MOSKVADA MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN ŞƏRƏFİNƏ ALMANAX KİTABININ TƏQDİMAT GECƏSİ KEÇİRİLDİ
Oktyabrın 8 – də 20 –ci əsr İran və Azərbaycan ədəbiyyatının fəxri Seyyid Məhəmmədhüseyn Şəhriyarın şərəfinə çap edilmiş almanax kitabının təqdimat gecəsi keçirilmişdir.
Təqdima gecəsi Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin təşəbbüsü ilə təşkil edilmişdir.
“Məhəmmədhüseyn Şəhriyarın şərəfinə almanax” kitabının təqdimat gecəsində Moskva şəhərində yaşayıb-yaradan mədəniyyət xadimləri, o cümlədən şairlər, yazıçılar və publisistlər, jurnalistlər və sənət adamları, içtimai təşkilatların fəalları, iş adamları və gənclər iştirak edirdilər.
Gecənin aparıcısı Aysel Əsgərova idi.
Gecəni giriş sözü ilə “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri, publisisit Vasif Məmmədov açdı. O dedi :- “Şəhriyar” bir məclis kimi, ilk dəfə 2000 – ci ldə Rusiya Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Rafik Sarıvəllinin təşəbbüsü ilə həyata vəsiqə almışdır. Cəmiyyətin sədri qeyd etdi ki, biz “Şəhriyar” məclisini 2010 – cu ildə Rusiyanın Ədliyyə Nazirliyində cəmiyyət statusunda qeydiyyatdan keçirməyə nail olduq. Keçən dövr ərzində cəmiyyətin sıraları gündən-günə artmış və tərkibimizə yeni yaradıcı adamlar cəlb edilmişdir. Bu gün “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin əhatəsində təsirli qələm sahibləri : - şairlər, yazıçılar, publisistlər, jurnalistlər və sənət adamları mövcuddur. “Şəhriyar” cəmiyyətinin üzvlərindən Əşrəf Hüseynlinin, Afaq Şixlının, Maya Bədəlbəylinin, Sultan Mərzilinin, Əliş Əvəzin, Nilufər Şixlının, Abbas Ağdabanlının, Könül Ordubadlının və b. əsərləri nəinki Rusiya məkanında, eyni zamanda Rusiyanın hüdudlarından xeyli uzaqlarda – Avropada, Orta Asiyada, Azərbaycanda və Türkiyədə də çap olunmaqdadır. Adlarını qeyd etdiyim yazarların geniş miqyasda tanınmasına görə Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyası onları üzvlüyə qəbul etmişdir.
Vasif Məmmədov cəmiyyətin ideoluqu kimi, onu da nəzərə çatdırdi ki, cari ilin İyun ayının 10 – dan 12 – nə kimi, Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində “Şəhriyar” cəmiyyətinin fəxri üzvü, pedaqogika elmləri doktoru, professor mərhum Yaqut Neymətovun yaradıcılıq və anım günündə iştirak etmək üçün “Şəhriyar” cəmiyyətinin fəallarından üç nəfər:-V. Məmmədov, A. Ağdabanlı və Ə. Hüseynli Tiflisə dəvət olunmuş , həmin yaradıcılıq və anım gecəsində maraqlı çıxışlar etmişlər. Həmin mərasimdə Gürcüstan Parlamentinin deputatları, Rusiya Federasiyasının Gürcüstandakı səfirliyinin əməkdaşları, mədəniyyət və sənət adamları, alimlər, yaradıcı adamlar və o cümlədən mərhumun yaxın qohumları da iştirak edirdilər. V.Məmmədov daha sonra qeyd etdi ki, “Şəhriyar” cəmiyyəti isə öz növbəsində mərhumun anım günü ilə əlaqədar olaraq nəfis şəkildə jurnal-buket çap etdirmiş və həmin jurnal – buketdə mərhum Yaqut Neymətov haqqında müxtəlif xatirə-yazılar dərc edilmişdir. Hazırlanmış jurnal-buketlər Tiflisdə keçirilən mərasimdə iştirak edən adamlara paylanmışdır.
