Əşrəf Hüseynli: BİR ADDIMLIQ ÖMÜR..
Şair Sultan Mərzilnin müxtəlif illərdə qələmə aldığı və 2006-cı ildə Bakıda nəşr olunmuş şeirlər kitabı belə adlanır. Fizikadan lirikaya gələn həmin bir addımlıq ömür minillik Azərbycan ədəbiyyatı xəzinəsinə dəyərli bir şeirlər kitabı töhfə etmişdir.
Qarabağın dilbər guşəsində dünyaya göz açan Sultan Mərzili misilsiz Azərbaycanımızın sanki bütün gözəlliklərini və füsünkar təbiətini elə uşaqlıqdan qəlbinə köçürmüş və həmin əsraəngiz təbiət də ona həyatda coşqun ilham, şairlik bəxş etmişdir.
Dünya ədəbiyyatına korifeylər vermiş Azərbaycan xalqı sözün əsl mənasında şair xalqdır. Bunu ulu babalarımızın cüt dalında dediyi nəğmələr, nənələrimizin beşik başında zümzümə etdiyi kövrək, həzin bayatılar, Oğuz nəslinin peyğəmbəri Dədə Qorqudun nəğmə dolu qopuzu, Dirili Qurbaninin, Abbas Tufarqanlnın, Xəstə Qasımın, Aşıq Alının, Aşıq Ələsgərin və aşıq Ədalətin Segah dilli yanıqlı sazı da bizə sübut edir. Qoç Koroğlu igid dəlilərini şeirlə, şur üstə deyilmiş qaytanlı havaları üstündə düşmən üstə hücuma apararmış...
Azərbaycan dili dünya binə olandan sanki şeir və poeziya üçün yaranmışdır. Elə buna görə də ədəbiyyatımızda sinədəftər şairlər, meyxanaçılar, qəzəlxanlar, ölməz söz ustadları zaman-zaman bir-birlərini əvəz etmişlər. Dünya ədəbiyytında nə ikinci Mövlana Məhəmməd Füzuli, nə də Əliağa Vahid kimi sinədəftər bir qəzəlxan olmuşdur. Bu sözləri cəsarətlə yazıram. Çünki, belə sənətkarları yalnız söz, sənət və poeziya aşiqi olan Azərbaycan xalqı yetirə bilərdi.
Bu gün ədəbiyyatımızda Sultan Mərzili kimi bir sənətkar, coşqun, saf, ehtiraslı təbi olan, məhəbbət və poeziya aşiqi də belə bir zəmində yarana bilərdi. Azərbaycan ədəbiyyatında həvəslə, şövqlə, təlatüm və kükrəiyişlə at oynadan onlarla, yüzlərlə, hətta minlərlə əlinə qələm götürənlər, yazarlar olmuşdur. Lakin usta səviyyəsinə çox azları, ustad səviyəsinə isə azların da azları yetə bilmişlər. Qalın-qalın kitablar çap etdirib ortaya qoymaq hələ sənətkar olmaq demək deyil, üstünü toz basmış kitabların yerinə oxucu qəlbində, xalqın qəlbində qala bilmək əsas şərtdir. Həsənoğlu elm aləminə məlum olan bir-iki şeri ilə ədəbiyyatımızda yer tutub. Haqqında bəhs etdiyimiz Sultan Mərzili də bu məsələyə toxunaraq fikrini belə açıqlayır:
Oda bələməsən ürək sözünü,
O söz ürəklərin elçisi deyil.
Kitabın qalını, şeirin uzunu,
Yaxşı ki, şairlik ölçüsü deyil!
Son dərəcə həqiqi və təndürüst deyilmiş sözlərdir. Gənclik illərimdən bu günə kimi yüzlərlə, bəlkə də minlərlə şeir kitabları oxumuşam, hər bir gənc şairlərin yeni çıxan əsərlərini mütəmadi izləmişəm. Qəlbimə yatan, ruhuma yaxın olan müəlliflərin əsərləri bu gün də mənim şəxsi kitabxanamda əziz bir ürək sirdaşları kimi qalmaqdadır.
