Afaq Sıxlidan yeni seirlər
Sözlərdən düzülən bir inci sapı,
Qələmin yenilməz qoludur şeir.
Ürəkdən ürəyə açılan qapı,
Hisslərin idraka yoludur şeir.
Göylərin lütfüdür – ucadan-uca!
Gah sevdalı gəncdir, gah müdrik qoca.
Sovrulan küləkdi, alışan ocaq,
Yağışdır, küləkdir, doludur - şeir!
Aləmin zərrəsi, zamanın anı,
Bir canın nəfəsi, bir ruhun canı,
Bütün yazıların şahı, xaqanı,
Ülvi məhəbbətin quludur şeir!
Nəfis sətirlərin incə naxışı
Dünyanın laylası, ahı, alqışı,
İlahi nəfəsi, Tanrı baxışı...
Sirr ilə, sehirlə doludur şeir.
Onun sayəsində gözəldir bəşər!
Qəlblərdən süzülüb dillərə düşər.
Əbədə qovuşar, ölümsüzləşər,
Əzəldir, əfsəldir, uludur şeir!
20.05.14.
ÜRƏYIMDƏN SƏNƏ NƏ VAR...
Ürəyimdən sənə nə var?
Gözünə ki, görünmürəm.
Soruşma ki, yeni nə var? -
Mən yüz dona bürünmürəm...
Ürəyimdən sənə nə var? -
sevgim sağdı, yoxsa ölüb...
Ayrı sevda ara-axtar,
qəlbini yüz yerə bölüb.
Unutdummu sözlərimi
vədlərimi, - düşünmə heç.
Ağlatdığın gözlərimi
yada salıb üşünmə heç.
Sənsiz çoxmu qayğılarım,
şəklinləmi danışıram,
buza dönüb duyğularım,
yoxsa yanıb alışıram...
Həsrətindən yoruldummu,
dərdimimi gizləyirəm,
başqasına vuruldummu,
yoxsa səni gözləyirəm...
Qoy bunları tək mən bilim,
Mənimkidir yaşananlar!
Itirdinsə məni, gülüm,
Ürəyimdən sənə nə var?!
BELƏCƏ DOLANIRIQ...
Başımızda
fikirlər,
düşüncələr, gümanlar,
neçə-neçə insanın səsi, sözü hərlənir.
Hərdən də bir səbəbdən,
dünya hərləndiyitək,
elə özü hərlənir,
İstəsək, istəməsək
olduğumuz dünyayla birgə fırlanırıq biz.
Gücümüz çatmır deyə onun gərdişlərinə,
dünyanı danırıq biz.
Bir az xoşbəxt olanda,
şükr etdiyimiz olur,
bu gözəl dünyamızın başına dolanırıq.
Bəzənsə... çox düşəndə bəxtəvərlik payımız,
özümüzü
dünyanın məhvəriyik sanırıq!..
***
Sənsizlik küləyində
dəli duyğular kimi saçlarım da pərişan!
Üzün elə dönüb ki,
elə bil həyatında olmamışam heç zaman.
Məhəbbətin qapısı çırpılıbdı üzümə...
Qəflətdən durmuş kimi
dan gəlirəm özümə.
Ümidim ayaqlarda,
Dərdim başımın üstdə...
Ölüm xəncəri durub səbr daşımın üstdə.
Kədərin pəncəsində çırım-çılpaqdır yaxam!
Ürəyim yalın qalıb,
Ürəyim yalnız qalıb -
Sən gedəli mən yoxam!
YENİ İLİN İLK ŞEİRİ
GƏL MƏNI AXTARAQ...
Mənə kömək elə, axtaraq məni,
Hardasa itmişəm... tapa bilmirəm.
Elə darıxmışam özümdən ötrü
Daha ipə-sapa yata bilmirəm.
Mən harda ilişib qalmışam görən,
Ana laylasında, körpə səsində?
Bəyaz önlüklərin xışıltısında,
Uzun hörüklərin şəlaləsində?
Yazdamı qalmışam yağışa dönüb,
Yoxsa ki, qışların qatısındayam?