Vasif Məmmədov cəmiyyətin həyatından bəhs edərkən açıqladı ki, “Şəhriyar” cəmiyyətinin amalı və ideya xətti ciyasi ambisiyalardan kənarda olub, Böyük Rusiya içtimaiyyəti arasında dilimizi, milli-mənəvi dəyərlərimizi, tarixi varlığımızı, qədim mədəniyyətimizi, ədəbiyyat və poeziyamızı unutmamaq, Rusiya məkanında təbliğ etmək və Rusiyalılar arasında tanıtmaqdan ibarətdir. O, qeyd etdi ki, “Şəhriyar” cəmiyyətinin inkişafında və yüksəlişində müəyyən çətinliklərin olmasına baxmayaraq, cəmiyyət üzvlərinin kitablarının çap olunmasında, şəhər miqyaslı müxtəlif tədbirlərin hazırlanıb həyata keçirilməsində bir sıra Azərbaycan mesenatları köməklik göstərmişlər və bütün bunlara görə cəmiyyətimizin yaradıcı kollektivi adından onlara minnətdarlığımı bildirirəm.
Sonra aparıcı almanax üçün elmi-publisistik giriş sözü yazan tarix elmləri doktoru, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, şair Əşrəf Hüseynlini mikrofon qarşısına dəvət etdi. Əşrəf Hüseynli Seyyid Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına maraqlı məlumatlar verməklə yanaşı, eyni zamanda şairin şeirlərindən, qəsidə və qəzəllərindən nümunələr söylədi. Çıxış yüksək alqışlarla qarşılandç.
Aparıcı Aysel Əsgərova növbəti dəfə Moskva içtimaiyyətində böyük hörmətə malik, əvvəllər içtimai işlərdə yaxından iştirak edən, hazırda isə elmi fəaliyyətlə məşğul olan, texnika elmləri doktoru, professor Zahid Qocayevi mikrofona dəvət etdi. Zahid Qocayev dedi : - Dostlar, bu gün biz çoxdan böyük intizarla gözlədiyimiz kitabın – “Məhəmmədhüseyn Şəhriyarın şərəfinə almanax” kitabının təqdimat gecəsinə toplaşmışıq. Bu çox fərəhli və sevindirici haldır ki, Azərbaycan ədəbi cəmiyyəti durmadan belə bir templə inkişaf etməkdə və Rusiya içtimaiyyəti arasında tanınmaqda davam edir. O, klassik Azərbaycan poeziyasının üstünlüyünü, musiqi mədəniyyətimizin dərinliyini, onun təsir gücünü vurğuladı və kitaba əsərləri daxil edilən şair və yazıçıları səmimi qəlbdən təbrik edərək, tədbirin hazırlanıb həyata keçirilməsində zəhmət çəkn təşkilatçılara öz minnətdarlığını bildirdi.
Növbəti çıxış üçün “Şəhriyar” cəmiyyətinin fəal üzvlərindən biri, tanınmış şairə, tərcüməçi, publisist, Avroasiya Yazarlar Birliyinin və o cümlədən Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü Afaq xanm Şixlıya söz verildi.
Afaq Şixlı öz çıxışında ən vacib məsələlərdən birinə - cəmiyyətin sıralarına ədəbiyyat və poeziyanı dərindən dərk edən, şeirdə istedad və təsirli qələm sahiblərinin cəlb edilməsinin vacib olduğunu vurğuladı. O dedi: - hamıya məlum məsələdir ki, şairliyin yer üzündə nə institutu, nə universiteti, nə də ki, akademiyası yoxdur. Poeziya Akademiyası vardır, ancaq həmin Akademiya poeziyada yetkin və novator olanları öz tərkibinə cəlb edir. Daha poeziya haqqında orada tədris dərsləri keçilmir. Mənə elə gəlir ki, şeirin və poeziyanın dərgahı Ərşi-Əla, onun sahibi isə Tanrı özüdür. Məhz Tanrı özünün sevib-seçdiklərinə öz dərgahından ilham payı ərmağan edir. Böyük Rus yazıçısı Nikolay Tixonov çox haqlı olaraq demişdir ki, Azərbaycan xalqı şair xalqdır. Lakin bütün bunlarla yanaşı şeirin adi qanunlarına bələd olmayan, amma bir-iki cızma-qara edən adamlardan poeziya cəmiyyətlərini qoruyub saxlamaq gərəkdir. Bir-iki zəif şeirlə özünü öyənlər müvəqqəti görüntülərdir. Əsas sözü ZAMAN və bir də şeirsevər və mütaliəpərvər oxucular söyləyirlər. Zamanın yaddaş səhifələrində zərrəbinlə həkk olan söz nümunələri məhz bəşəriyyətin şedevrləridir. Bəşəriyyət isə məhz öz dərdlərinin tərcümanı olan sənət nümunələrini yadda saxlayır və ona heykəl ucaldır.
