ŞAIR VÜQAR RAHI
“Şəhriyarın qonaqları” rubrikasının bu dəfəki qonağı, gənc şair Vüqar Rahidir. Vüqar Rahi Azərbaycan ədəbi mühütündə azda olsa tanınan istedadlı sairdir. Onun “ Mənə bir az ondan danış” şeri son illərdə populyar və sevilən poezira nümunəsidir. Hazırda bu şerə bəstəkarlarımız bir neçə mahnı bəstələmiş və bir çox tanınmış müğənnilər tərfindən ifa olunmuşdur.Bir neçə şairlər bu şerə nəzirə yazmışlar.
Gənc şair yaradıcılığında şeirin qəzəl janrına üstünlük verir. Onun qələmə aldığı qəzllər bu gün tanınmış xanəndələr tərəfindən sevilir və məharətlə ifa olunurlar. Şairin yaradıcılığına nəzər saldıqda onun elmi-fəlsəfi fikirləri həm də gözəl poetik duyğuları adamı valeh etməyə bilmir. Rahinin qəzəlləri öz şirinliyi,səmimiliyi ilə böyük qəzəlxanımız Əliağa Vahidi xatırladır və onun puhuna uyğun gəlir. Ona görə də mən çəkinmədən Vüqar Rahini qüdrətli qəzəlxan Əliağa Vahidin layiqli davamçısı adlandırardım.
Vüqar Rahinin qısa tərcümeyi- halını diqqətinizə çatdırmaq istərdim.
Fərmanov Vüqar Xankişi oğlu(Rüqar Rahi) 13 avqust 1979–cu ildə Sumqayıt şəhərində müəllim ailəsində dünyaya göz açıb. 1996-cı 2000 –ci illərdə Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsində təhsil alıb.Ədəbi mühütdəki mövqeyinə və yaradıcılığına görə “Müşfiq” mükafatına layiq görülüb. O Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şerləri ölkə mətbuatı ilə yanaşı qonşu Rusiya və Türkiyə dövlətlərinin mətbu orqanlarında dəfələrlə işıqlandırılmışdır. “Mənə Bir Az Ondan Danış” adlı (2014 –cü il) şerlər kitabının müəllifidir.Hazırda İkinci kitabı çapa hazırlanır.
Vüqar Rahinin yaradıcılığından bir neçə şeri sizlərə təqdim edirəm.
MƏNƏ BİR AZ ONDAN DANIŞ...
Mənə bir az ondan danış,
Az da olsa yaşat məni.
Çox dolmuşam, için – için
Bir az ağlat, boşalt məni.
Yaman sıxır həyat məni...
Mənə bir az ondan danış...
Duruşundan, yerişindən,
Şirin – şirin gülüşündən,
Gəlişindən, gedişindən –
Bacardıqca hər işindən,
Nə bilirsən axır çalış,
Mənə bir az ondan danış...
Başın necə qatmağından,
İstəyinə çatmağından,
Hər gün bir az öldüyümdə
Gecə rahat yatmağından,
Məni necə atmağından...
Mənə bir az ondan danış...
Söylə, neynir can yoldaşım?!
Qısqanclıqdan coşum – daşım,
Qoy lap quru söznənsə də
Özümü itirim, çaşım,
Ona yenə yaxınlaşım...
Mənə bir az ondan danış...
Danış, təbim dilə gəlsin,
Hər bir sözün bağrım dəlsin,
Qoy içkisiz, qoy içmədən
Ruhum bir az məzələnsin.
Xatirələr təzələnsin...
Mənə bir az ondan danış...
Qaytar mənə xətir məni,
Qaytar, mənə gətir məni,
Al onsuz bir gələcəkdən,
Keçmişimdə itir məni,
Danışdıqca bitir məni...!
Mənə bir az ondan danış...
Hicran pozub düzənimi,
Sarıb şeir – qəzəlimi,
Deki; təsəllim öpməkdi
Ondan yazan öz əlimi.
Görərsənsə gözəlimi,
Ona bir az məndən danış...
SƏN...!
Böyüklüyün zərrələrə bölünübdü yenə bu gün,
Hara getsəm, harda olsam rast gəlirəm sənə bu gün,
Ya sənə bir şey olubdu, ya bilmirəm mənə bu gün
Nə olub ki, dayanmadan eyni kəsi mən görürəm?!
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.
Deyirsən ki, unut məni, bu eşqi ver yelə, gülüm,
Cəhd edirəm, cəhdlərim var mən də edim elə, gülüm,
Mən neynim ki, əgər ki, sən hər misradan belə, gülüm,
Gah mənə dil çıxarırsan, gah əl edirsən görürəm?!
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.
Nöqtələrim aciz qalıb, kəsəmmirəm qabağını,
Hər kəlməmdə gəzməkdəsən mən yazığın varağını.
Ürəyimə dağ çəkirsən öpdürərək ayağını
Misralara bilə – bilə, çünki görürsən görürəm.
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.
Göy üzünü üzün tutub, gözlərindən yağış yağır,
Eyni anda sənlər gəzir qənşərimdə ağır – ağır.