Bəlkə gecələrin dərinliyində,
Bəlkə sabahların qapısındayam?
Bir günün, bir ayın işi deyil bu!
Tezlikdə beləcə itəmməz insan.
Doluram, dəyişən bu “mənə” baxıb.
Ürəyim "özümü" istəyir yaman...
Deyirəm, dünəndən, bu gündən keçib
İşıqlı səhərə çıxaraq məni!
Hardasa itmişəm, tapa bilmirəm.
Mənə kömək elə, axtaraq məni!
01.01.14.
Moskvada yaşayan tanınmış şairə Afaq ŞIXLInın məhəbbət mövzulu şeirləri ürəklər oxşamaqda və sevilməkdə davam edir. AFAQ ŞIXLININ "Səndən YADİGAR" adlı yeni şeiri xüsusi marağa və əks-sədaya səbəb olmuşdur. Bu şeirə xalqımızın gözəl şairi Məmməd İSMAYIL və eləcə də istedadlı gənc şair Vüqar Bayramov cavab yazmışlar.
Hər üç şeiri oxucularımızla paylaşırıq.. Daha ətraflı...
YENİ SEİRLƏR:
“Bir qadın qəlbində sevgi ölüncə
Bir kişi cismində bir İnsan ölür”.
A.ŞIXLI.
QARIŞIQ, SƏRHƏDSIZ...
Salındı pərdələr, tamaşa bitdi!
Nə əl çalan oldu, nə də ki, gedən.
Uydurma aşiqlər yox oldu, itdi...
Rəngli işıqlar da qaraldı birdən.
...Bir şüşə qırsaydın – xata çıxardı,
Sən könül sındırıb xataya düşdün.
Bir nağıl başladın – puç oldu ardı,
Bilərək qarğışa, qadaya düşdün.
Sanki bunca illər məşq eləmişdim
Sən yazan əsərdə oynamaq üçün.
Sevgi səhnəsini əzbərləmişdim
Özümü bu rolda sınamaq üçün.
Sən idin müəllif bu novellada,
Zalım da sən idin, xeyirxah da sən.
Bəlkə də bilmirdin, bilirdin ya da
Günah olacaqdı Sevirəm desən.
Səninlə doğmaydıq görüşməmişdən,
Necə də yadlaşdıq, soyuduq indi!
Kim deyər, könlümü alan, isidən
Sehrli, duyğulu sözlər sənindi?!
Kim deyər, sənindi sonsuz öpüşlər:
Qarışıq, sərhədsiz, nisgilli, yanğın...
Kaş ki, unudulsa o son görüşlər!
Kaş ki, əziz qalsa əziz sandığın!
...Pərdələr enincə dəyişdi məkan,
Dəyişdi siması qəhrəmanların.
Son dəfə əlimdən tutduğun o an
Zirvə nöqtəsiydi bütün sonların.
Burda bilinmədi xeyir ilə şər,
Nə qalan yaxşıydı, nə də ki gedən.
Afərin, əziz dost, yazdığın əsər
Xəbərdar olsalar, düşməz səhnədən!
29.11.13.
SƏNƏ! SON DƏFƏ!
Düşünmə dərdinə boyun əyirəm,
Sadəcə, xəyalın sinəmə batır.
Hansı kitabımı vərəqləyirəm
İçində Sən adlı bir ağrı yatır.
Andını unutmaq hünərdi səncə? -
Aldadan özünü ikiyə bölür!
Bir qadın qəlbində sevgi ölüncə
Bir kişi cismində bir İnsan ölür.
Səni tanıyalı bir qara fəsil...
Hər ayı, hər günü yerli-yerində.
Bəs onda hardandı bahar nəfəsi
Solan vərəqlərin sətirlərində?
Ruhunda sehirmi, əfsunmu varmış?
Harda rastlamışdım, mən sənə, harda -
Elə bil səninçün yazılıblarmış
Beş il, on il öncə yazılanlar da.
Deyirsən, keçmişə salmayaq nəzər,
Nə sözü anmayaq, nə də əməli.
Demək çox səhvin var - bunlara bənzər,
Demək çox kəsmisən uzanan əli.