Sultan Mərzili isə, məncə insafla desək, həyata anadangəlmə şair kimi xoşbəxt doğulmuş bir insandır. Onun xoşbəxtliyi şeirlərindəki mərdliyində, iradəsində, dözümündə və cəfakeşliyindədir. Poeziya və şeirin kriteriyası onun hər gəldi-gedərlər üçün olmamasında, ucalığında və əlyetməz olmasındadır. Bu yol nağıllarımızdakı gedər-gəlməz bir səfərə bənzəyir. Yolun əvvəlində və ortasında qalanların sayı bəlkə də göydəki ulduzlar qədərdir. Yalnız Fərhad kimi külüng çalanlar, Xətayi kimi qılınc çalanlar, dərdbilənlər, cəfakeşlər sözün zirvəsinə yetişə bilirlər. Mən özüm də şeirin nə olduğunu bilirəm, iki şeirlər kitabının da müəllifiyəm, amma necə deyərlər, mən o məcnunlardan deyiləm...
S. Mərzilinin şeirləri mənim qəlbimdə o qədər rahatlıq yaradıb, illərin yükündən soyumuş könlümü o qədər ehtizaza gətirdi ki, istər-istəməz belə deyərdim: Poeziyada, sənətdə Sultan olmaq üçün gərək Məcnun olasan, Məcnun kimi tanınmaq üçün isə gərək Sultan ola biləsən. Bizim məmləkətdə hamı şeir yazır, mənim kimi. Lakin qüdrətli sənətdən söz düşəndə, çoxları susmağa məcbur olur. Elə buna görə də bizimlə həməsr olan sənətkarımız Sultan Mərzili həmin məqamlara fikirlərini belə ifadə edir:
Şeirdən söz-söhbət açıldığı vaxt,
Fil kimi kükrəyib coşanlar çoxdur.
Elə ki, qələmdən yapışır qoçaq,
Görürsən, milşəkcə qüdrəti yoxdur.
“Əslində şeir də bir elmdir. Poeziya elmi” Bu sözlər də Sultan Mərzilinindir. Təcrübəli bir bağban gülşəni-raz yaratdığı kimi, mahir bir cərrah ən ağır əməliyyatı belə məharətlə başa çatdırdığı kimi, sözdə, sənətdə də ustalıq, məharət və istedad üstün gəlir. Hər əlinə qələm alıb şeir yazan şair olsaydı – dəryalar mürəkkəb, meşələr qələm olsa da bəs etməzdi. S.Mərzili yazır:
Zahiri bənzəyiş dəb olub indi,
Qəlbində saray qur, yenə duyulmaz.
Hər səfil gəzəndən Məhəmməd Hadi,
Hər yekəburundan Tolstoy olmaz.
S.Mərzili bütün məqamlara təcrubə, həyat, fəlsəfə və məntiq, səbəb və nəticə nöqteyi-nəzərindən yanaşır. Hər bir başlanğıc öz mahiyyəti etibarilə nəticəyə bağlanmalı, zaman və məkanca bir-birini tamamlamalıdır. Şeirdə, sənətdə kriteriya, mahiyyət və gözəllik budur. Belə bir çətin və əzablı, labrint kimi dolanbac yollarda çoxları nəticəyə gedən istiqaməti itirir, sonsuzluqda və çəkisizlikdə vurnuxurlar. Şair S.Mərzili məhz həmin fəlsəfi fikirlərini “Olmaz” rədifli şeirində olduqca həyati verə bilib:
Dünyada yeri var ucalığın da,
Hər alçaq təpədə bil ki, qar olmaz.
İstər gənc ol, istəq qocalığında,
Sənətdə korlardan sənətkar olmaz!
Doğrudan da sənətdə kor olmaq, görə, duya və sezə bilməmək kimi bir naşılıq, istedadsızlığın günahı qələmdə deyil, qəlbin gözünün korluğundadır. Xalq arasında belə bir məsələ də elə buradan yaranıb: “Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz”. Yuxarıda göstərdiyim “Olmaz” rədifli şeirində S.Mərzili həmin məqamları yüksək təzadlarla qələmə gətirə bilib:
Hər atasız uşaq Həzrəti İsa,
Hər dul arvad alan Məhəmməd olmaz.
Hər çəlik götürən Həzrəti Musa,
Hər saqqal qoyanda əzəmət olmaz
Bu misraları belə bir tərzdə, bu cür deyimdə qələmə gətirmək hər qələm sahibinin, hər oğulun işi deyil. Bu klassik ədəbiyyatımıza yaxından bələd olmaqdan, ustad sənətkarları sevərək yaşamaqdan irəli gəlir. Oxucu üçün maraqlı cəhətlərdən biri də kitaba giriş sözünün müəllifin özü tərəfindən yazılmasıdır.
