, ruhuna təsir göstərə bilən bir vasitədir. Söz isə bəşər taleyini cənnətə səsləyən əbədi çağırışdır. Bu mənada Şəhriyar söz və sənətkarlıq səltənətində böyük qüdrətdir”.
Topluda müxtəlif növ və janrlarda verilmiş ədəbi nümunələr ideya və məzmun mahiyyətilə maraq doğurur. Burda ədəbiyyat adamlarını birləşdirən ümumi cəhətlər var. Qəribçilik, vətən həsrəti, ana torpağa bitib-tükənməyən sevgi, ziyalı məhəbbəti, eləcə də Azərbaycanın yaşadığı dərdləri, ağrıları, can yanğısı ilə çəkmək, bu əsərlərin leytmotivini təşkil edir. Uşaqlıq və gənclik çağlarını keçirdikləri vətən torpağı yuxularının, yaddaş xatirələrinin ən şirin, unudulmayan yaşantılarıdır. Onlar öz diaspor həyatı, fəaliyyətləri ilə vətənə birlik, həmrəylik nümayiş etdirir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini layiqincə təmsil edirlər. Bu təmsilçiliyin meyarı ayrıca bir söhbətin mövzusudur. Əsas odur ki, bu birlik, həmrəylik məfkurəvi bağlılığı fədakarcasına yaşadır, inkişaf etdirir. Qeyd etdiyimiz eyniliklə yanaşı mövzü seçimində, bədii təsvir vasitələrindəki ifadə rəngarəngliyi, özünəməxsusluq əsərlərin məna dəyərini, ictimai əhəmiyyətini seçimli edir
Şərqşünas-alim, yazıçı-publisist Əbdül Hüseynovun Bakının Abşeron yarımadasında qədim məbədgah – Atəşgah haqqında qələmə aldığı publisistik əsəri (“Атешгях, храм огня”), həmin ərazidə atəşpərəstlərin minillərlə mövcud olan müqqəddəs yerinin təsviri və onun ətrafında yaranmış hadisələrin, həm də çeşidli faktların zənginliyi ilə böyük maraq doğurur.
Özünün sərrast, məntiqi-fəsəfi fikirlərini, həyat müşahidələrini canlı, bədii lövhələr fonunda təsvir edən, güclü, yaddaqalan xarakterlər yaradan yazıçı Çingiz Hüseynovun “Qələmin yuxuları”ndan verilən hekayələrdə cəmiyyətin reallıqları, yaşadığımız gerçəkliklər öz əksini tapmışdır.
Şair Əşrəf Hüseynovun istər vətənlə bağlı şeirləri, istərsə də məhəbbət havası dolaşan misralarından doğma yurd yerlərinin, ana təbətin ətri duyulur. Fəsillərin növrağında gətirdiyi sevinc, coşan çayların, yanan ulduzların nəşəsi təbiətin nuru, həyatın mənasıdı, deyir şair. Amma həyat haqqında düşüncələri, ömründən əxz etdikləri qürbət eldə qəlbini üşüdür. Burda adamın yadına istər-istəməz “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” hikməti düşür.
Əşrəf, bilirsən ki, ömür qənimət,
Torpaqdan güc alar qələm, şeiriyyət.
Öz yurdun, öz elin cənnətdi, cənnət,
Qürbətdən vətənə gəl yavaş-yavaş.
(“Yavaş-yavaş”)
Əslən qarabağlı olan şair, yazıçı-publisist, tərcüməçi Sultan Mərzilinin hekayələrindəki milli kolorit, kənd həyatını, sadə peşə adamlarının psixologiyasını dərindən bilən yazıçının bütün əsərləri haqqında ayrıca fikir söyləmək, xarakterik olan obrazlarından ətraflı şəkildə bəhs etmək olar. Yazıçının gözündən-könlündən çəkilməyən kəndinin füsunkar mənzərəsi, doğma havası onda elə bir daxili zənginlik və bəddi təxəyyül yaratmışdır ki, müəllif onu bədii əsərlərə gətirməklə vətənin bir parçasının portretini çəkmiş, çeşid-çeşid obrazlar, tipik personajlar yaratmışdır. Biri elə Məhərrəm kişi: “... – Munun da qabağından dinmədikcə, lap özündən çıxır! Neynirəm ə, mən bir heylə qızı?! - deyərək toppuzlu qırmızı alça ağacını var gücü ilə göylərə tolamazladı. Bu sözlərdən elə bil göy guruldadı, ildırım çaxdı. Məhərrəm kişinin alça ağacı qızıl ilan kimi atılıb buludları çaldı, şimşək kimi çırpılıb şaqqıltı saldı. Tolamazının arxasınca iri ala gözlərindən çıxan qığılcımlar buludları silkələdi...” Bədii sözün qüdrəti oxucuda güclü təsir yaratmaya bilməz...