Sənintək dönükdən ayrılmaq savab,
Oxların bir daha yetməz hədəfə.
Bükülsün vərəğə bu sual-cavab,
Bu da son sözlərdi, sənə son dəfə!
28.11.13.
***
Bax, gülüm, qovuşur gecəylə səhər
Bir an da olsa...
Gün də gülümsəyir göydə birtəhər,
Boran da olsa...
Ağın da içində neçə rəngi var...
Xeyrin də, şərin də həmahəngi var.
Demək,
hər əzabın sonu da varmış...
Demək ki,
yenidən sevmək olarmış!
Ruhum təzələnib səni sevəndən!
Sən bircə buraxma əlini məndən!
O Kİ, TƏNHALIĞI SEVİRDİN...
Qəzetlər – göyərçin poçtuna bənzər,
Ünvana yetişdi ismarıcların.
Yəqin ki, bu qədər susduğun yetər...
Söylə neçə keçdi qışın, baharın?
Söylə asanmıydı sevgidən uzaq
Sevgidən yazmağa etdiyin səylər?
İnad - bir qüsurdu, həsrətsə - tuzaq,
Özünü yıxanlar çalanı neylər?
Nələrə rastladın məndən küsəli,
Bəlkə də söyləsən barışmaq olmaz?!
Kimi necə sıxdı hicranın əli, -
Elə sözlər var ki, danışmaq olmaz.
Bilirəm, doğmadı mən çəkən şəkil,
Meydan oxuyursan orda aləmə.
Tanış sətirləri, (təsadüf deyil),
O şəklə əmanət etmisən, demə!
Amma don vurubdu duyğularımı,
Gileyi-güzarı sorma dilimdən.
Bir cəllad sayağı mənim yarımı,
O bayram qabağı aldın əlimdən.
Bir də... düşünmə ki, daralıb zaman!
Ümidin odunu şüşədə gizlə.
O ki, tənhalığı sevirdin yaman,
Yadigar nə qalıb tənha əzizlə.
Ömürdən bu qədər ötüşdü hədər,
Mənim məhəbbətim – yox olan varın!
Qəzetlər – göyərçin poçtuna bənzər,
Əmin ol..., yetişdi ismarıcların.
19.11.13
SEVMƏK YAMAN ÇƏTİNDİ!
Sevmək yaman çətindi, canımın canı, qızım!
Amandı tələsmə gəl!
Gilavarı gözləyən
bir incə çiçək kimi
qəribsəmə, əsmə gəl!
Bir gün düşər qəlbinə
sevgi adlı ocağın közündən bircə parça...
səni yaxıb qovurar...
Sevmək yaman çətindi -
çovğunu var, qarı var.
İntizarı, həsrəti, ayrılan yolları var.
Gah zərifcə oxşayan,
Gah da ki, ümidləri sındıran qolları var.
Qəlbi-gözü tərtəmiz saf bir mələksən indi.
Qədrini bil hər anın!
Böyüməyə tələsmə!
İşi yaman çətindi
sevgi adlı dünyanın.
BU GÜN
Bu gün sənin sevginə
məbəd deyib gəlmişəm.
Solmuş ümidlərimdən
kəfən geyib gəlmişəm.
Boş qaytarma əlimi,
məni qaytar mənə ver.
Elə uzaqlaşaq ki,
yalan olsun göylə yer.
Görüşməyək bir daha
Günəş ilə Ay kimi.
Ayrı mövsümlər olaq
zimistanla yay kimi.
Bu gün elə ayrılaq
ürək yansın qor olsun.
Sabahların gözləri
dünənlərə kor olsun.
Unutmaq diləyilə
Sussun bir eşqin səsi.
Ucalsın aramızda
Əlçatmazlıq zirvəsi.
SƏNIN BILMƏDIKLƏRIN...
Mən incə ruhuna inandım sənin –
Sevginə hardasa inanmayanda...
Hər sabah səsinə oyandım sənin,
Yuvada quşlar da oyanmayanda.
...Məhəbbət şirinmi, yoxsa acımı?
Mən eşqin yolunu gözləməmişdim.
