Sultan MƏRZİLİ: Yeni seirler
GETDİ...
Uca dağlarımın qarlı zirvəsi
Qalmadı gözümdə, əridi getdi.
Məhşər gözləməkdən bezdi babalar
Qalxdı məzarından, yeridi getdi...
Çiçəkli dağlarım, güllü bağlarım,
Yadlar ayağında çürüdü getdi.
Batdı qayalarda hay qıran səsim,
Yetim quzu kimi kiridi getdi.
Quyular qazıldı hey dərin-dərin,
Ayələr yazıldı, hey dərin-dərin,
Mayalar düzəldən hey dərin, dərin,
Sirrini dünyaya sırıdı getdi.
Baş nə pıçıldayar qəbir daşından,
Bəlkə də pay umar ehsan aşından?!
Şeyxim əmmaməni açdı başından
Milləti millətdi, sarıdı getdi.
Düşüb torpağımda ha Məcnun oldum,
Əlif qəddi əyib necə nun oldum,
Haqqın qılıncına baxıb yonuldum,
Yaşım gözdən daşıb yürüdü getdi.
Şeytanın şərri var sağ ilə soldan,
Tanrıya üz tutan dönərmi yoldan.
Çalışdı-vuruşdu Mərzili Sultan,
Haqqa pənah deyib, var oldu getdi.
BU VƏTƏN
Əlləri qoynunda durma gəl belə,
Bir gün diz üstündən qalxar bu Vətən.
O tay bir gül olar, bu tay bülbülə
Dönüb bir-birinə baxar bu Vətən.
Araz sevincindən kükrəyib daşar,
O taylı, bu taylı sahili basar.
Nə sərhədlər qalar, nə də ki, hasar,
Məhbəsdən, zindandan çıxar bu Vətən.
Qəmli gözlərinə baxa bilmirəm,
Düşmən çox namərddir, yıxa bilmirəm.
Batmışam dizəcən, çıxa bilmirəm,
Çiyinlər bir olsa, qalxar bu Vətən.
Yenə gəl-gəl deyər Qarabağlarım,
Şikəstə qaldırar gözü ağlarım.
Toy libası geyər Dəli dağlarım,
Hay olan şeytanı yıxar bu Vətən!
İKİ ÜZ, İKİ ÖMÜR
Neyləyim a dostlar,
iki üzüm var,
Bir üzüm güləndə biri ağlayır.
Mən olan dünyada iki hüzn var,
Biri: “çıx get!”- deyir, biri saxlayır.
Ikiyə bölünüb elə qəlbim də,
Sabaha açılan yollarım iki.
İki simə bənzər—zil ilə bəmdə
Bir sevgi gözləyən qollarım iki.
Bu dünya önümdə güzgüyə bənzər,
Sanki yurdum-yuvam, vətənim iki.
Dayanıb durubdur üzümə qənşər
Mənim ruhum iki, ürəyim iki!
Iki ömürlüyəm torpağa, daşa,
Qəlbimdə həsrətlə ümid qışlayar.
Bir ömür
ölümlə yetişər başa,
Biri də ölümdən sonra başlayar.
HAYANDA OLSAM DA...
Hayanda olsam da çəkər qəlbimi,
Süzülüb duyğumdan, hissimdən keçər.
Doğma Mil düzünün həsrəti kimi
Qarqarçay sinəmin üstündən keçər.
Gözümün önündən getməz Murovdağ,
Başının qarıynan, buludlarıynan.
O doğma torpaqda alışan ocaq
İsidər qəlbimi ümidləriynən.
Bir ulu xan çinar yarpağı üstə
Saxlar dövlətimi, saxlar varımı.
Üstündə gəzdiyim torpağın üstə
Ruhunu duyaram babalarımın.
Əsrlər calanar yaşımın üstə,
Yaşı bilinməyən qoca mən ollam.
Vətən buludları başımın üstə
Torpağın özütək qocaman ollam.
Açar ürəyimdən güllər, çiçəklər,
Açar ürəyimdən dağlar gözünü.
Süzülən yağışlar, əsən küləklər
Sevgimi daşıyar illər uzunu.
Demirəm, ucayam dağları kimi
Bir ulu çinarın yarpağıyam mən.
Hayanda olsam da çəkər qəlbimi
O yurdun gəzəri torpağıyam mən.
ŞEİR - DUA
Qaldırdım əlimi
uca göylərə,
Ayla gün doğrandı, dilim verdilər.
Musa çəlik etdi hökmünü yerə,
Mənə növbə yetdi, qələm verdilər.
Min il dustaq idi
Söz ürəyimdə,
Boz Qurdu uladan dərdin oğluyam.
Alovdan butalı köz ürəyimdə,
Odları haçalı yurdun oğluyam.
Bu yurd babalardan
mirasdır bizə,
İki dünya sığan bir ürək mənəm.
Arazdan içməyə ar azdır bizə,
Göyləri yandıran şümşürək mənəm...
Göy Tanrım,
Allahım,
Qaradır bağım,
Qövsi-qüzeh bəxtim qaralanmasın.
O yeddi bölük rəng mənim sabahım,
Üçü bir Kəbəmdən aralanmasın!
- Yorum yapmak için giriş yapın