ŞAIR-JURNALIST AQIL KƏNGƏRLI
“Şəhriyarın qonaqları” rubrikasının budəfəki qonağı Azərbaycanda yaşayıb yaradan, şair-jurnalist Aqil Kəngərlidir.
Aqil Kəngərli 1972-ci ildə Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olub.O dünyaya göz açmamışdan qabaq valideynləri 1949-cu ildə zorla öz dədə-baba yurdları olan qərbi Azərbaycandan deportasiya olunmuşlar.
Aqil Kəngərli 1995-ci ildə Bakı Dövlət Universitetini, 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. Tarixçidir.
Müxtəlif dövrlərdə “Azərbaycan nəşriyyatı”nda ,müxtəlif qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmiş, müxbir,şöbə müdürü,redaktor işləmişdir.Hazırda Göyçay şəhər 7 saylı tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini işləyir.
6 şeirlər kitabının,800-dən artıq məqalələrin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.Eyni zamanda İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür.
“Qızıl qələm” ,“ Həsən bəy Zərdabi”, “Xəmsə” , “ Xalqın nüfuzlu ziyalısı”,“Vicdanlı qələm” və.s. diplom və fəxri fərmanlarla təltif olunub.
Ayrı-ayrı ölkələrdə nəşr olunan “Avrasiya şairləri antologiyası”nda və “XX-XXI əsrin yaradıcı və ziyalı insanları” toplusunda haqqında geniş məlumat ,eyni zamanda şeirləri verilmişdir. Bir neçə şeirinə mahnı bəstələnmişdir.
Aqil müəllimin şerlərində cəmiyyətin ağrı- acısı, torpağa bağlılıq, millətin dərdi özünü daha qabarıq biruzə verir və bu şerlərdə Şairin ruhunun sızıltısı duyulur.Elə bu baxımdan şairin poeziyası ilə daha yaxından tanış olmanız üçün onun bir neçə şerini sizlərə təqdim edirik.
DÜNYA MÜƏMMADIR
Dünya müəmmadır,sirrin açan kim?
Astarı üzünə gəlməyir uyğun.
Ha vurdum,ha böldüm,düz gətirmədim,
Həlli tapılmadı bu məchulluğun.
Min illər dövr edib belədən belə,
Yenə öz yolunda,gərdişindədir.
Kimini şah edir,kimini kölə,
Hələ də əvvəlki vərdişindədir.
Bağlayır əllərin,açır qucağın,
Bəzən acı olur,bəzən bal dadır.
Hazır saxlayıbdır “çəngəl-bıçağ”ın,
Elə bil iştahı diş altındadır.
Gecəsi,gündüzü,Ayı,Günəşi,
Bir ayrı ziddiyyət,ayrı tapmaca.
“Dondurar” yay fəsli,”yandırar “qışı,
Dərk edib sirrindən baş açmadıqca.
QOY ELƏ YAĞSIN Kİ, BU YAZ YAĞIŞI...
Qoy elə yağsın ki, bu yaz yağışı,
Özüylə nur töksün, sevinc gətirsin.
Silib ürəklərdən nifrət, qarğışı,
Yerində gül əksin, çiçək bitirsin.
Qoy elə yağsın ki, bu yaz yağışı,
Paslı fikirlərin kiri tökülsün.
Dayansın qardaştək hamı yanaşı,
Dövlətlərarası sərhəd sökülsün.
Qoy elə yağsın ki, bu yaz yağışı,
Yerdə taxıl bitsin, sünbülü dən-dən,
Analar tökməsin acı göz yaşı,
Körpələr qorxmasın mərmi səsindən.
Qoy elə yağsın ki, bu yaz yağışı,
Bəlkə arzularım cücərə yerdən.
Qəm- qüssə görməyək hər addımbaşı,
Bəlkə uzaq olaq dərddən, kədərdən.
Qoy elə yağsın ki, bu yaz yağışı,
İnsanlar məəttəl qalsın səsinə.
Yuyub təmizləsin, olan-olmuşu,
Bəlkə qüsül verə Yer kürəsinə.
BİR YOLUN YOLÇUSUYAM
Bir yolun yolçusu olmuşam çoxdan,
Bilmirəm, bu yolun sonunda nə var?
Görünmür bir işıq, bir nur qabaqdan,
Bilmirəm, bu yolun sonunda nə var?
Bürüyüb özünə xəyallar məni,
Şübhəli, şübhəsiz suallar məni,
Haraya aparır bu yollar məni?
Bilmirəm, bu yolun sonunda nə var?
Əzəldən sirr olub, sirrdir bu aləm.
Bir üzü sevincdir, bir üzüsə qəm.
Axırı cənnətdir yoxsa cəhənnəm?
Bilmirəm, bu yolun sonunda nə var?
Haqq yolu sanaraq gedirəm əlbət,
Qəlbimdə Tanrıya sonsuz məhəbbət,
Bu yolun əvvəli bəla, müsibət,
Bilmirəm, bu yolun sonunda nə var?
BU GÖZƏLİN NƏ DƏRDİ VAR, GÖRƏSƏN?