Yalnız bir sirdaşa ehtiyacımı
Sənə söyləmişdim, gizləməmişdim.
Lakin gəlişinlə durmuşdu zaman,
Həm göyə ucalıb, həm ağlamışdım.
Mənə “ay əzizim” dediyin o an
Sevincdən balıncı qucaqlamışdım.
Səni dəli edən olmuşdumu heç?
Bəlkə də bu yolda birinci idim.
Səhvindən keçmişəm! Günahımdan keç!
Nə oldu, gözündə bir inci idim?
Özün demirdinmi təmiz hisslərin
Sevinci də olur, göz yaşları da?!
Ürəkdən vurulub sevən kəslərin
Barışı da gözəl, savaşları da?!
Bir göz qırpımında ötüşdü qırx il,
Amma bircə fəsil dəyişdi ancaq.
Bəlkə də var idik, bəlkə də - deyil...
Bəs olub-keçənlər harda qalacaq?
Sözlərin yadıma düşdükcə hərdən
Deyirəm, dünyada nə yaxşı varsan!
Sən geri çəkilsən – yıxılar aləm...
Mən geri çəkilsəm – sən uduzarsan.
Ağıllı demirdin – küsəsən indi,
Kim "dəli" deyərdi sən olmasaydın.
Başlanğıc da sənin, son da sənindi,
Sevə bilmirdinsə gərək susaydın.
... Sadəcə bunlardı bilmədiklərin,
Xoşbəxt ol, yolunu alqışlayıram.
Məndən uzaqlarda olsa da yerin
Səni ötənlərə bağışlayıram.
19.11.13.
QƏRIB AXŞAMLAR...
Yusif bəy Günaydına
Bir üzü güləndə bir üzü ağlar,
Nigaran gözləri sel kimi çağlar.
Sönük ümidini sabaha bağlar
Qərib axşamlar.
Günlər hey uzanar, hey dolaylanar,
Qismətdən yorular, yola boylanar.
İçində bir əziz el haraylanar
Qərib axşamlar.
Ozünün kədəri özünə yetər,
Dünyanın ləzzəti gözündə itər.
Yanıqlı-yanıqlı bir qərib ötər...
Qərib axşamlar.
Neyi – naləsidi, kamanı – ahı,
Ölüncə anlamaz nəydi günahı.
Açılmaz üzünə Vətən sabahı
Qərib axşamlar!
Qərib axşamlar!
MƏNI DƏNIZIM GÖZLƏYIR!
“Məni yoldan eləməyin,
məni dənizim gözləyir”.
Nigar Rəfibəyli)
Mən, gözləri yolda qalan bir dənizin övladıyam,
selə dönüb qayıdaram.
Günlər üstə günlər gələr...,
ilə dönüb qayıdaram.
Mən, Günəşi nisgilləri yox eyləyən bir vətəndən
ayazlara köç etmişəm.
Bugün,sabah deyə-deyə
Vətən boyda sevincimi puç etmişəm.
Qoruyuram, bəsləyirəm o sevgini
mən ağzımda dilim kimi.
Bu dünyada yox elə yer! –
öz Vətənim, elim kimi!
İnsaf edib dincəlmir də
ürəyimdə bu ağrılar...
Sızım-sızım sızladacaq duyğuların
“həsrət” adlı bir adı var!
Bilirəm ki,
bir zamanlar saçlarımı sığallayan külək yenə əsir orda....
Sevinc də var, gülüş də var,
Yenə,
məndən uzaqlarda...
Bilirəm ki,
bugünədək vəfalıdır,
itib getmir, -
Sahildə izim gözləyir.
Ey ayazlar,
ey sazaqlar,
Məni yoldan eyləməyin,
məni dənizim gözləyir!
23.10.13.
DÜNYADA BEŞ QADIN VARSA
“Dünyada beş kişi varsa
Beşini də tanıyıram barmağımın beşi kimi
Dünyada beş kişi varsa
Beşini də qatlayıram barmağımın beşi kimi.”
(Namusuna hər zaman and içdiyimiz
Azərbaycan Qadınının şəninə yaraşmayan
bu şeirin müəllifinə)
Dünyada beş qadın varsa,
beşini də tanıyıram...
