Süleymanov Yaşar Kərəm oğlu
Yaşar Süleymanlı 1980- ci ildə Ağcabədi şəhərində anadan olub. 1997-2002 -ci illərdə "Bakı Biznes Universiteti" nin "Hüquq" fakultəsində təhsil alıb. Təhsilini magistratura pilləsində qırmızı diplomla bitirtib. İlk şerini 10 yaşında qələmə alıb. İlk dəfə mətbuatda 1997-ci ildə şerləri dərc olunub. İki şerlər kitabı müəllifidir. "Bu da belə bir sevdadır" - 2002 "Məhəbbət Qalası" - 2005. Bir neçə şerinə mahnı bəstələnib. Şerləri dövri-mətbuatda dəfələrlə dərc olunub. 2009 -cu ildən Rusiya Federasiyasının vətəndaşıdır.
AZƏRBAYCAN!!!
Odlar Yurdu! Nə çox səni bölən belə?
Od üstündə yağlı tikə bilən belə,
Əsrlərdir tarixin qan, çilən belə,
Yüz yerindən parçalanmış, yaralı can,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
Təbrizinin gözləri yaş, qəlbi talan,
Baxar sənə həsrət ilə Dərbənd qalan,
Borçalı tək, səndən ayrı düşən balan,
Zəngəzurun, Gözəl Göyçən, Xan İrəvan,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
Qarabağın yağmalandı, talan oldu,
Laçın, Şuşa, Ağdam dərdən solan oldu,
Xocalıda ən dəhşətlər olan oldu,
Dağların qan, düzlərin qan, ağladın qan,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
Qalx məzardan Şah İsmayıl, yetiş dada,
Odlar yurdu səndən sonra düşüb oda,
Yüz illərdir öz elində kölə yada,
Yetər, yetər, yetər artıq, oyan, oyan,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN ...
Odlar Yurdu! Nə çox səni bölən belə?
Od üstündə yağlı tikə bilən belə,
Əsrlərdir tarixin qan, dərd- çilən belə,
Yüz yerindən parçalanmış, yaralı can,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
SALAM DƏNİZ...
Salam Dəniz,
Yenə görüşdük bu sahildə səninlə biz.
Yenə coşdun, yenə daşdın,
Mənlə belə salamlaşdın.
Gəldim səni yad etməyə,
Dərdlə dolu ürəyimi, az da olsa şad etməyə.
Gəldim baxam sonsuzluğa, duyam səni,
Duyğularla dolub, daşıb,
Göz yaşımla yuyam səni.
Gəldim sənə dərdlərimdən söz açmağa,
Bəlkə məni sən duyasan.
Ürəyimdə mamırlamış, kirəclənmiş dərdlərimi,
Göz yaşınla sən yuyasan.
Anam Dəniz,
Al qoynuna, dalğaların laylay desin, yatır məni,
Dərdim sənə sığacaqsa,
O bətnində batır məni.
Təzdən doğub bu dünyaya, dərdlərimsiz gətir məni.
Gülümsəyib körpə kimi, baxıb sənə,
Deyim yenə,
,
,
SALAM DƏNİZ.
Baş Daşıyam...
Min bir dərdin əlində ax, təklənib,
Dərd üstünə dərdim gəlib, əklənib,
Kədər ilə elə dolub, yüklənib,
Gücüm çatmır ürəyimi daşıyam...
Nə ümüdüm, nə gümanim qalmayıb,
Diləməyə bir amanım qalmayıb,
Öz- özümə də inamım qalmayıb,
Heç bilmirəm belə necə yaşıyam...
Qəm- kədərim ürəyimdə əkili,
Dörd tərəfim dərd hasarı çəkili,
Solub rəngim, şəklim ölü şəkili,
Bir məzarsız, gəzəri baş daşıyam...
BELƏ SEVDİM...
Yandı içim aram-aram,
Təzələndi hər gün yaram,
Axdı getdi, gözdən qaram,
Həsrəti bax, belə sevdim...
Qaldım tənha öz içimdə,
Külə döndü köz içimdə,
Qaldı neçə söz içimdə,
Söhbəti bax, belə sevdim...
Hara getdim gördüm təkəm,
Təkliyim də dərdmi çəkəm ?
Dərdlə dolu hər bir tikəm,
Möhnəti bax, belə sevdim...
Yerdən - yerə vurdu məni,
Vura-vura yordu məni,
Çiliklədi, qırdı məni,
Nifrəti bax, belə sevdim...
Günüm xoşdur, könlüm qərib,
Yaşayıram həsrət dərib,
Röyyalarda Vətən görüb,
Qürbəti bax, belə sevdim...
Tale məni atdı-tutdu,
Gah ağlatdı, gah ovutdu,
Xatırladı, gah unutdu,
Qisməti bax, belə sevdim...
Həyat nədir, axır bildim,
Gözlərimin tozun sildim,
Gördükcə dəhşətə gəldim,
Dəhşəti bax, belə sevdim...
BU ADAM...
Körpə idi, yıxıla- dura böyüdü,
Nə xəyalar qura- qura böyüdü,
Böyüdükcə qəlbi yara böyüdü,
Hardan gəlib, hara gedir bu adam?
Uşaqlığı dəcəl keçdi, şən keçdi,
'Savaşları' dostlarıyla tən keçdi,
Oyunlarla ömür ötdü, gün keçdi,
Hardan gəlib, hara gedir bu adam?
Gəncliyini sevgilərə nuş etdi,
Gah vüsala, gah həsrətə tuş etdi,
Gah ömrü yaz, gah boranlı qış etdi,
Hardan gəlib, hara gedir bu adam?
Gəncliyinin qürubunda dayanıb,
Ömrü bütün qayğılarla boyanıb,
Yatmış idi, indi qəfil oyanıb,
Hardan gəlib, hara gedir bu adam?
Bilən yoxdur aman Allah bu nə sirr,
Nə yolunu aşılmaz, nə sədd kəsir,
Bir soruşan yoxdur, niyə tələsir,
Hardan gəlib, hara gedir bu adam?
Hardan gəlib, hara gedir bu adam?
GÖRMÜŞƏM...
Xeyir olsun, dünən gecə yuxumda,
Millətimi yaman gündə görmüşəm.
Qəm cücərdib, səpdiyi hər toxumda,
Dərdlərini edir kündə görmüşəm.
Ürəkləri bir qorxunu bürüyən,
Haqqı boğub, asıb, kəsib, sürüyən,
Doğruları zindanlarda çürüyən,
Yaltaqları gedir öndə görmüşəm.
Beyinləri manqurtlaşıb, kütlənən,
Ar - namusu çılpaqlaşıb, lütlənən,
Kasıbları səngərlərdə bitlənən,
Varlıları durub gendə görmüşəm.
Namaz qılıb, oruc tutub, haqq deyən,
Neçə məzlum, yetim kəsdən haqq yeyən,
Büt önündə təzim edib, baş əyən,
Neçə belə kafir bəndə görmüşəm.
Ha düşündüm, nədir axı, nədir sirr,
Sual etdim, gəzdim neçə ocaq, pir,
Kimə dedim, bu yuxunu yozun bir,
Dedi Yaşar, onu məndə görmüşəm.
- Yorum yapmak için giriş yapın