POEZİYAMIZIN ƏŞRƏFİ
Mən istedadlı şair Əşrəf Hüseynli ilə Moskvada tanış olmuşam və bu tanışlıqdan çox məmnunam. Əşrəf bəy kimi işıqlı bir insanla məni tanış etdiyinə görə, Moskavada yaşayan tanınmış mesenat, həmvətənlərinə daim qayğı göstərən Vətən oğlu, professor Hacı Mirəşrəf ağaya qəlbən təşəkkür edirəm. Biz Mirəşrəfin "Vnukovo"dakı malikənəsinin həyətində vətəni, türk dünyasını peyzajlarla tərənnüm edən DAK-ın ofisində -Azərbaycan salonunda tanış olduq. Tək Əşrəf müəllimlə yox - gözəl ziyalı, publisist Vasif Məmmədovla və Aşıq Abbasla da elə ilk dəfə orada tanış olmuşam.
Əşrəf Hüseynlini də milli tariximizin təəssübkeş tarixçisi kimi, həmin malikanədə olan söhbətlərimizdən tanıyıram. Onun tarixi yaddaşı riqqətə gələcək dərəcədə məni valeh etmişdi. Onu da qeyd edim ki, Əşrəf Hüseynlinin öz dilindən orada eşitdim ki, o fəlsəfəyə dair “İnsan dünyanı necə dərk edir?” və “Səni axtarıram” şeir kitablarının müəllifidir. İki il bundan öncə isə biri-birinin ardınca, 16 cı əsrin görkəmli dövlət xadimi və Səfəvilər dövlətinin ən nüfuzlu nümayəndələrindən biri Miskin Abdalın həyat və fəaliyyəti ilə bağlı “Miskin Abdal nəslinin və Ərəb xilafətinin tarixi” və eyni zamanda “Qərənfillər” adlı şeirlər toplusunu nəşr etdirə bilmişdir. Sözün əsl mənasında həmin anlarda fəxredici hisslər keçirmişdim.
Vətən oğlumuzun yaradıcılıq uğurları mənim qəlbimə rahatlıq gətirmişdi. Elə, bu axarda çay süfrəsi arxasında ədəbi, tarixi mövzuda söhbətlərimiz səhərə qədər davam etmişdi. İlk görüşdən dostlaşdıq. Müəyyən müddətdən sonra Əşrəf bəy doğma azərbaycanımızı, milli kimliyimizi tərənnüm edən bir poema yazdığı barədə danışmağa başladı və onu da qeyd etdi ki, Ulu Bəxtiyardan sonra həmin mövzüya müraciət etmək, onun üçün olduqca çətin idi. Xoşbəxtlikdən qələmə aldığı “İki sahil” poeması yanında idi. Masa arxasında əyləşən dostlar Əşrəf müəllimdən xahiş etdilər ki, mümkünsə həmin poemanı oxusun və burada da poema haqqında fikirlərimizi söyləyək. Həqiqət naminə demək istəyirəm ki, doğrudan da B. Vahabzadənin “Gülüstan” poemasından sonra qəlbə bu qədər dərindən işləyə biləcək nəzm nümunəsi eşitməmişdim. Ona görə də Bakıya qayıdan kimi, həmin poema haqqında müqəddimə yazıb dövri mətbuatda çap etdirdim və 2013-cü ildə İsveçin Malmo şəhərində keçirilən "Azərbaycanın Avrasiya məkanında yeri və mövqeyi" adlı beynəlxalq konfransda iştirakçıları “Azərbaycan” qəzetində çap olunmuş həmin poema ilə tanış etdim – daha doğrusu qəzetin təzə nəşrini konfrans iştirakçılarına payladım. Əsər doğrudan da yüksək rəğbətlə qarşılandı. Bu yaxınlarda Ə.Hüseynlinin mənə mütaliəm üçün göndərdiyi bir şeiri sevə-sevə "Moderator.az" saytında dərc etdirdim. Ə.Hüseynli çox saf, deyərdim müqəddəs insandır, etibarlı dostdur. Vətən təəssübkeşidir. Moskvada-qürbətdə yaşayan şairin qəlbi daim Vətən eşqi ilə döyünür...
Neçə ildir vüsal gülmür üzümdə,
Neçə ildir həsrət yanır gözümdə,
Fəqət sənsən açan gülüm, sözüm də,
Qurban olum torpağına özüm mən,
Yaman darıxmışam səninçin VƏTƏN!