Bəzisinə Ana kimi səcdə edib,
bəzisini ürəyimdə yana-yana qınayıram...
Dünyada beş qadın varsa,
hər birisi
gözəlliyin, təmizliyin rəmzi kimi ucalmalı!
Bir ismətli xanım kimi yaşamalı,
bir nurani nənə kimi qocalmalı!
Dəyişibdir amma zaman...
Bu amansız dünyamızda,
nə yazıq ki, yetmir gücüm beş qadının namusuna and içməyə,
beşini də müqəddəslik zirvəsinə ucaldaraq,
başımıza tac seçməyə.
Nə yazıq ki,
kimlərinsə ocağına kül üfürən “şeytan”ların hesabı yox...
Nə yazıq ki,
kimlərinsə balasını atasına həsrət qoyan
“qadın” cildli ilanların heç bir vicdan əzabı yox!
Xoşbəxtliyi kimlərinsə bədbəxtliyi üzərində quranlar var...
İsmətini, paklığını tapdalayıb,
qardaş-bacı ümidini qıranlar var...
“Ana” adı arxasında gizlənərək
neçə-neçə oyunlardan çıxanlar var...
İnsanların evlərini yıxanlar var...
Kişilərin papağını yer altına soxanlar var...
.... Nə dəhşətdir!
Dilləri də necə uzun,
Üzləri də necə “ağdır”?!
Belələri Azərbaycan Qadınının sinəsinə qara dağdır!
Dünyada beş qadın varsa,
hər birisi
gözəlliyin, təmizliyin rəmzi kimi ucalsın qoy!
Bir ismətli xanım kimi yaşasın qoy!
Bir nurani nənə kimi qocalsın qoy!
Beşini də gözümüzü yerə dikib tanımayaq!
Hamısına Ana kimi səcdə edək!
Heç birini qınamayaq!
SƏNDƏN YADIGAR
Bu gün sənlə bağlı xatirələri
Gizlədim qəlbimin dərinliyinə.
Itirdim gözümdən bütün şeyləri
Təkcə bu dördünə qıymadım yenə:
Bir görüş gecəsi sənə verdiyim,
Şirin öpüşlərlə sevindirdiyim,
Əyninə əlimlə geyindirdiyim,
Bir köynək saxladım səndən yadigar...
Hər bir sətirini baş sayacağım
Sinəmin üstündə daşıyacağım,
Təsəllisi ilə yaşayacağım
Bir məktub saxladım səndən yadigar...
Qəlbindən nur kimi axıb süzülmüş,
Misilsiz incitək sapa düzülmüş,
Sevgimiz naminə mənə yazılmış
Bir şeir saxladım səndən yadigar...
Elə ilk görüşdən sənə vurulmuş,
Sonsuz həsrətindən yanıb qor olmuş,
Yalandan, tənədən bezib yorulmuş
Bir ürək saxladım səndən yadigar...
Bu gün sənlə bağlı xatirələri
Gömdüm ürəyimin dərinliyinə.
Olən ümidlərin boş qalıb yeri...
Bu dördlük içində tənhayam yenə...
BU NÖMRƏYƏ ZƏNG ÇATMIR!
Rəfiqəm jurnalist Tünzalə Vəliqızı üçün
Köksünə məni sıxıb özcə üçün darıxan,
Gözləmədiyim anda əllərimi buraxan,
Arxa durmaq yerinə, bəzən büdrədib yıxan...
Sabahında bəlkələr,
Keçmişində kölgələr,
Bu günündə yalanlar,
Həyatında hesabsız, insan cildli ilanlar...
Daş ürəyin yiyəsi!
Bu qılıqla, bu şəstlə,
Bir kimsədə olmayan gözəlliklə, həvəslə,
Şeir dolu nəfəslə
Niyə gəldin ömrümə?
... Əlvida söyləyirəm
Içimdə yana-yana!
Eşqimi dana-dana bu oyundan çıxıram!
Sənə bir də aldanıb “canım” deməyim deyə
Dişlərimi sıxıram.
Çox heyif!
