“BIZDƏ ƏDƏBI TƏNQID SIFARIŞLI YAZILARDIR”- MÜSAHİBƏ
Sultan Mərzili: “Yaşlı adamların xətası daha pisdir”
-Sultan Mərzili ədəbiyyata illərini xərcləmiş adamdır. Ancaq bu gün Azərbaycan ədəbiyyatında şairliyin ciddi görkəmini dağıdan amillər var. Bu, sizi bir şair kimi nə dərəcədə narahat edir?
- Ədəbiyyatla ciddi marağım yarım əsrdən artıq bir dövrdür. Müasir dövrdə kürələşmə, qloballaşma nəinki ədəbiyyatı, demək olar ki hər sahəni öz klassik çərçivəsindən çıxarıb yeni axına salır. Kağız kitabdan elektron kitaba, qəzet və jurnallardan saytlara və sosial şəbəkələrədək geniş əlaqə imkanları var. Əlbbəttə, bu bizi vərdiş etdiyimiz cığırdan çıxarır, amma zamanın tələbi ilə uyğunlaşmaqdan başqa yol qalmır.
-“Siyasətə qarışmıram” deyib, kənara çəkilmək şairin subyektiv fikridir, yoxsa, təcrid olunmaq qorxusu?
- Əslində ideal halda sənət siyasətdən kənar olmalıdır, sənətin siyasətə qarışması heç vaxt yaxşı nəticə verməyib. Bu ta qədimlərdən belədir. Nəsimidən Nazim Hikmətə qədər. Elə indiki şairlərimizdən Saday Şəkərli və Tofiq Həsənli də siyasi görüşlərinə görə həbs olunduğu sirr deyil. Amma insanda vicdan deyilən bir daxili hakim də var ki, onu kənara çəkilməyə qoymur. Bu mənada ideal olaraq, “sənət sənət üçündür” prinsipi əlbəttə, daha yaxşı olardı. Lakin siyasətçilər də sənətin təsir gücünü bilməmiş deyillər, ona görə onu öz məqsədləri üçün yönəltməyə çalışırlar. Mükafatlar, təltiflər, fəxri adlar və s. Sənət yalnız azad, demokratik cəmiyyətə siyasətdən uzaq ola bilər, qalan halda istər-istəməz bir mövqe tutmalıdır.
-Oxuduqca poeziyanızda sərtlik duyulur. Bunun səbəbi nədir?
- Mən deməzdim ki, bütün şeirlərimdə bir sərtlik var. Yazılarım forma və məzmunca kifayət qədər rəngarəngdir. Təbiət şeirləri, sevgi və qürbət hissləri, itirilmiş torpaqlarımızın ağrısı, sentimenttal lirikadan tutmuş, fəlsəfi didaktik məzmuna, ironik və yumoristik formaya qədər müxtəlif üslublarda var. Dövlətçiyimizə və millətimizə qarşı olan hər şeyə qarşı sərtəm, qalanına güzəşt olar.
- Sizin üçün şairin xüsusi bir obrazı varmı?
- Şair deyəndə ilk olaraq xəyalıma Mikayıl Müşfiq, Əli Kərim və Füzuli gəlir. Əslində bütün həyatım belə bir obrazı yaratmağa sərf olunub.
- Azərbaycan ədəbiyyatının "Nobel"ə niyə əli çatmır?
- 70- ci illərdə mən ədəbiyyatda ilk addımlarımı atanda o qənaətə gəlmişdim ki, bizim nəsildən kimsə “Nobel” mükafatı səviyyəsinə yüksələ bilər, çünki o dövrdə ədəbiyyatımızda Əli Kərim, Məmməd Araz, Hüsey Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Musa Yaqub və s. kimi çox ciddi şairlərimiz vardı və onlardan sonrakı mərhələ artıq dünya səviyyəsinə qədəm qoymalı idi…
Bir də deyim ki heç bir mükafat verilmir, onu müəyyən mənada alırlar, yəni işin bürokratik tərəfləri də var. İdmanda bir olimpia çempionuna sərf olunan vəsaitin yarısı qədər maddi dəstək olsa, onu da etmək olar.
- Söz var adamı ucaldır, söz var adamı gözdən salır. Sözü ilə gözünüzdən düşən gənc şairlər varmı?
- Söz adamın elə sözü boyda olur. Gəncliyin xətası olsa da onun islah olunmaq, səhvini düzəltmək şansı, o səbəbdən onlara müəyyən güzəşt də var. Gənclikdə maksimalizm, özünəinam, avtoritetləri inkat etmək təbiidir, amma gərək onun qarşısında nəsə edə biləsən. Yaşlı olanların xətası isə daha pisdir, çünki zaman əldən çıxır.
-Bu günkü ədəbi tənqid Sultan Mərzilini nə dərəcədə qane edir?
- Necə deyim, olanına şükür! Ədəbi tənqid kənardan göründüyü kimi asan iş deyil! Ədəbi prosesi izləmək, saf-çürük etmək, proqnozlaşdırmaq, həm də dünya ədəbiyatından da xəbərdar olmaq böyük zəhmət tələb edir. Az istisnalarla Azərbaycan ədəbi tənqidi sifarişlə yazıla yazılardı. Çünki gerçək tənqidlə məşğul olmağa hər kəsin imkanı olmur, nə maddi, nə də mənəvi. O səbəbdən bir növ yaradıcı adam həm də özü-özünün tənqidçisi kimi olmalıdır. Çünki səni kəşf edəcək Belinskini gözləmək vaxtı keçib.
-Mütləq ki şeirlərin ünvanı var. O ünvan köhnə olsa da belə...
- Üzümü tutsam da torpağa, daşa,
Mənim hər şeirimin ünvanı sənsən!
Sənsən, o çıxan gün, o batan ay da,
Yağış da, külək də, batan haray da…
Bu mənim gənclik şeirlərimdən yadımda qalan misralardır… Ünvan konkret olur, amma zamanla ümumiləşdirilir, simvola, obraza çevrilir….
- Yaxın gələcəkdə oxucularınızı hansı ədəbi nümunələrlə sevindirəcəksiniz?
- Ötən il Moskvada “Heroqliflər” adlı şeirlər kitabım nəşr olunub. İnşallah, ömür vəfa etsə, uşaqlar üçün şeirlər, gənclər üçün hekayələr, həmçinin poeziya nəzəriyyəsi və ədəbi-tənqidi yazılarımı kitab halında nəşr etdirmək fikrim var.
Sonda qəzetinizin bütün oxucularına, ədəbiyyatı sevənələrə salamlaırmı və sayqılarımı bildirirəm.
Müsahibəni apardı: Əntiqə Səməndər
10.09.2016.
- Yorum yapmak için giriş yapın