Sultan Mərzili ixtisasca fizik və riyaziyyatçıdır. Lakin şeirlər toplusuna yazılan ön sözü oxuduqdan sonra belə bir qənaətə gəlirsən ki, nə yaxşı ki, kitaba giriş sözlərini elə müəllifin özü yazıb. Mən böyük məmuniyyətlə deyərdim ki, Sultanın özündən savayı heç bir ədəbiyytçı belə bir ön sözü yazmağa müvəffəq ola bilməzdi. Qarabağın füsunkar və əsraəngiz təbiəti gənclik illərindən Sultanın qəlbində tükənməz bir ilham mənbəyinə çevrilmiş, illər keşdikcə onu sözün, sənətim zivələrinə gətirib çıxara bilmişdir:
Xoş günümdən keçdim, / İllərimdən keçdim, / Oddan-buzdan yapışdım, / Əllərmdən keçdim.
Sevgilim atdı məni, / Səndən ötrü,./ Uçdumu ağ günlərim / Bir qara gündən ötrü?!
Keç desən, candan keçim, / Cümlə cahandan keçim, / Səndən keçmərəm, / Səndən keçmərəm.
Bəli, şeir kimi qənirsiz bir pəridən keçməyin, dünyada hamıdan və hər şeydən əziz və şirin olan p o e z i y a n ı Məcnunluqla sevən Sultanı şeir və sənət Sultanlıq məqamına gətirib çıxarır. Bəzən adama elə gəlir ki, nə yazasan və nədən yazasan?! Axı, dünyada deyilməmiş, söylənməmiş nə qalmış ki? Lakin “Bir addıımlıq ömür” kitabını oxuduqca yəqinlik tapırsan ki, dünyada şeirə, sənətə gətirmək üçün nə qədər təzə sözlər, eşidilməmiş deyimlər, və incə məqamlar varmış. S. Mərzili oxucunu hədsiz-hüdudsuz söz ümmanında yeni deyimlərlə, bakirə sözlərlə, saf büllur duyğularla qarşılaşdıra bilir:
Əsəm icazəsiz saçlarında mən,
Qəlbini oxuyam baxışlarından.
Ya da ki, ərk ilə tutub əlindən,
Keçirəm gözümün yağışlarından.
Mən gəncliyində sevgi və məhəbbət şeirləri yazan S Mərzili kimi şairlə ilk dəfədir ki, rastlaşıram. Təpədən-dırnağa sevgi ilə, məhəbbətlə nəfəs alan şair özü də bu barədə belə yazır:
Ah, nə qədər sevmək olar, ilahi?!
Göz qaralar, söz tükənər, dil yanar.
Ümman yumaz bir sevgilik günahı,
Gün saralar, ay qovrular, il yanar.
364 səhifəlik “Bir addımlıq ömür” kitabında müxtəlif illərdə yazılmış bir çox şeilərdə şairin həyatının nisgilləri, mənəvi və ruhi əzabları, gənclik məhəbbəti, tükənməz sevgisi əks olunmuşdur. Sevgi imthanında ələkdən saca keçən şair özü bu barədə belə deyib:
Burda ürəyimiz dil açan zaman,
Bildik nə dünyalar məhəbbətinmiş.
Dünyada yüz dövlət imtahnından
Bir qız imthanı daha çətinmiş.
Sevginin ölməz və əbədi fəlsəfəfindən danışan şair “Sevgisiz” adlı şeirində həmin duyğuları dah da inkişaf etdirərək yazır:
Qəlbində sevginin közü olmasa,
Bir günəş olarsan, amma istisiz.
Qəlbində sevginin özü olmasa,
Bir nəğmə olarsan, amma bəstəsiz.
Və yaxud da:
Gözəllik çöllərə səpilməyib ki,
Əzəldən yaranıb duman dağ üçün...
Sevgisiz insana ürək nə lazım,
Yarpaqdır, qurumuş bir budaq üçün.
Mənə elə gəlir ki, Sultanın saçları ağarsa da qəlbi hər zaman sevgi və məhəbbət hisslərindən nəşət tapdığından onun ilhamı heç zaman qocalmyacaq, o yetmiş yaşında da, səksənində, doxsanında və hətta yüz yaşında da gənclikdə olan sevgisini, məhəbbətini yaz çiçəklərinin ləçəkləri kimi, bağrına məlhəm edərək yenə də sevgi şeirləri yarada biləcəkdir. N.Gəncəvi belə yazıb:
Eşq düşsə daşın da qəlbinə əgər,
Gövhərdən özünə məşuq düzəldər.