Əşrəf Hüseynli həm tarixçi alim-alim pedaqoq, həm də istedadlı şairdir. Qürbətdə yaşayıb-yaradan milli şairimiz Əşrəf bəy "Uzaq ulduzlar" adlı yeni kitabının elektron variantını mənə etimad göstərərək "Ön söz" üçün ünvanlayıb. Kitaba müəllifin son illərdə yazılmış-dövri mətbuatda çap olunmuş yeni şeirləri ilə bərabər əvvəllər dərc olunmuş bir sıra poetik nümunələri və "Azərbaycan simfoniyası" poeması da daxil edilmişdir. Kitabda insanın insana, yurda, vətənə olan sonsuz məhəbbətini əks etdirən şeirlər əsas yer tutur:
Sənsən köksüm altda qəlbimin közü,
Göylərin günəşi, dünyanın gözü,
Anamın laylası, dilimin sözü,
Şəkərim, şərbətim, dinim, imanım,
Ey mənim gül üzlü Azərbaycanım !
Babam Nəsimi tək həqdə təkmisən?
Onunçun sevinci dərdə bükmüsən,
Yüz illər ayrılıq, hicran çəkmisən,
Simruğ quşu kimi odda yananım,
Ey mənim gül üzlü Azərbaycanım!
Məlumdur ki, şairlik Allahın insana bəxş etdiyi xüsusi və eyni zamanda fövqəladə qabiliyyət və istedaddır. Şeir müəyyən qayda-qanunlar əsasında nizamlanan sözlərin toplusu yox, şairin yaşadığı hisslərin sözlərə poetik ifadəsidir. Əşrəf Hüseynlinin yaradıcılığı şəxsiyyəti ilə bir harmoniya təşkil edir; mehriban, səmimi və mərd bir insandır. Və şairin öz dünyası var. Əşrəf müəllim həyatımızın mənəvi əzabları, ürək çırpıntıları, sıxıntıları ilə bərabər gələcəyə inamla baxır:
Bir gün pak yaşamaq qismətsə əgər,
Dünyanın min taxtı-tacına dəyər,
Tanrını aldatmaq mümkünmü məgər?
Tanrının yolundan azmaq olarmı?
Şair klassiklərdən öyrəndiyi kimi, folklordan da yetərincə bəhrələnmişdir. Onun poeziyasında şifahi xalq ədəbiyyatının təsiri böyükdür. Şairin xalq müdrikliyinin təzahürü olan atalar sözü, məsəllər, bir sözlə, aforizmlərdən məqamında istifadə etməsi, haqq-ədalət, düzlük, zəhmət, mərdlik və s. keyfiyyətləri tərənnüm və təbliğ etməsi mühüm bədii məziyyətlərdən sayılır. Poetik topluya müəllif bütün şeir janrlarında qələmə aldığı nümunələrdən seçmələr daxil edib: qoşmalar, gəraylılar, möhürbəndlər, qəzəllər, bayatılar və. s. Kitaba eyni zamanda müəllifin satirik şeirləri də daxil edilib. Istedadlı şair Əşrəf Hüseynli razı qaldığı, qəlbinə yatdığı həyat hadisələrini ilhamla tərənnüm etdiyi kimi, haqsızlığa, cəmiyyətdə baş verən ədalətsizliklərə də biganə qala bilmır, poetik sözün gücü ilə qəzəbini aydın təzahür etdirə bilir :
Gəda gördüm, gədaları xan sayan,
Qürbət eli ürək sayan, can sayan,
Özgə dildə danışmağı şan sayan,
Gör nə qədər öz dilindən azan var.
Həzər çəkdim, qan arada salandan,
İlansayaq qıvrılandan, çalandan,
İblis təki üzə gülüb, yalandan,
Asta-asta ayaq altı qazan var.
Əsir düşmüş Qarabağ torpağlarının taleyi ilə bağlı narahatlığını bildirən şair çox lakonik olaraq yazır ki;
Yadlar ayaq basdı, ağladı bulaq,
Yarpaq xəzəl oldu, lüt qaldı budaq,
Qış da dişlərindən buz tökdü – sazağ,
Boran o dağları bürüdü, getdi!
Xanın şikəstəsi təhr etdi yerdən,
Cabbarın ruhusa yandı kədərdən,
Qartalın qıy səsi yox oldu birdən,
Sükut zirvələri sürüdü, getdi!