Afaq Şixlı çıxışının sonunda yazdığı şeirlərdən birini dinləyicilərə söylədi. Çıxış maraqla qarşılandı.
Gecədə söz alan filologiya elmləri doktoru, professor Abuzər Bağırov almanaxda əsərləri çap edilən şair və yazıçıları səmimi qəlbdən təbrik etdi və təqdimat gecəsinin maraqlı formatda keçməsini vurğuladı. Professor eyni zamanda özünün kitab haqqında olan tənqidi qeydlərini də deməkdən çəkinmədi və gələcək nəşrlərdə həmin nöqsanlara baxılmasının vacibliyini söylədi.
Sonra təqdimat gecəsinin iştirakçılarından Aşıq Şəmşir və Miskin Abdal nəslinin varislərindən biri, şair Abbas Ağdabanlı mikrofon qarşısına gəldi. O, “Şəhriyar” cəmiyyətinin tədbirlərindən, Azərbaycan elitasının Rusiya içtimai mühitində gördüyü işlərdən söz açdı. Abbas Ağdabanlı çıxışının sonunda özünün almanaxda çap olunmuş “Allahdı bilən” rədifli şeirini dinləyicilərə yüksək intonosiya ilə söylədi.
Aparıcı Aysel xanım daha sonra mikrofona tanınmış şair və tərcüməçi, publisist Sultan Mərzilini, şair və jurnalist Əliş Əvəzi dəvət etdi. Şairlər şeir və poeziya sənəti barədə özlərinin maraqlı mülahizələri ilə gecədə iştirak edən dinləyicilərin diqqətini cəlb etdilər. Hər iki şair çıxışlarının sonunda şeirlərindən nümunələr söylədilər və tədbir iştirakçılarını musiqi sədaları altında rəqsə dəvət etdilər.
Məhəmmədhüseyn Şəhriyarın şərəfinə almanaxın təqdimat gecəsinə dəvət alan qonaqlardan biri, Moskvada tanınmış iş adamı, hüquq elmləri namizədi və eyni zamanda içtimai xadim Rafik Qafarov və politoloq Fuad Abbasov çıxış üçün mikrofon qarşısına dəvət olundular.
Hər iki natiq tədbirin maraqlı formatda keçdiyini, təşkilatı cəhətdən yüksək səviyyədə hazırlandığını vurğulayaraq gecənin təşkilatçılarına səmimi minnətdarlıqlarını bildirdilər.
Təqdimat gecəsində iştirak edən qonaqlardan “Narodnaya diplomatiya” fondunun prezidenti Valeriy Qabişov, həmin fondun vitse-prezidenti “Kray Rodina” jurnalının Baş redaktoru Valeriy Valev, həmçinin “Kray Rodina” jurrnalının piar-direktoru Tatyana Novikova, jurnalist - politoloq Mehman Qafarlı, akademik Tristan Prisyaqin, Hüquq məsələləri üzrə içtimai mərkəzin rəhbəri Süleyman Dadaşov və b. maraqlı çıxışları ilə tədbir iştirakçılarının diqqətini cəlb etdilər.
Gecənin sonunda professor Zahid Qocayev Azərbaycanın şərəfinə tost dedi və qonqları salamladı.
Seyyid Məhəmmədhüseyn Şəhriyarın şərəfinə almanax kitabının təqdimat gecəsini yekun sözü ilə “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov başa vurdu. O, almanaxın çap olunub işıq üzü görməsində və təqdimat gecəsinin təşkilində maliyyə dəstəyi verən şəxslərə cəmiyyətin bütün üzvüləri və o cümlədən tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirdi.
Təqdimat gecəsinin maraqlı və cazibədar keməsində musiqiçilərin və o cümlədən müğənni Xaliq Nəbiyevin və aparıcı Aysel Əsgərovanın polu təqdirəlayiqdir.
ƏŞRƏF HÜSEYNLİ
“Şəhriyar” cəmiyyətinin üzvü.
- Yorum yapmak için giriş yapın