Sevməyəcəm səndən özgə bir kəsi!
Cansız telefonumtək susub qəlbimin səsi.
İstəyirsən söyləyim, mənsiz neyləyəcəksən?!...
Qurtula bilsən əgər “şeytanların” əlindən
Yerimi çəkəcəksən...
Solub gedən dünyana elə dərd əkəcəksən.
Yığacaqsan xaincə unutduğun nömrəmi,
İllərin arasından məni səsləyəcəksən,
Cavab gözləyəcəksən...
Deyəcəksən: “Bu eşqsiz həyat könlümə yatmır!”
Amma yoxam mən daha dəstəyin o başında...
Yalnız eşidəcəksən:
Bu nömrəyə zəng çatmır...............
Bu nömrəyə zəng çatmır...............
BİZİM YOLUMUZ
Gedirik, nəfəslər qarışır yelə,
Həyat tabloları ötüşür tək-tək.
Uzun bir yol durur qarşıda hələ,
Vüsala yetməyə tələsir ürək.
Bu yolun sonunda nələr var, nələr...
Hər an ömrümüzə bir iz salacaq.
Acılıb getdikcə ağ səhifələr
İllərin yükünü unutduracaq.
Qəlbimdə yaralar olsa da dərin,
Sındıra bilməmiş məni bu zülüm.
Sevilmək duyğusu necə də şirin,
Sevməksə ondan da gözəlmiş, gülüm!
Nədən gələcəyi dərd eləyək biz?
Hər şeyi, hər şeyi zamana burax!
Bütün yol uzunu sən, mən - ikimiz...
Xoşbəxtliyə bax!
ARTIQ NƏ ZAMANDIR
Səni düşündükcə xəyalım çaşır,
Ürəyim bir ayrı dünyada qalmış.
Ruhum divanətək gəzib dolaşır,
Ümidim bir dəli fəryada qalmış.
Yenə də düzülüb günlər sıraya...
Keçilməz sədd çəkib həsrət araya.
Məhəbbət çiçəyim düşüb səhraya,
Bəxtimin üzüyü dəryada qalmış.
Baş-başa qalaraq qüssə-qəmimlə
Səni səsləyirəm nəğmələrimlə.
Ayrılıq ömrünü sürür mənimlə,
Vüsalım o sənli röyada qalmış.
UDUZMAQ ISTƏYIRƏM
Yadındamı,
“Hansımız daha çox sevirik” - deyə
Yarışırdıq...
Zarafatla küsürdük, barışırdıq...
Səbəblər sadalayırdım,
bir-bir nidalayırdım….
Sənsə yenə də “Mən” deyirdin.
“Mən səni daha çox sevirəm” deyirdin.
Bu şıltaq mübahisədə
hər zaman qalıb gəlmək istəyirdin.
Bir də başlayaqmı?
Mən sənin sevgin oldum,
sənsə mənim ömürlük sevdam...
Mən sənin günəşin oldum,
sənsə mənim bütün dünyam...
Mən sənin ürəyin oldum,
sənsə mənim mənəviyyatım...
Mən sənin bircə əsərin oldum,
sənsə mənim bütün ədəbiyyatım...
Kim daha çox sevirmiş səncə?
Yenə də "Mən" de!
Uduzmaq istəyirəm...
YƏQİN, BİLİRSƏN
Qızılı ay baxır siyah duvaqdan,
Qərib kölgə düşür şahid qovaqdan.
Bir sirli meh əsib dolur qəlbimə,
Sənə zəng etməyə bəndəm bir himə,
yəqin, bilirsən...
Eyvanım altında iki bəxtiyar...
Qarşı eyvandasa iki ixtiyar...
Səssilik gecənin canına hopur,
Sənsiz ürəyimdə bir fəryad qopur,
yəqin, bilirsən...
Xöşbəxtlik tez ötür, bircə an kimi...
Necə də uzaqsan... asiman kimi...
Tamam yadlaşırıq buz olanda biz!
Sənin əlindədir gələcəyimiz,
yəqin, bilirsən...
Gəl, canım, hicranı salaq kəməndə,
Qovaq da şad olur bizi görəndə.