Vətən oğullarını torpağların müdafiəsinə səsləyən Ə. Hüseynli Vətən duyğularını belə təsvir edir:
Dur ayağa titrəsin şər,
Qartala dön, uç – qanad gər,
Neçə illər, qərinələr,
Yumruğ altda olan Vətən.
Ümumiyyətlə, vətənpərvərlik mövzusu Əşrəf Hüseynli yaradıcılığının leytmotivini təşkil edir. Onun “Vətən bizik” rədifli şeirindən bir bəndi oxucuların diqqətinə çəkirəm:
Mizrab teldə gəzişməsə yanar sim?
Kür-Arazsız, Xəzərimsiz nə eşqim?
Torpağ bizsiz, biz torpağsız kimik, kim?
Min il əvvəl Qorqud babam deyib düz,
Vətən bizik, Vətən bizik, Vətən biz!
Bu gün planetimizdə yeddi milyarddan çox insan yaşayır. Bəşəriyyətin həyat taleyi elə gətirmişdir ki, haqqla-nahaqq, ədalət və həqiqətlə - ədalətsizlik və haqsızlıq, düzlük və doğruluqla - əyrilik və yalan hər zaman savaş meydanında üz-üzə dayanmalı, mübarizə aparmaq məcburiyyətində qalmışdır. Acınacaqlı məqamlar ondan ibarət olmuşdur ki, bəşəriyyət həyatından keçən min illər ərzində haqq və ədaləti cəmiyyət həyatında bərqərar edə bilməmişdir. Əşrəf Hüseynli məhz, həmin məqamları poetik formada qələmə ala bilmişdir:
Ocaq keçər yeli altda,
Köz görünməz külü altda,
Bir nadanın əli altda,
Min-min insan axıdır tər,
Susur bəşər, susur bəşər!
Kitabda diqqəti cəlb edən şeirlər içərisində tutarlı satirik yazılar mövcuddur ki, mən ön sözə yazdığım mətndə onlardan yalnız “Oldu” rədifli şeirdən bir parçanı oxucular üçün nümunə kimi qeyd edirəm. Əşrəf Hüseynli şair dostu Sultan Mərziliyə müraciətlə yazır ki;
Tolstoy bir əsr qaldı arxada,
İndi Tolstoylar kimə gərəkdi?
Dünyalar dəyişib şair, dünyada,
Hər yekəburunlar indi pələngdi.
Bu gün qayəsi nə sözün, əsərin?
Bu gün bazar açan, yapan – “Tolstoy”.
Bir az da düşünsən dərindən-dərin,
Bütöv bir ölkəni çapan – “Tolstoy”.
Poeziyanın əbədi, əzəli mövzularına sədaqət gətirən şərəfli mövzu rəngarəngliyi zəngindir. Bütün şeirlər, şübhəsiz, məhəbbətdən doğur. Gəlin “As məni” rədifli şeirdən bircə bəndi birlikdə oxuyaq:
Eşqin günəş – ürəyimdə boyasız,
Sənsiz dünya mənim üçün səfasız,
Əgər çıxsam əhdimizə vəfasız,
Onda gülüm, saçlarından as məni!
və yaxud da “Ay canı yanmış” rədifli şeirinə nəzər yetirək:
O nə gur saçlardır, o nə hörüklər?
Baxışın qəlbimi dələr, bölüklər,
Nazın ləçəklərə düşsə çiliklər,
Lalənin yanağı qızaran qanmış,
Ay canı yanmış. . .
Əşrəf Hüseynli sözün gerçək mənasında fəlsəfi və ürfani şairdir. Onun əksər şeirlərində ətraf aləmə münasibət, kainat sirlərinə, hikmətə maraq və məhəbbət bir ana xətt kimi nəzər diqqəti cəlb edir. Şairi maraqlandıran təkcə yer üzündə bəşəriyyətin keçdiyi keşməkeşli yollar deyil, həm də insanı ağuşunda körpəlikdən son nəfəsinədək yaşadan nüvəsi sirlə dolu dünya, möcüzəli uzaq aləmlərin dərkidir. Şair nə zaman ki, bəşəri duyğularla yaşamağa başlayırsa və bütövlükdə kainat dərkini poeziyaya gətirə bilirsə, məhz o zaman bəşəri simaya çevrilir və ərzin yaddaşında uzun əsrlər yaşaya bilir. Mən tərəddüd etmədən deyə bilərəm ki, poeziyamızın Əşrəfi həmin hisslərə malik olan yazarlarımızdan biridir. Bu mənada, şair kitabı üçün çox məzmunlu bir ad seçə bilmişdir – “Uzaq Ulduzlar”.