Maya Bədəlbəylinin şeirlərində isə nostalji duyğulara, lirik əhval-ruhiyyəyə söykənmiş bir ovqat var. Xəzərə, onun sahillərinə bağlılıq, rəngli yuxular, Tanrıya üz tutub, dərdini göylərlə bölüşmək, küləklərlə söhbət etmək, üfüqdən o yanda sirli dumanlar içində payızın yarpaq tökümü, səmavilik duyğuları, tənhalıq, ayrılıq, həsrət, hicran nəğmələri... şeirlərinin qayəsini təşkil edir. “Düşüncələr”, “Kim özünü müqəssir sayır”, “Dua”, “Yadplanetli”, “Payız yuxusu”, “Mən dünyada olmayanda” kimi şeirlərində dünyaya duyğu və düşüncələr spektrindən baxan, öz rəngləri, palitrası olan orijinal bir şairlə üz-üzə, göz-gözə qalırıq...
Bir sıra elmi-bədii kitabların müəllifi olan Yaqut Nemətovun bu almanaxda yer almış şeirləri ilə yanaşı Nizami Gəncəvinin şəxsiyyəti, ədəbi-fəlsəfi təxəyyülünün məhsulu olan əsərlərində azərbaycanlı obrazı, türkçülük mövqeyi yeni, həm də özünəxas aspektdən işıqlandırılıb. Dövrün təzadları, müharibələr, dağıntılar içərisində itib-batmayan ədəbi-fəlsəfi düşüncələrinin etibarlı daşıyıcısı olan külliyyatı Şeyx Nizamini xarakterizə etməyə böyük imkan yaratmışdır.
Müəllif Azərbaycan satirasının banisi M.Ə.Sabirin “İşgəncələrlə dolu ömrü”nə reallıq prizmasından nəzər yetirməklə, şairin ömürlüyündən, əsərlərindən, ədəbiyyat tariximizdən öyrəndiyi faktlara yenilikçi mövqeyi ilə nəzər yetirməyi vacib sanmışdır.
Azərbaycan mədəniyyətinin, incəsənətinin incisi, ləli sayılan, muğamlarımızın mahir ifaçıları haqqında Vasif Məmmədovun ərsəyə gətirdiyi publisistik məqalələr, hər birinin sənətə münasibətindəki fərdiliyi, ifa tərzindəki bənzərsizliyi, özünəxaslığı ifadə edə bilməsi baxımından olduqca maraqlıdır. Burda sənətkarın sənətinə, şəxsiyyətinə, davranışına sanki projektor işığında diqqət yetirməsi, həssaslıq göstərməsi təbii ki, müəllifin sözünün sanbalına, dəyərinə söykənir...
Tərcümeyi-halı kifayət qədər zəngin olan Əliş Əvəz ədəbi yaradıcılığın bütün qollarına jurnalistikadan yol almışdır. Bu uğurlu başlanğıc onun həqiqi ədəbiyyat adamı kimi yetişməsində müstəsna əhəmiyyət kəsb edib, desək yanılmarıq. Mətbuatla, qəzet nəşri ilə ciddi məşğul olan Əliş müəllimin ölkəmizdən kənardakı ictimai-ədəbi fəaliyyəti ürəkaçandır. Azərbaycan məmləkəti vətən oğlunun poetik düşüncəsində çox səmimi təsvir olunur. Şairin xatirələri çiləntilər təki yaddaşı döyəcləyir, insanı duyğulandırır. Qürbətin yaddaşı yandıran acısı Əliş müəllimin də taleyinə öz naxışını salıb.
Sağım da həsrətdir, solum da həsrət,
Həsrət zülmətində boğulub qaldım.
Yaxınım qürbətdir, uzağım qürbət,
Qəlbimin küncünə qısılıb qaldım.
(“Qürbət duyğusu”)
Əliş müəllim qürbətdə yaşayıb-yaratmış, həyatdan köçüb getmiş yaradıcı insanları unutmur, adlarına payız çiçəkləri təki həzin bir xatirə çələngi bağışlayır.
Əslən Kəlbəcərdən olan Mirabbas Ağdabanlının şeirlərində də itirilmiş yerlərin həsrəti, nisgili həzin-həzin yağan yağış damcılarına dönüb adamı isladır, qəlbini üşüdür. Bu şeirlərin ruhundan süzülən ibrətamiz, nəsihətamiz fikirlər elə bir tutarlı ifadələrə, məntiqə söykənir ki, onlara inanmamaq, yaxınlaşmamaq olmur. Mirabbas Ağdabanlının şeirləri öyüd təki yaddaşa, qəlbə yazılandı. Hansını deyim...