Son görüş yerində görüşək yenə,
Həsrəti yandıraq! .....................
Niyə deyirəm,
yəqin, bilirsən...
DÜZÜLÜB GEDIR
Ürək intizardan üzülüb gedir,
Məhəbbət ilmətək çözülüb gedir.
Qəribə bir zəncir düzülüb gedir –
Sən onu sevirsən, o da özgəni...
Onsuz ilə dönür ömrün hər anı,
Zəifsən, bu dərdin yoxdu dərmanı.
Sərsən də önünə bütün dünyanı –
Sən onu sevirsən, o da özgəni...
Yorsan da gözünü yolunun üstə,
Dönsən də sağının, solunun üstə,
Yazsan da adını qolunun üstə,
Sən onu sevirsən, o da özgəni...
Nə nidan bitməyir, nə də ki, sorğun...
Bəlkə də o, səndən daha da yorğun?!
Onun da sevdiyi kiməsə vurğun...
Sən onu sevirsən, o da özgəni!
AZAD ELİM – AZƏRBAYCAN!
Bu qan yerdə qalan deyil! M. İsmayıl.
Ulu Yurdum, ellərinin əskik olmur heç bəlası,
Bu döyüşlər, bu vuruşlar, bu ayrılıq-köç bəlası...
Öz gücünü göstərməsə bu torpağın qoç balası
Sabahımız bağışlamaz!
Yerdə qalmır tökülən qan!
Tarixlərə həkk olunsun azad elim Azərbaycan!
Nə biləcək yurd qədrini, - keşiyini çəkməyənlər,
Öz müqəddəs torpağında bircə ağac əkməyənlər!
Ucalarmı şəhidliyə bir damla qan tökməyənlər?
“Ana Vətən” kəlməsindən sinələrə sığışmaz can!
Tarixlərə həkk olunsun azad elim Azərbaycan!
Ürəyimiz param-parça, köksümüzdə şəhid dağı!
Bülbülümün vətənində yuva qurub bayquş yağı.
Hardasınız, ər igidlər, geri alın Qarabağı!
Qalibiyyət xəbərini qoy eşitsin bütün cahan!
Tarixlərə həkk olunsun azad elim Azərbaycan!
OVUCUNDAYIQ
Ömür daş qəlibdə, günlər qanadlı,
Yenilməz bir dağın yamacındayıq.
Dərd var içimizdə - ayrılıq adlı...
Hərəmiz dünyanın bir ucundayıq.
Həyat var, sevinci sığır bir ana,
Sevinc var, dar gəlir cümlə-cahana.
Yaşayıb dözürük çox imtahana,
Kim bilir, Tanrının nə sucundayıq?!.
Arzular qismətlə durur üz-üzə,
Bəzən də çevrilir şeirə, sözə...
“Azad ol” söyləyir xəyallar bizə,
Əfsus ki, taleyin ovucundayıq!
CANİM VƏTƏN!
Övladları dərbədiyar,
Torpaqları dağım-dağım,
Ümidləri param-parça olan Vətən!
Gözü yolda,
Ümidləri bircə zəfər harayında
qalan Vətən!
Aqrıların necə yaman,
Yaraların necə dərin!
Hanı sənin igidlərin,
Hanı sənin ərənlərin!
Ağlasığmaz bu dərdlərin,
dəhşətlərin,
vəhşətlərin
öhtəsindən necə gəldin,
Anam mənim?!
Doğma diyar!
Talesizim!
Hər bir şəhid balanın da öz yeri var
sənin böyük ürəyində -
sızıldayır sızım-sızım!
Bilirəm mən...
Canım Vətən!
Anasını qorumayan oğulları doğan Vətən!
Kədərini ağartmayıb sinəsində boğan Vətən!
Övladları dərbədiyar,
Torpaqları dağım-dağım,
Ümidləri param-parça olan Vətən!
SƏN GƏLƏLI... BAHARA AÇILIR PƏNCƏRƏM...
Tənhalığımla qonşu olmuşdum.
Bir birimizə öyrəşmişdik...
Nə o məni bacardığından daha artıq incitmirdi,
nə mən onu azarlamırdım.