S. Mərzil isə əsl həyatını yazan şairlərimizdəndir. Həyatını, ömrünü, gününü, hətta yanar eşqini belə şeirə, poeziyaya qurban verən şair şeirlərindən başqa onun üçün önəmli bir şeyin olmadığını görün oxucuya necə təqdim edir:
Bəzən ürək açmaq olmur heç kimə,
Deyirəm, onsuz da batdım, qoy batım.
Arabir baxdıqca şeirlərimə,
Görürəm, ordadır mənim həyatım.
Şair yarımçıq qalmış nəğmələrə bənzər məhəbətinin uğursuz dönəmlərini, eşqsiz, məhəbbətsiz bir ürəyin hava dolu bir qovuğa bənzədərək yandırıcı, həm də sənatkarlıqala şeirə gətirə bilib:
Sənli günlərimlə sənsiz günləri
Ömrümdən ayırıb yarı bölmüşəm.
Səndən ayrıldığım o gündən bəri,
Hamnının yanında qərib olmuşam.
S.Mərzili “Məktub” adlı şeirində həmin məqamları pessimizmdən nikbinliyə yüksəldərək yazır:
Duyur zərrə-zərə sevgini ürək,
Bu od yandıracaq başatan bizi.
Qovuşsa məhv olan iki zərrətək.
Bəlkə ayrılıqdır yaşadan bizi.
Həyat fəlsəfəsi, dünyanın müsbət və mənfi yüklərlə yükləndiyini, nəticədə isə həmin iki zərrədən həyat mübarizəsi üçün hansının yaşarlı olacağını şeir dili ilə S.Mərzili çox böyük ustalıqla oxucunun mütaliəsinə verə bilib. Kitabda çap olunmuş, sevgiyə, məhəbbətə dair bütün şeirlər demək olar ki, biri-birindən daha maraqlı, daha oxunaqlı və daha yaddaqalandır. Sultan Mərzili yəqin ki, xoşbəxt insandır ki, həyatında belə sevə bilib. O, eşqin, məhəbbətin, sevginin qədrini, mahiyyətini olduqca dərindən duyan bir şairdir. Yoxsa yazdıqaları yüzlərlə sevgi şeirləri bu qədər təbii, saf, ürəkyandırıcı və inasanı kövrəldən ola bilməzdi:
Bahar bitirməmiş sənintək çiçək,
Həm cəmalı göyçək, həm cismi göyçək,
Söylə eşqdənmi əsdikcə külək,
Alnına tökülən tellər sevinir!
Sultan həyatda qəlbən sevib və sevərək də yaşayıb. Sevgisinə, əhdinə axıra qədər vəfalı qalan şair ilk məhəbbətinə əbədi olaraq qovuşa bilmir. Elə özü də bu barədə misal gətirərək peyğəmbərcəsinə belə deyir: “Məcnun kimi sevənləin Leylisi həmiş İbn-Səlamlara qismət olur”. Doğrudan da müdrikcəsinə deyimiş sözlərdir. Məgər eşq səhralarında Leylisini itirib ürək yanğısına, sevgi nisgilinə, məhəbbət bəlasına düçar olanlar azdırmı?
İlk sevgi Allahdan verildiyinə görə pakdır, nöqsansızdır, qüsursuzdur. Məhz elə ona görə də çılğındır, kövrəldicidir, coşdurucudur, yandırıcıdır və nəhayət nisgillidir. Sevən insanın evinə, yanına gəlmək əvəzinə, kosmosa, göylərə çəkilən sevgi, eşq, məhəbbət yer üzündə hər bir insanın qəlbini imtahandan keçirir, yaxıb-yağmalayır, alovlarda bişirir və nisgilə çevrilib özünün idarə mərkəzinə qayıdır. İlk məhəbbət yer üzünün aldadıcı hiyləsindən, şöhrətindən, mənəmlikdən, təmənnadan, gözqamşdırıcı altunlardan, ikiüzlülükdən uzaqdır. Ona görə də o, yer üzünə sığmır və axırda özünün pak, büllur, nur dolu mənzilinə – transendental bir aləmə rücu edir.