Dilindədir yüz naləsi,min ahı,
Bilməyirəm,nədir suçu,günahı,
Hey səsləyir peyğəmbəri,Allahı,
Bu gözəlin nə dərdi var,görəsən?
Gözlərindən tökülür yaz yağışı,
Qüssə dolu,kədər dolu baxışı.
Yeri,göyü yandıracaq qarğışı,
Bu gözəlin nə dərdi var,görəsən?
Kim dağ çəkib,kim qanadıb yarasın,
Yarı ölüb,itiribmi balasın?
Kim incidib,Tanrı versin bəlasın,
Bu gözəlin nə dərdi var,görəsən?
Rəngi qaçmış,qəm içində boğulmuş,
Bir gecədə qara saçı ağ olmuş.
Bəlkə yurdu,el-obası dağılmış,
Bu gözəlin nə dərdi var,görəsən?
Çarəsizdir,bilməyir ki,neyləsin,
Yardım etsin,kimsə kömək eyləsin.
Bilən varsa,bir mənə də söyləsin,
Bu gözəlin nə dərdi var,görəsən?
BİR QIZ GƏLİN KÖÇÜR ATA EVİNDƏN
Yanında durmayıb bir dayı,əmi,
Qüssədir,kədərdir,yaxın həmdəmi.
Cehiz əvəzinə yığıb dərd-qəmi,
Bir qız gəlin köçür ata evindən.
Ata məzardadır,ana məzarda,
Qardaşsa həbsdə,çətində,darda,
Qışı xatırladan bu ilk baharda,
Bir qız gəlin köçür ata evindən.
Çəkdiyi,gördüyü ağırdan ağır,
Yanağı aşağı göz yaşı axır.
Çıxdığı bu evə ah çəkib baxır,
Bir qız gəlin köçür ata evindən.
Hıçqırıq duyulur incə səsində,
Kimsəsi yox,xeyir-dua desin də.
Elə özgələrin əhatəsində,
Bir qız gəlin köçür ata evindən.
Göstərmir təsirin,düzəlmir halı,
Hər qızın arzusu olan “Vağzalı”.
Çox-çox uzaqlara gedib xəyalı,
Bir qız gəlin köçür ata evindən.
Qəlbində min yanğı,köz tutub gedir,
Başını dik tutub,düz tutub gedir.
Bəlkə xoşbəxtliyə üz tutub gedir,
Bir qız gəlin köçür ata evindən.
DOSTLAR
Hər cürə dostları gördüm həyatda,
Var badə dostları,çörək dostları.
Xoş gündə sənlədir,çətin saatda,
Elə bil aparıb külək dostları.
Kimi nəzər tutdu,göz aldı, getdi,
Kimi vəzifəyə iz aldı,getdi.
Gün-gündən seyrəldi,azaldı,getdi,
Axırda tək qaldı ürək dostları.
Kimisi utandı öz ad-sanından,
Kiminin bir manat çıxmaz canından.
Kiminin xainlik axdı qanından.
İblis kimi gördüm mələk dostları.
Biri payız oldu,o biri qışdı,
Biri harda aşdı,o yerdə başdı.
Hərəsi başqa cür yaradılışdı,
Beləmi xəlq edib fələk,dostları?
Kimi nəfsi iti,qəlbi kir oldu,
O biri sonacan gizli,sirr oldu.
Yeyib içən anda bəbir,şir oldu,
Sonra tülkü gördüm pələng dostları.
Vətənçün yaddırsa başı,ürəyi,
Fitnə -fəsaddırsa işi,ürəyi,
Əgər daşımırsa kişi ürəyi,
Dostlar sırasından silək “dost”ları.
Üzməsin heç səni ayrılıq,nisgil,
Həyatın belə bir qaydasıdır, bil.
Özün günahkarsan,özün,ay Aqil,
Yaxşı tanıyaydın gərək dostları.
SEVMƏMƏK OLARMI, AZƏRBAYCANI ?
Hər daşı, qayası, müqəddəs ,əziz,
Hər oğlu , hər qızı kükrəyən dəniz,
Nə qədər doğmadır mənə bilsəniz,
Onsuz keçməyibdir ömrün bir anı,
Sevməmək olarmı, Azərbaycanı ?
Geniş səmasında bir quşam onun,
Qoynunda qol-qanad atmışam onun,
Halal çörəyini dadmışam onun,
Odur bağışlayan mənə ad-sanı,
Sevməmək olarmı, Azərbaycanı ?
Yad əl çox uzanıb bu yurdun üstə,
Çaqqallar ulayıb Boz qurdun üstə,
Dözüb, əyilməyib lap son nəfəsdə,
Axıb bu torpağa saf şəhid qanı,
Sevməmək olarmı, Azərbaycanı ?
Çevir tarixini bax varaq - varaq,
Xəyanət sarsıdıb bu xalqı ancaq,
Bir gün püskürəcək, bir gün qalxacaq,
Yaxar xainləri qəzəb vulkanı,
Sevməmək olarmı, Azərbaycanı ?
Yaşar Süleymanlı; Şair, “Şəhriyar” Ədəbi-Mədəni cəmiyyətinin üzvü.
- Yorum yapmak için giriş yapın