Nə deyirsən denən mənə, istəyirsən çığır, bağır,
Mən gözümə inanıram, nə qədər ki, mən görürəm,
Bu gün hara baxıramsa hər yerdə bir sən görürəm.
DAHA BİR ŞEİR DƏ YAZMAYACAĞAM
Daha bir şeir də yazmayacağam,
Qurtardım biryolluq şeirlə daha.
Həm niyə yazım ki, əgər burada,
Adi bir dəmir də qızıldan baha.
Daha bir şeir də yazmayacağam,
İçimdən sökəcəm şeirlərimi.
Yazmaq ağrılardan qurtulmaqdısa,
Gözümdən tökəcəm şeirlərimi.
Daha bir şeir də yazmayacağam,
Təriflər, alqışlar olmayacaqdır.
Yığıb yandıracam nə yazmışamsa,
Bircə şeirim də qalmayacaqdır.
Daha bir şeir də yazmayacağam,
Beləcə bitəcək bəlalarım da.
“Atam ŞAİR...” deyib utanmayacaq,
Başı dik gəzəcək balalarım da.
Mən də satacağam insanlığımı,
Mənim də hörmətim, pulum olacaq.
Rüşvət deyil deyə salam almayan,
Sənin tək qapımda qulum olacaq.
Səfasın çəkəcəm qalan ömrümün,
Nə qədər ki, sağam, nə qədər varam.
Nəyimə gərəkdi yalan ömrümün,
Sonunda heykələ çevriləm, qalam?!
Həm niyə yazım ki, əgər burada,
Adi bir dəmir də qızıldan baha.
Daha bir şeir də yazmayacağam,
Qurtardım biryolluq şeirlə daha!
DUR GEDƏK EVƏ
Bəsdir uyuduğun torpağın altda,
Dur, çiçək qoxulum, dur gedək evə.
Yatmaq istəyirsən gəl evdə yat da,
Dur, çiçək qoxulum, dur gedək evə.
Nə vaxt tərsliyindən usanacaqsan,
Atanı, ananı sən anacaqsan?
Bax, yağış da yağır, islanacaqsan,
Dur, çiçək qoxulum, dur gedək evə.
Yetər yaşatdığın bu qədər hicran,
Bir olan Allahın adıyla oyan!
Dur, ölüm səninçün, dur, atan qurban,
Dur, çiçək qoxulum, dur gedək evə.
***
Hərdən gəl apar ruhumu göylərdə dolandır,
Göylərdən uzaq düşmüşəm, ey gün, nə zamandır.
Könlüm belə zənn eyləməmişdim ki, qəm eylər,
Halim kimi, zalım qızı, hicrin nə yamandır?!
Fikrimdə də, qəlbimdə də sənsən gecə–gündüz,
Hərçənd ki, sevmək səni mənçün qadağandır.
Gör bir necə mənzil elədin qəlbdə, qəlbim
Min yol belə qırsan yenə səndən nigərandır.
Rahin səni bir ləhzə də əğyarə dəyişməz,
Haqqımda nə derlərsə, gülüm, bil ki, yalandır.
***
Qəmin, ey gül, ki, sənin durmadan hər dəm çəkirəm,
Elə zənn eyləmə bir dəm yorulub kəm çəkirəm.
Dediyim dəm daha mən çəkməyəcəm qəm, sözdür,
Bunu bir halda ki, mən həm deyirəm, həm çəkirəm.
Nə qanırsan ki, nədir qəm, ey edən qəm, bəri ver
Ki, heyifdir, qəmi bir gör necə aləm çəkirəm.
Necə gör əhli–vəfayəm ki, məni tərk eləmir,
Eləyir qamətimi, qəddimi qəm xəm, çəkirəm.
Düşə məndən də betər eşqdə bir halə görüm,
Eləyir zənn ki, hər kim məni çəm–xəm çəkirəm.
Məni mizan qılan qıldı bu bazari–qəmə,
Bu xuda əmridi ki, şamü səhər qəm çəkirəm.
Daği–hicran məni, Rahi, elə avarə qoyub,
Nə dilər can yana canım, nə də mərhəm çəkirəm.
***
Əgər can Yusifim istərsə dünyadə səfa görsün,
Gərək əvvəl düşüb zindanə bir müddət cəfa görsün.
Vəfasızdır deyə yar, olma sən də bivəfa, ey dil,
Nədir əhdə vəfa, göstər vəfa, qoy bivəfa görsün.
Üzüm gülzar tək daim ciyər qaniylə rəngindir,
Mənim simamı seyr etsin kim istər Kərbəla görsün.
Cəfadən bənd–bəndindən bədən bir ney tək ayrılmış,
Cahan könlüm nəvasında həvayi–Neynəva görsün.
Yarıb zülmətləri çıx nura, yetdin qırxa çün, Rahi,
Qəzəldə xəlq, kimdir qoy Mühəmməd Müstəfa, görsün!
Yaşar Süleymanlı; Şair, Şəhriyar ədəbi-mədəni cəmiyyətinin üzvü.
- Yorum yapmak için giriş yapın