Zənnimcə, Sultan məhz belə bir eşqin, belə bir sevginin bəlasına düşmüş aşiqlərdəndir. Nə bilmək olar ki, bəlkə də yandırıcı, nisgilli o eşq olmasaydı bu gün S.Mərzili kimi bir şair də olmazdı. İlk sevginin bəşəri olmadığını dərk edən filosof şair həmin fikri “Düşər” rədifli qoşmasında görün necə qələmə alır:
İlk sevgi deyildir heç kimə qismət,
Bəşəri deyildir ondakı xislət.
Bəlkə yox dünyada mütləq səadət,
Olsa da insandan uzağa düşər.
Mən Azərbaycanda olduğum illərdə məhəbbət şairi hesab etdiyim N.Kəsəmənlinin şeirlər kitabını həmişə yazı stolumun üstündə saxlayırdım. N.Kəsəməbnli eşq və məhəbbətə həsr olunmuş şeirlərində sentimentalizm və romantika nə qədər güclüdürsə, mənə belə gəlir ki, S.Mərzilinin sevgi təranələri bir o qədər fəlsəfi, məntiqli, nisgilli, kövrəldici və ürəkyandırıcıdır. O, lirik şeirlərində o qədr güclü təzadlar, təşbehlər və kövrək məqamlar yarada bilib ki, oxucu öz mütaliəsində onların heç birinə laqeyd qala bilmir. Minlik mismar kimi hədəfə tutdurulan həmin misralar və şeirlər insanın qəlbini ehtizaza gəririr və onu özündən alır:
Qəlbimi günəştək saçaqlayım mən,
Gözə görünməsin kiçik bir ləkə.
Qoy bütün dünyanı qucaqlayım mən,
Əllərim sənə də toxundu bəlkə.
Bu misralar mübaliğəsiz olaraq böyük ustadlıqla qələmə alınmışdır. Ümumiyyətlə, “Bir addımlıq ömür” kitabını mütaliə edən oxucu orada dərc olunmuş sevgi şeirlərinin sehrinə düşərək onlardan ayrılmaq istəmir. S.Mərzili Azərbaycan şeirinin demək olar ki, bütün janrlarında qələmini sınamış və biri-birindən gözəl, poetik qoşmalar, təcnislər, rübailər, nəğmələr və qəzəllər yazmışdır.
Kitabda diqqəti ən çox cəlb edən mövzulardan biri də vətənpərvərlik notlarıdır. Yeganə vətənimiz olan Azərbycanı yüz yerə bölən, yüz ada calayan, yüz dilə parçalayan tayfabazlara şair olduqca tutarlı cavab verir:
Bu ana torpağa gəlib-gedən çox,
Qarğa-quzğun kimi dəlib-didən çox.
Neyləsək,Vətəndən özgə Vətən yox,
Unutma anamız Azərbaycanı!
Vətən torpaqlarının əvəzsizliyinə, onun qüdrətini ürəyinin dərinliyinə qədər nəqş edən S.Mərzili “Torpaq qayıda...” adlı şeirində erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızın geriyə alınması yollarını belə təsəvvür edir:
Başçılar başını torpağa qoysa,
Torpağı anlasa, torpağı duysa,
Torpağa and içsə, torpağı saysa,
Torpaq qayalanar, torpaq qayıdar!
Özü Rusiyanın vətəndaşı olmasına baxmayaraq, torpaq harayı, vətən qeyrəti şairi bir an belə rahat buraxmır. O, bütün həmvətənlərini müsəlləh əsgərə çevrilib torpaqlarımızı geriyə almağa səsləyir:
Bu necə taledi, bu necə baxtdı,
O taylı-bu taylı yandırdı-yaxdı?!
Qalx ey Azərbaycan ayağa, vaxtdı,
Torpaq haraylana, torpaq qayıda!
Və yaxud da “Qarabağ harayı” adlı şeirində tükənməz yanğı və kədərlə yazır:
Qara torpaqlıyam, Qara bağlıyam,
Doğulduğum gündən ölənə qədər.
Mənim bayrağıma qara bağlayın,
Qara torpaqlarım dönənə qədər.
Bəli, Vətən həsrəti, vətən dərdi Füzulini İraqda, Hüseyn Cavidi Sibir çöllərində ömürlərinin sonuna qədər kədərmənd və dərdmənd etmişdi. Füzuli öz dövründə belə yazırdı: Füzuli dərd əlindən dağa çıxıb, / Dedilər, bəxtəvər yaylağa çıxıb.