Qürrələnmə, demə ki, əllərin dünya yaradar,
Göylərin ulduzu tək min belə məna yaradar,
Sən özün röya ikən, röyalar röya yaradar ,
Nitqinin var səbəbi, baqisin Allahdı bilən!
(“Allahdı bilən”)
İxtisasca ədəbiyyatçı olmasa da Mahirə Əliyeva, fikrən ədəbiyyata bağlı olan, onunla yaşayan bir qələm sahibidir. Lirik şeirlər müəllifi kimi tanıdığımız Mahirə xanımın poeziyası kəpənək qanadları kimi zərif duyğulara bənzəyir. Az sözlə böyük məna yükünə malik olan bu şeirlər qulağa xoş gəldiyi kimi qəlbə də yatır. İnsanı duyğulandırır, sanki qanadlarına alıb pənbə buludların üstü ilə gəzdirir, bəzən də adamı kövrəldir. Şeirlərin qəmi səni yandıra, ovuda bilir. Mahirə ovqatına hakim olan kədərlə bağrıbadaşdı.
Sənə sevda dedim, məhəbbət dedim,
Tanrı bilə-bilə yoxladı məni.
Sənə Tanrı verən səadət dedim,
Kədər ayağına bağladı məni.
(“Ağladı məni”)
Mahirənin şeirlərində təklikdən, yorucu düşüncələrdən, sıxıntılardan, zülmətdən, sükutdan, tənhalıqdan yaranmış həmən kədər yağış təki qəlbinə axıb tökülür, burda şair sızlamasın, neyləsin...
Yaş süzülür, quruduram,
Acı olur mən uduram.
Varlığımı unuduram,
Bəxtim, bir az ağla məni.
(“Bəxtim, bir az ağla məni”)
Və bunların acısını udunca saflıq, paklıq çağlarına, uşaqlığına qayıtmaq istəyi qəlbini çulğayır. Mahirə xanımın şeirlərində bayatı havası, ahəngi var. Onun lirikası ayrıca bir bəhsin mövzusudur. Sağlıq olsun...
Şair, publisist, tərcüməçi Afaq Şıxlı Azərbaycan mətbuatında müntəzəm çıxış edən müəlliflərdəndir. Yəni vətənlə sıx əlaqəsi olan, tədbirlərə dəvət alan ədəbiyyat adamı olaraq yaradıcılığı ilə həmişə ədəbi mühitin mərkəzindədir. Onun şeirlərindəki daxili intonasiya, melodinamiklik fikrin, hissin poetik ifadəsilə vəhdətdədir. “Ömrümün beşinci fəsli”, “Gecikmişəm, bağışla”, “Hər şey gözəl başlamışdı”, “Deyirlər”, “Gəlin, axtaraq məni”, “Qürbət”, “Qadınlar”, “O günlərdən gələn dostum”, “İnan mənim sevgimə”, “Tənhalığı sevən adam” və başqa şeirlərdə zərif, kövrək, sirli bir ürəyin çırpıntıları var.
Afaq Şıxlının şeirlərində həm də bir qürbət ab-havası yaşanır. Qəribliyin payız ovqatı qatarından ayrı düşən durna təki haray çəkir:
Gün baxsa da hərdən bir az,
Nə qəm bitər, nə də ayaz.
Qərib ömrə gəlməz ki, yaz, -
Payızın özüdür qürbət.
(“Qürbət”)
“Bu yerlərdə yaz yağışı kimiyəm”, deyən Könül Ordubadlı dənizə də, günəşə də, Xarı bülbülə də sevgisində səmimidir, etibarlıdır. Qəriblikdə “qar çiçəyi”nin həsrətiylə yaşamaq da ümidə düşən bir işıq zolağı təkidi.
Qarabağın qar çiçəyi
Ağacların nar çiçəyi
Sevənlərin yar çiçəyi
Xarı bülbül, Xarı bülbül
(“Xarı bülbül”)
Valeh Salehin lirik şeirlərində poetik düşüncəsindən, duyumundan süzülən bir gənclik coşqusu var. Bir vüsətli harayında “Mən insanam, məni sevəcəklər”, deməklə bu inadının məntiqi dərkini açıqlayır. O, həyatın bütün rənglərini sevir, onun sərtliyini, acısını, qovğasını da görür, duyur. Amma bunlar onu qorxutmur, çünki o, təzadlarla dolu bu həyatda özünün də sevildiyinə əmindir. Şeirləri Valeh Salehin xarakterinin tərcümanıdır...