Olmaz axı... Birlikdə ömür sürəcəkdik, birlikdə öləcəkdik ...
Həsrətimin soyuqluğuna bürünürdüm...
Səssizliymlə pıçıldaşaraq uyuyurdum...
Günəş çıxırdı, günəş batırdı...
Və bu məndən xəbərsiz həyat axınında hər şey adiydi, sönükdü.
Gəzməyə çıxdığım parkla tanış olmuşduq. Bir-birimizi görüncə sakitcə gülümsünürdük.
Yenəmi sən? - deyə soruşurdu yarpaqların xışıltısı?
Yenə də mən... - deyə başımı tərpədirdim...
O günədək hər şey adiydi.
Gördüyüm insanlar da,
ötürdüyüm günlər də...
Gözlərim yazıların arasında sətirlərinə rastlaşıncayadək...
Görə biləcəyimi xəyal belə etmədiyim üzünü görüncəyədək - adiydi həyat.
...Sən gələli başqa mənzilə köçdü tənhalığım.
Sən gələli hər gün bahara açılır pəncərəm.
Sən gələli küləklər özüylə doğma bir nəfəs gətirir - Vətən qoxulu!
SABAHA SAXLAMA!
İşlərin çoxluğundan çox şeyi unudursan bəzən.
Barmaqlarım arasından süzülüb gedən su kimisən...
Bu get-gəllər arasında səni gözləyən də var,
Sənin şəfqətinə, hənirinə ehtiyacı olan da...
Dayan bir az, nəvaziş göztər,
Sabaha saxlama!
Bax, artıq payız da gəlir.
Bahar sənsən, xəzan mən...
Tökülən yarpaqlar arasında itirdiyim nələr var, bir bilsən...
Yoxluğun da nə soyuq, nə titrəkdir...
Gəl, hardasansa indi gəl!
Sabaha saxlama!
Susma, susduqca susur insan...
Sənin üçün quş tək ötür, mənim üçünsə bitmir zaman...
Səssiz saatlar, qəqiqələr ömrümüzdən gedir.
Susduqca, hər an qəlbimdə bir zərrə inam yox olur, itir...
Susma, qəlbindəkiləri mənə söylə...
Sabaha saxlama!
Mən gözləyərəm, səni gözləmək savabdır.
Mən dözərəm, bilsəm də ki, bu əzabdır.
Yuxusuz da qalaram - bir kəlməni eşitmək üçün.
Hara desən gələrəm - səni görmək üçün.
Amma çağır, çağır, eşidirsənmi?
Xoş sözlərinin arxasında boranlı bir qış gizlətmə!
Qaytar Günəşimi!
Ömrümə yaz gətir!
Sabaha saxlama!
Sabaha saxlama!
GƏL!
Bilirsənmi...
Sabahları axşam etdiyimdə batan günəşə üz tuturam hər dəfə.
Sarmaşıqlar arxasından baxdığım pəncərəm dualarımın şahididir.
Göy üzü - gümanım,
günəş - ümidimdir.
Sevgim - həyatım,
sənsə həyatımın anlamısan...
Gözləyirəm...
Gecələr uzun olsa da, bir kiçik şam belə qəlbimi işıqlandırmağa yetər –
Sən varsan deyə!
Səmaları bürüyən qaranlıqlar, çaxan şimşəklər bir ümid qığılcımından qorxar...
Əsən küləklər, sovrulan yellər bitər və tükənər, ümidimsə tükənməz...
Həsrət usanar, ayrılıq yorular, mürgüləyər - gözlərimsə yorulmaz, səni gözləyər.
Gəl!
Nəfəsimdən tərləmiş aynalara yazdığım adın silinməmiş gəl!
Tələs!
Qaranlıqlar üzərində bir şimşək kimi parla, dəli bir yel kimi həsrəti qov, al apar bizdən uzaqlara...
Günəıim ol!
Buza dönmüş qəlbimi isit, həyat ver yenidən...
Nigaranam... gecikmə... zamanım az qaldı...
Dualarım sənədir, eşidirsənmi?
- Yorum yapmak için giriş yapın