Eşqindən, sevgisindən, məhəbbətindən güc alan S.Mərzili həyatında böyük həsrətə və dərd kimi cəfaya vadar olur. Bu da didərginlik, köçkünlük, qaçqınlıq və qəriblik adlı bir tale yazısıdır:
Yetməzmi dağıldıq bu yer üzünə,
Öz elim, öz başım, öz əlim hanı?!
Kim ki, odlar oğlu deyir özünə
Çıxaraq zülmətdən Azərbaycanı!
Və yaxud da:
Göyçənin, Dərbəndin sorağı hanı,
Gümrünün, Mehrinin səsi gəlməyir.
Türkü əkən kişi orağın hanı?!
Zəngəzur tərəfdən çollər mələyir...
Bir əsrə yaxın bir müddətdə zaman-zaman əlimizdən gedən, hər qarışı qızıl, suyunun hər damlası dərman olan müqəddəs Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qələmini silaha çevirir. S.Mərzili “Bir addımlıq ömür” kitabında vətənini ürəkdən vəsf edərək oxucuya bir-birindən gözəl, qüdrətli və yadda qalan şeirlər təqdim edə bilmişdir. Bu yerdə ataların min illərdən bəri zərb-məsəl etdikləri bir fikir yaddaşıma gəlir:
El bir olsa dağ oynadar yerindən, / Güc bir olsa, zərbi kərən sındırar.
Qüdrətli və ölməz sözlər! Həqiqətən də belədir. Millət o zaman qüdrətli və yenilməz olur ki, onun milli həmrəyliyi güclü və yenilməz olur. Vətəndaş azadlığının zirvəsində məhz VƏTƏN azadlığı ucalır. Həmin duyğulardan qaynaqlanan S.Mərzili “Azadlıq” şeirində yazır:
Gümüş pullu balıqların,
Mavi dəniz – azadlığı.
Uçan qağayıların
Başının üstündə göy azadlığı.
Arıların
Çiçəkdən-çiçəyə uçuşu,
Yarpaqların, otların
Günəşə qarşı duruşu --
Azadlıq.
Küləklərin zəmilərdə əsimi,
Tonqalda yanan Bruno,
Dabanından soyulan Nəsimi
Azadlıq!
Azadlığın bəşəri mənasından söhbət açan şair, həmin məqamın insan üçün əvəzsizliyini, xoşbəxtliyini çox maraqlı, düşündürücü və incə lövhələrlə oxuculara təqdim edə bilib. S.Mərzili təkcə şair deyil. O, həm də yorulmaz və çalışqan bir tədqiqatçıdır. Ana haqqında, vətən mövzusunda, sevgi və məhəbbət barədə gözəl nəğmələrin və və kövrək şeirlərin müəllifi olan S.Mərzili ömrünün bir hissəsini türk dilləri haqqında araşdırmalara həsr edib. İxtisaca fizikşünas olan Sultan Mərzilinin bu qeyrəti, bu fədakarlığı və kökəbağlılığı möcüzə deyilmi?
O oxuculara haqlı olaraq özünü müdrik bir filosof, çalışqan bir tədqiqatçı, tablolar yaradan ustad bir rəssam, almazdan brilliant yonub yaratmağı bacaran mahir bir zərgər və əsl söz ustadı kimi təqdim etməyə qadir bir sənətkardır. Onun əsərlərini qəlbinin dərinliyi ilə, həssalıqla mütaliə edən hər bir oxucunun mənim fikirlərimlə şərik olacağına şübhəm yoxdur.
S.Mərzilini yaradıcılığı təkcə “Bir addımlıq ömür” kitabı ilə bitmir. Onun yaradaıcılığı rəhmətlik H.Z.Tağıyevin Bakıya çəkdirdiyi Şollar suyu kimi saf, büllur və pakdır. O, hər zaman çağlayır, mənən kükrəyir və coşaraq Azərbaycan ədəbiyyatı adlı tükənməz bir okeana qovuşmaq üçün dayanmadan pak, saf və büllur sular gətirir.
Sultan Mərzili özü elə hamıdan gözəl deyib: “Əsrlər bitər, əsrlər ötər, əsil sənət isə qalar”
Əşrəf Hüseynli,
tarix elmləri namizədi, jurnalist.
Mart, 2009,
Moskva.
- Войдите, чтобы оставлять комментарии