Gənc şair Yaşar Süleymanlı şeirlərində sanki özünü axtarır. Lirik “mən”inə söykənən müəllif gördüklərini, müşahidə etdiklərini, duyğularını mənəvi süzgəcindən keçirərkən poetik inamına söykənir. İnsanın bu dünyadan istəyi nədir ki? Başının üstündə tavanı, isti ocağı, xoş üzlü həmdəmi, bir də doğmasının həyanı ...
Çox şeymi istədi bu adam?
Dörd divar, üstü dam.
Hər səhər görəcəyi bir üz,
Eşidə biləcəyi bir söz,
Əcəl qapısın döyəndə,
Baş qoyub öləcəyi bir diz...
(“Nə istədi bu adam?”)
Bu da Yaşarın poetik axtarışlarının bir uğurlu tapıntısıdır.
Nilufər Şıxlı gənc olmasına baxmayaraq artıq şeirləri, nəsr əsərləri, həm də tərcümələri ilə həm Azərbaycanda, həm də Rusiyada tanınır. Şeirlərindəki əsrarəngiz panoram – coşqunluq, kükrəklik, sevgi rayihəsi könülləri oxşayır. Maraqlı olan da budur ki, vaxtın, zamanın axarı, ictimai formasiyaların dəyişməsi, şeirə münasibətin soyuması belə, gənc qələm sahibini əbədi mövzulara müraciət etməkdən çəkindirməyib. Mən Nilufərin sevgi şeirlərində 60-70-ci illərin saflığını, təmizliyini duydum. Görünür, əsl poeziya üçün vaxt, zaman məvhumu yoxdur. Şairənin “Baharda ölmək istərəm”, “Bəlkə cənnətdə də ağlayacağam”, “Gözəldirmi sevilmək”, “Sil göz yaşını”, “Nədir xoşbəxtlik?”, “Vida”, “Mən bilirəm necə uzaqlaşır qatarlar” şeirlərindəki mübhəm duyğular, görüş-ayrılıq məqamlarının doğurduğu xoşbəxtliklə acı iztirabın assosiasiyası insanı yenidən şeirlə tənha qalmağa sövq edir.
Nilufər xanımın hekayələri də xoşuma gəldi. Xüsusilə “Köhnə albom” hekayəsindəki nostalji hisslər, məktəb illərinin unudulmayan anları - kül altında qalan köz kimi xatirələri oyadır...
Gənc şair Rodion Rodionov Rusiyada doğulsa da Azərbaycana böyük sevgisi olan şairdir. Onun Qarabağ haqqında silsilə şeirlərini həyəcansız oxumaq olmur. Görünür, həqiqəti, haqqı, ədaləti hər şeydən uca tutan ləyaqətli insanların milliyyəti olmur. “Şuşa”, “Ağdam”, “Xocalı”, “Qarabağ torpağı”, “Füzuli” şeirlərində gənc rus şairinin xalqımıza böyük sevgisini duymamaq, görməmək mümkün deyil. Bu şeirlərdəki dərin səmimiyyət bizi duyğulandırır. “Xocalı” şeirindəki ağrını ifadə etməksə çətindir, çox çətin. Burda sözlər sanki ağır-ağır nəfəs alır. Bu yerdə düşünrük ki, başqa millətlərdən olan yaradıcı insanların Azərbaycan həqiqətlərini bədii sözün dili ilə oxucularına çatdırması olduqca vacibdir. Çünki bədii əsərlərin gücü, oxucu kontingentinin əhatə dairəsi, dalğası başqadı. Rodion Rodionovun şeirləri ilə toplunun bitməsi də simvolik məna daşıyır: Azərbaycan həqiqətləri sərhəd tanımır. Haqq incələr, üzülməz, qalib gələr. Geci, tezi var, deyib ulularımız ...
Əlbəttə, həcmcə böyük olan bu topluya daxil edilmiş nəsr, publisistika və şeir nümunələrinin hamısının ədəbi səviyyəsi eyni deyil. Əslində fikrimiz heç də onları təhlil-tədqiq süzgəcindən keçirmək, qüsurları aramaq olmadı. Qürbətdən eşidilən səslərin işığını, rəngini görmək idi məqsədimiz. Bu mənada vətəndən uzaqda ana dilimizi, ədəbiyyatımızı yaşadan, təbliğ edən, qəlblərində vətən sevgisi alovlanan yaradıcı insanları ruhlandırmağa, xüsusən də gənclərin bədii imkanlarına güvənməklə onlarda özünəinamı gücləndirməyə çalışdıq.
Şəfəq Nasir
Filologiya üzrə fəlsəfə doktoru
- Yorum yapmak için giriş yapın