Həmin fəlsəfi şeirlərin içərisində kainatı düşünən bir alim kimi, mənim diqqətimi “Həqiqət sirrdədir” rədifli şeiri daha çox cəlb etdi:
Həqiqət sirdədir, sirr həqiqətdə,
Dərk üçün ürfana dolasan gərək.
Sənət yollarında dönüb qəvvasa,
Dəryadan mirvari alasan gərək.
Gözlə gördüyümüz zahiri aləm,
Hər aləm zatının min bir qatı var.
Yaradan Tanrının elə əzəldən,
Sərhədsiz, hüdudsuz kainatı var.
Səmalarda milyardlarla sayrışan ulduzlar, hikmətə vurğun Əşrəf Hüseynlinin düşüncələrini daim məşğul edir. Şair daim düşünür – görəsən milyon işıq illəri məsafəsində bizdən uzaqlarda mövcud olan həmin səyyarələrdə bizə bənzər həyat varmı? “Uzaq Ulduzlar” şeiri məhz həmin düşüncələrlə qələmə alınmış şeirlərdən biridir:
Bir-birindən böyük, ya da balaca,
Bənzəyir göylərdə bərq vuran taca,
Mənimçün sehirli, mənçin tapmaca,
Əlçatmaz, ünyetməz məlakə qızlar,
Uzaq Ulduzlar. . .
Zülmət gecələrin baqi gözləri,
Baqi gözəllərin baqi üzləri,
Sonsuz fəzaların sirli sözləri,
Sayı milyon-milyon nöqtə ulduzlar,
Çıraq Ulduzlar...
Əşrəf Hüseynlinin sevgi dünyasını yüksək bədiliklə təsvir etmiş nəzmi ilə bərabər , onun vətənin mərd oğullarına, eyni zamanda torpağa olan məhəbbətinin bədii təzahürü olan həmin şeirlər də uca Allahın bizə bəxş etdiyi maddi və mənəvi varidatları tərənnüm edir.
“Şairlik insanın Tanrı qismətidir” - deyənlər səhv etməyiblər. Çünki, bu Tanrı qisməti yalnız Tanrıya yaxın olan bəndələrə nəsib olur. Əgər elə olmasaydı, qələmə alınan şeirlər ürəkdən-ürəyə, könüldən-könülə yol tapmazdı, sevilməzdi, seçilməzdi. Belə olmasaydı, seçilməzliyində sevimliyi, sevimliyində seçimi olan Əşrəf Hüseynli bu qədər şeir həvəskarını öz şeir dünyasının işığına çəkə bilməzdi. Əgər belə olmasaydı, Əşrəf bəy şeiriyyətimizin uca zirvəsindən lacivərd kainatı bu qədər kamil seyr edə bilməzdi, uzaq ulduzlara düşüncə ötürüb, ordan bəşəriyyətin vətəni olan yer kürəsinə belə heyranlıqla tamaşa edə bilməzdi. Əgər belə olmasaydı Əşrəf poeziyanın günəşindən od alıb, poeziyamızın Əşrəfinə çevrilə bilməzdi.
Şairin dili olduqca səlis, rəvan və xalqın ruhuna uyğun bir formadadır. Ədəbi-bədii dil normalarına riayət edən şair, həm də şeirlərində dialekt və şivə sözlərindən də istifadə edir. Söz seçimi, sözə tələbkarlıq, sözdən dəyərincə və qədərincə istifadə Əşrəf Hüseynli şeirlərini daha yaddaqalan, oxunaqlı edir. Müəllifin şeirlərində təbiətin özü bütün əlvanlığı ilə dil açıb danışır:
Yazın hökmünə bax, qısır çöllərə,
Yamyaşıl çəməni əkən vaxtı var.
Təbiət gözəli ana turacın,
Kolların dibində səkən vaxtı var.
Hörmətli Əşrəf müəllim, əziz şair qardaşım! Allahdan arzum budur ki, səni heç nə və heç kim ağlatmasın. Tale səni ancaq güldürsün. Göz yaşların da həmişə sevincdən doğsun. Qürbətdə vətəni yaşadan şair qardaşım. Vətən üçün darıxma: sən Vətəninləsən, Vətən də səninlədir - ŞEİRİMİZİN ƏŞRƏFİ...
VÜQAR ƏHMƏD
Filologiya eelmləri doktoru, professor,
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi
- Yorum yapmak için giriş yapın